"Nə vaxtsa Şuşada çalışmaq ümidi ilə yola çıxmışdım" - Şuşa məktəbinin direktoru ilə MÜSAHİBƏ

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub. Bu vəzifəyə Səbinə Mikayıl qızı Gözəlova təyin edilib.

 

Modern.az yeni direktorla həmsöhbət olub. shushainfo.com müsahibəni sizə təqdim edir
 

- Səbinə xanım, əvvəla sizi 1 nömrəli Şuşa məktəbinə direktor təyin olunmanızla əlaqədar təbrik edirik. Səhv etmirəmsə, bundan əvvəl Qəbələdə Şuşa məktəbində çalışmısınız. Ora ilə bağlı təəssüratlarınızı bilmək istərdik…

 

- 2017-ci ildə Qəbələ rayonunda yerləşən Şuşa məktəbinə direktorların işə qəbulu imtahanında yüksək bal toplayaraq qəbul olmuşam. Mənim ixtisasım ingilis dili müəllimliyi olduğundan həm də bu istiqamətdə dərs demişəm. 6 il orada çalışmışam. Qəbələdəki Şuşa məktəbinə təyin olunanda mənim sevincimin həddi-hüdudu yox idi. Mənimlə çalışan müəllimlərə də deyirdim, sizin üçün fəxr olmalıdır ki, əmək kitabçasında Şuşa məktəbinin adı yazılacaq. Bunun özü böyük qürur və sevincdir.

 

- Ağlınıza gəlirdimi ki, nə vaxtsa, Şuşa şəhərinin özündə məktəbdə çalışacaqsınız?

 

- Şuşanın mənim üçün mənəvi əhəmiyyəti var. Orada doğulmuşam və yaşamışam. Atam Şuşa uğrunda canını fəda edib. Şuşaya həsrət qaldığımız bu 30 ildə ora daim qəlbimizdə olub. Dilimizdən bir an belə Şuşa sözü düşməyib. 30 ildir ki, biz Şuşa həsrəti çəkirdik. Gec-tez Şuşaya qayıdacağımıza və orada çalışacağımıza, şagirdlərə təhsil verəcəyimizə inanırdım. Cənab Prezidentimizin siyasəti və ordumuzun gücü sayəsində artıq biz geri dönürük.  Məktəbə direktor təyin olunduğumu eşitdikdə ilk keçirdiyim hisləri sizə sözlə ifadə edə bilmərəm.  Mənim sadəcə bir hədəfim vardı ki, nə vaxtsa Şuşada müəllim və rəhbər olacam. O məqsədlə yola çıxmışam. Çox keçməyib. Artıq qayıtmışıq.

 

-Yəqin ki, Şuşa məktəbində olmusunuz. Məktəbin imkanlarını necə dəyərləndirərdiniz?

 

-Bəli, artıq Şuşadakı məktəbdə mən olmuşam. Qəhrəman oğullarımızın bizə əmanət etdiyi torpaqlarda məhz vətənpərvər, müasir, yenilikçi şagirdlər yetişdirmək əsas hədəfimizdir. Şuşa məktəbi illər boyu elm xadimləri, professor və alimlər yetişdirib. Bu məqsədlə biz yola çıxırıq. İnşallah azad şuşamızda vətənpərvər, müasir  elm xadimləri, professor və alimlər yetişdirəcəyik.  Şuşa məktəbi Azərbaycanın ən müasir məktəbidir. Cənab Prezidentin göstərdiyi diqqət və qayğı Şuşa məktəbində də öz təzahürlərini göstərir. Həqiqətən də, dövlətimizin siyasəti nəticəsində, Şuşanın gözəlləşdiyini və abadlaşdığını görürük. 

 

- Şuşa məktəbi ilə bağlı hansı layihələriniz var?

 

- Şuşa ilə bağlı çoxlu layihə və ideyalarım var. Ümumiyyətlə onu deyim ki, Şuşa azad olunanda direktorlara sual vermişdilər ki, "bir dəqiqəliyə düşünün ki, Şuşa artıq azaddır və siz oradakı məktəbin rəhbərisiniz. İndi nə edəcəksiniz, nədən başlayacaqsınız?". "Orada xarici dili bilən, müasir, kompüter bilikləri və vətəndaşlarla ünsiyyət bacarığı olan, öz fikirlərini sərbəst şəkildə ifadə edə bilən şagirdlər yetişdirərdim. Məktəbə daim qonaqlar çağıracağıq. Şagirdlər çox dil bilməlidir ki, o qonaqlara özləri cavab verə bilsin və Şuşanı tanıtsın",-deyə cavab verdim. Bu fikir hər kəsin xoşuna gəlmişdi. Biz bu gün artıq şagird qəbuluna hazırlaşırıq. Məhz Şuşada elm xadimləri, professorlar, alimlər, yüksək bilik və bacarığa malik vətəndaşlar yetişdiriləcəkdir.

 

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub.

 

Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbaycan Politexnik İnstitutunu bitirib. 1969-cu ildə təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.



1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan Prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.
Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.



1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin