“Mən gedirəm, şair, yaşa…”: Üzeyir Hacıbəyli və Səməd Vurğun dostluğu haqqında xatirələr
Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.
AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycan Xalq şairinin qızı Aybəniz Vurğunun xatirələrini oxuculara təqdim edir. Bu dəfə o, Səməd Vurğunun dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli ilə görüşlərinin birindən, eləcə də Azərbaycan mədəniyyətinin iki görkəmli nümayəndəsini bir-birinə bağlayan dərin hörmət və mənəvi yaxınlıqdan danışır.
“Bir dəfə Yesentukidə olarkən, atam bizi böyük bəstəkarımız Üzeyir Hacıbəyovun yanına apardı. Bəstəkarın qaldığı möhtəşəm sanatoriya binasına yaxınlaşanda atam bizə tapşırdı ki, Üzeyir bəylə görüşəndə onun əlini öpək. Əvvəlcə Yusif, sonra mən, sonra da Vaqif deyilənə əməl etdik. Üzeyir bəy gülümsünüb Vaqifin başını sığalladı.
Üzeyir bəy kresloda əyləşmişdi. Böyründə boş kreslolar olmasına baxmayaraq, atam onun yanında oturmadı. On-on beş dəqiqə ayaq üstə söhbət etdi. Sonra bizi yanına çağırdı. Mehribanlıqla sağollaşıb bəstəkardan ayrıldıq.
İndi bu səhnəni xatırlayanda onların söhbətlərinə qulaq asmadığıma görə özümü danlayıram. Söhbətlərinin nə barədə olmasını bilməsəm də, bir-birini ata-oğul kimi sevmələrini gözümlə gördüyüm üçün fəxr edirəm. Deyilənə görə, atam xəstə Üzeyir bəyin yanında gözləri yaşarmış halda diz çökmüş, o da atama: “Mən gedirəm, şair, yaşa...” – demişdir. Çünki Üzeyir bəy vəfat edən gün atamı ilk dəfə yazı masası arxasında gözüyaşlı gördüm...”.
0 Rəy