18 əsərin sehri - Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək
Sentyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “18 əsərin sehri” adlı təntənəli konsert proqramı təqdim ediləcək. Konsertdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupu geniş proqramla səhnə alacaq.
AZƏRTAC xəbər verir ki, konsertə Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.
Gecədə Əməkdar artistlər Almaz Orucova, Nərgiz Kərimova, Elnur Zeynalov, tanınmış solistlər Vəfa Vəzirova, Rəvanə Qurbanova, Anar Şuşalı, Fərid Əliyev, Taleh Yahyayev və Gülzar Fərəcova çıxış edəcəklər. Musiqili proqramda Əməkdar artist Xəyyam Məmmədov kamançada, Xatirə Kərimova isə sazda ifa edəcək.

Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri və Xor qrupunun (xormeyster: Naala Barateliya) ifasında təqdim olunacaq proqramda Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri xüsusi yer tutacaq. Bununla yanaşı, Müslüm Maqomayev, Səid Rüstəmov, Qəmbər Hüseynli, Hacı Xanməmmədov, Süleyman Ələsgərov və Şəfiqə Axundovanın Azərbaycan musiqi xəzinəsinə daxil olan seçilən əsərləri də səsləndiriləcək.
Biletləri şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz.
0 Rəy