Xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” albomunun təqdimatı

Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. Albom Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.

Tədbirdə Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev rəssamın həyat və yaradıcılığı, Almaniyadakı Azərbaycan diasporunun fəaliyyətində iştirakı barədə söz açıb.

Kulturoloq, Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru Kübra Əliyeva, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli və başqaları çıxış ediblər.

Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşayan rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. “Bizim Şuşa” albomu da Əşrəf Heybətovun xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini nümayiş etdirir.

Vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı tarixi Zəfər yaradıcı insanlara da yeni ruh və sənət şövqü bəxş edib. İşğaldan azad edilmiş torpaqlarımızda, o cümlədən mədəniyyət paytaxtımız Şuşada aparılan bərpa-quruculuq işlərinin, “Böyük Qayıdış” proqramının icrasının rəssamlarımızın yaradıcılığında yeni əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.

Əşrəf Heybətov təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılara minnətdarlığını ifadə edib, “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə məlumat verib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin