Özbəkistanda “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi çərçivəsində aprelin 11-12-də Özbəkistanda "Şuşa günləri" silsilə tədbirləri keçiriləcək.

AMM-dən bildirilib ki, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşa şəhərinin zəngin mədəniyyətini, tanınmış şuşalıları, şəhərin turizm imkanlarını tanıtmaq və təbliğ etməkdir.

“Şuşa Günləri”inin açılış mərasimi AMM-də keçiriləcək. İlk gün burada Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədi şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulub.

İkinci gün Daşkənddəki Turon Kitabxanasında AMM-nin layihəsi ilə Xurşidbanu Natəvanın özbək dilində çap olunmuş “Xurishidga yetar boshim” kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Natəvanın şeirlərindən ibarət ədəbi-bədi kompozisiya təqdim ediləcək.

“Şuşa günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulur. Bədii hissədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.

Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq AMM-nin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistan kitabxanalarına hədiyyə ediləcək. Cari ilin iyun ayında isə Özbəkistanın jurnalistlərinin Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin