Mustafa Çəmənli: Xurşidbanu Natəvanın zəngin irsi gələcək nəsillərə çatdırılmalıdır

Azərbaycan mədəniyyəti tarixində elə şəxsiyyətlər var ki, onların adı təkcə yaşadıqları dövrü deyil, bütöv bir xalqın mənəvi yaddaşını işıqlandırır. Qarabağın sonuncu xanı Mehdiqulu xanın qızı, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvan da məhz belə simalardandır. Şairənin zəngin poeziyası, maarifçiliyə verdiyi töhfələr, eləcə də zərif əl işləri bu gün də tədqiqatçıların və ədəbiyyatsevərlərin böyük marağına səbəb olur.

Yazıçı-publisist Mustafa Çəmənli AZƏRTAC-a müsahibəsində Natəvan haqqında tərtib etdiyi kitabların tarixçəsindən, şairənin rəssamlıq və tikmə sənətinə olan marağından, Qarabağın ədəbi mühitində oynadığı roldan, eləcə də onun zəngin irsinin gələcək nəsillərə çatdırılması istiqamətində apardığı araşdırmalardan ətraflı bəhs edib.

“Natəvan nə üçün bizə əzizdir? Nə üçün Azərbaycan xalqı onun qədrini, qiymətini bilir? Çünki o, təkcə gözəl şairə deyil, həm də xalqına xidmət etməyi həyat amalına çevirmiş böyük şəxsiyyətdir”, – deyə Mustafa Çəmənli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlar bu görkəmli şəxsiyyətin irsinə dövlət səviyyəsində verilən yüksək dəyərin göstəricisidir. Xüsusilə 2022-ci ildə Natəvanın 190 illik yubileyinin qeyd olunması ilə bağlı keçirilən tədbirlər onun zəngin irsinin daha geniş təbliğinə xidmət edib.

Mustafa Çəmənli qeyd edib ki, Xan qızı Natəvan XIX əsrdə Şuşaya 7 kilometr məsafədən su kəməri çəkdirib, şəhərdə park saldırıb, xeyriyyəçilik fəaliyyəti ilə insanların rifahına xidmət edən çoxsaylı işlər görüb. O, həmçinin Qarabağın ədəbi mühitinin formalaşmasında mühüm rol oynayıb, rəhbərlik etdiyi “Məclisi-üns” isə dövrünün ən nüfuzlu ədəbi məclisinə çevrilib.

Natəvan haqqında arxiv sənədlərinə əsaslanaraq yazılmış ən dəyərli tədqiqatlardan birinin müəllifi filologiya elmləri namizədi Bəylər Məmmədovdur. Onun 1983-cü ildə nəşr olunan “Xurşidbanu Natəvan” monoqrafiyası şairənin həyatını, yaradıcılığını, yaşadığı dövrün ictimai-siyasi hadisələri fonunda fəaliyyətini və həyata keçirdiyi xeyriyyəçilik işlərini tarixi faktlarla əhatəli şəkildə təqdim edir. Əsərdə “Məclisi-üns”ün fəaliyyəti də geniş işıqlandırılıb.

Bəylər Məmmədov daha sonra 1989-cu ildə “Yazıçı” nəşriyyatında “Natəvanın şair qohumları” kitabını nəşr etdirib. Mustafa Çəmənli həmin kitabın yaranma tarixçəsini belə xatırlayır: “Bir gün “Ədəbiyyat və İncəsənət” qəzetində Bəylər Məmmədovun “Xurşidbanu Natəvanın şair qohumları” adlı məqaləsini oxudum. Məqaləni çox bəyəndim və ona zəng edib dedim ki, bu mövzu ayrıca kitab olmalıdır. Axı, Natəvanın çoxlu şair qohumları vardı, övladları da şeir yazırdı. Təklif etdim ki, onların hər biri haqqında oçerklər yazsın, şeirlərini də toplasın. Bəylər müəllim bu işi böyük zəhmətlə həyata keçirdi. Təəssüf ki, 1991-ci ildə dünyasını dəyişdi. 2022-ci ildə mən onun “Xurşidbanu Natəvan” və “Natəvanın şair qohumları” kitablarını bir nəşrdə oxuculara təqdim etdim. Məzmun və ideya baxımından bir-birini tamamlayan bu iki kitabın birlikdə nəşri daha dolğun bir mənbə ortaya qoydu”.

Mustafa Çəmənlinin tərtibçisi, ön söz müəllifi və redaktoru olduğu “Neçin gəlməz” kitabı 2022-ci ildə nəşr olunub. Onun sözlərinə görə, bu nəşr Natəvan yaradıcılığına fərqli yanaşma ilə seçilir və "kitab içində kitab" təsiri bağışlayır.

"Natəvanla bağlı ən böyük arzularımdan biri onun rəssamlıq irsini oxuculara təqdim etmək idi. Çünki o, təkcə istedadlı şairə deyil, həm də rəssam və nəfis tikmə ustası idi. Uzun illər onun "Gül dəftəri"ndə yer alan gül-çiçək rəsmləri, tikmə nümunələri və əlyazmaları geniş ictimaiyyət üçün əlçatan olmayıb. Nəhayət, bu arzumu reallaşdırmaq imkanı əldə etdim və hazırladığımız nəşrdə Natəvanın rəsm əsərlərini, tikmələrini və əlyazmalarını ilk dəfə geniş şəkildə oxuculara təqdim etdik", – deyə Mustafa Çəmənli bildirib.

Onun sözlərinə görə, "Neçin gəlməz" toplusunda Natəvanın şeirləri ilə yanaşı, özünün çəkdiyi rəsmlər, həyatından maraqlı hadisələr, müasirlərinin və Natəvansevərlərin xatirələri, elmi və publisistik məqalələr də yer alıb. Kitaba müxtəlif şairlərin Xurşidbanu Natəvana həsr etdikləri şeirlər, tanınmış heykəltaraşların və rəssamların əl işlərinin şəkilləri daxil edilib. Nəşrin ən qiymətli bölmələrindən biri isə şairənin "Gül dəftəri"ndəki rəsmlərinin çap olunmasıdır. Burada Natəvanın zərif tikmə əl işləri, bədii zövqünü əks etdirən naxışlar və digər sənət nümunələri təqdim olunur.

“Natəvan bizim xalqımız üçün çox əziz şəxsiyyətdir. Təsadüfi deyil ki, Nizami Muzeyinin fasadında kişi şair və yazıçılarla yanaşı, heykəli ucaldılan yeganə qadın şairə məhz Natəvandır. O, hər cür hörmət və ehtirama layiq böyük şəxsiyyətdir. Bizim borcumuz dünyasını dəyişən insanların irsini və onlar haqqında bildiklərimizi özümüzlə aparmamaq, onları gələcək nəsillərə çatdırmaqdır. Mədəni irsimiz yalnız bu yolla yaşayacaq”, – deyə Mustafa Çəmənli vurğulayıb.

Müxbir – Gülay Nəzərova

Rəylər

Aşağıdakı məlumatları qeyd edin