Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirilib
Ağdamda Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı" keçirilib.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Ankara Sosial Elmlər Universitetinin rektoru Musa Kazım Arıcan və Türkiyə Yazıçılar Birliyinin sədri Muhammed Enes Kala çıxış ediblər.
Çıxışlarda türk dünyasının ortaq ədəbi-mədəni irsinin qorunmasının, gənc yaradıcı nəslin dəstəklənməsinin və ölkələr arasında ədəbi əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, festival müxtəlif ölkələrdən olan gənc şairlər arasında yaradıcılıq mübadiləsinin aparılması, yeni ədəbi əlaqələrin qurulması və ortaq mədəni dəyərlərin təbliği baxımından mühüm platformadır.
Çıxışlardan sonra türk dövlətlərindən olan iştirakçı şairlər özlərinin şeir nümunələrini səsləndiriblər.
Nümunələr münsiflər heyəti tərəfindən qiymətləndirildikdən sonra qaliblər müəyyənləşdirilib.
Qaliblərin adlarının açıqlanması və mükafatlandırılması gün sonuna doğru Vaqif Poeziya Günlərinin təntənəli açılış mərasimində baş tutacaq.
0 Rəy