Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü Şuşada qeyd olunub

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Şuşa şəhərində “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” mövzusunda tədbir keçirilib.

Tədbiri Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq bəşər mədəniyyətinin tərkib hissəsi olan dili mədəni dəyərlərin ötürülməsi, qorunması və qavranılmasında mühüm amil kimi səciyyələndirib, ana dilini və əlifbanı millətin siması, milli sərvəti və varlığının təsdiqi adlandırıb.

Qeyd olunub ki, latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsi və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, əməli fəaliyyətdə də öz əksini tapıb, Ulu öndər tərəfindən imzalanan fərman və sərəncamlar ölkəmizdə dil siyasətinin mükəmməl konsepsiyasını, uzunmüddətli strategiyasını müəyyən edib.

Mərkəzin direktor müavini dosent Gülarə Əmirovanın “Azərbaycan əlifbasının dünəni və bu günü”, filologiya üzrə fəlsəfə doktoru Aynur Paşayevanın “Təhsildə Azərbaycan dili” mövzularında məruzələri dinlənilib.

Sonra Bakı Mühəndislik Universitetinin dosenti Zabitə Teymurlu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Bakı Avrasiya Universitetinin baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Zəminə Rüstəmbəyli və başqaları çıxış ediblər. Ümummilli liderin ana dilinə sevgisi və qayğısının hər bir azərbaycanlıya örnək olduğu bildirilib. Çıxışlarda İKT, reklam, tibb və digər sahələrdə Azərbaycan dilinin düzgün tətbiqinin zəruriliyi vurğulanıb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin