Qərbi Azərbaycana qayıdışın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının tərəfdaşlığı ilə birgə həyata keçirilməsi bəyan edilir

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilovun “Səs” qəzetinə müsahibəsi

- Anar müəllim, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlanıb. Sizcə, bu konsepsiyanın həyata keçirilməsi hansı müddətə mümkün ola bilər?

- Məlum olduğu kimi, 2022-ci ildə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” kimi fəaliyyət göstərən təşkilat “Qərbi Azərbaycan İcması” adı altında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarını müdafiəsi ilə bağlı yeni strateji metodlara əsaslanan fəaliyyətlə məşğuldur. Artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni konsepsiya hazırlanıb. Tarixi Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların qovulması XX əsrin əvvəllərindən başlayaraq sonlarına qədər dörd dövrü əhatə edən illərlə mərhələli şəkildə aparılmışdır. Ən nəhayət, 1987-91-ci illərdə Qərbi Azərbaycanda yaşayan 200 minə yaxın soydaşımız tamamilə oradan qovulmuşdur. Bununla da Qərbi Azərbaycanda öz tarixi dədə baba yurdlarında yaşayan sonuncu azərbaycanlılar da Ermənistandan qovulmuş onların hüquqları kobud şəkildə pozulmuşdur. Beynəlxalq hüquq normalarına uyğun olaraq hələ də Qərbi Azərbaycan torpaqlarından qovulan azərbaycanlıların hüquqları bu günə qədər təmin edilməmişdir. Heç bir Beynəlxalq təşkilat və dünyanın aparıcı dövlətləri bu məsələ ilə bağlı ədalətli mövqe sərgiləməmişdir. Necə ki, BMT tərəfindən tanınan Azərbaycan ərazilərinin 30 ilə yaxın müddətdə işğalına göz yumduqları kimi. Yalnız Azərbaycan öz gücünə 44 günlük müharibə ilə ədaləti bərpa etdi və torpaqlarımız azad olundu. Bu məsələdə də biz yalnız öz gücümüzə arxalanırıq. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasət də öz müsbət nəticəsini yaxın gələcəkdə verəcəkdir. Hazırlanan konsepsiya da bu siyasətin tərkib hissələrindən biridir. Konsepsiya özündə bütün Beynəlxalq hüquq və normalara uyğun Qərbi Azərbaycan qaçqınlarının öz yurdlarına qayıdışını tam əhatəli surətdə özünün əsas məqsədi kimi ortaya qoyur. Konsepsiyada söhbət qayıdışın Beynəlxalq hüquqa əsaslanaraq BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının tərəfdaşlığı ilə birgə həyata keçirilməsi bəyan edilir. İcma qayıdış prosesinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakta, Qaçqınların Statusuna dair Konvensiyaya və digər beynəlxalq aktlarda təsbit olunmuş qaydalara uyğun olaraq həyata keçirilməsini təmin etməyi məqsəd kimi qarşısına vəzifə qoyur. Hesab edirəm ki, qayıdış prosesinin konsepsiyaya uyğun həyata keçirilməsində Beynəlxalq aləmdə çoxlu fəaliyyətlər həyata keçirilməlidir. Bu prosesə Vətəndaş cəmiyyəti institutları da cəlb edilməlidir. Bütün işlər konsepsiyaya uyğun sistemli şəkildə aparılaraq düşünürəm ki, yaxın gələcəkdə biz bu gün işğaldan azad olunmuş ərazilərimə olduğu kimi, Qərbi Azərbaycan ərazilərinə də qayıdışın şahidi olacağıq.

- Verilən məlumata görə, artıq Qərbi Azərbaycan İcmasından 100 mindən çox Qərbi Azərbaycanlı qeydiyyatdan keçib onların sayı 250 mindən çox ola biləcəkmi?

- Yuxarıda qeyd etdiyim kimi, Qərbi Azərbaycan torpaqlarında soydaşlarımızın qovulması prosesi yüz illərlə aparılıb. Burada ümumi konkret say demək çətindir. Amma rəqəmin milyonla ölçülməsi faktdır. Yalnız son 1988-ci il hadisələrində bu rəqəm 200 minlə ölçülür. Əsasən də, bu gün o insanlar və onların yeni nəsli qaçqın statusundadır. Lakin XX əsrin əvvəli və ortalarında qovulmuş insanlar da bu gün həyatda olmasalar belə, onların yeni nəsilləri varis kimi öz hüquqlarını qoruyur və icmanın üzvü olmaq hüququna malikdirlər. Buna görə də, artıq icmanın üzvü olmuş 100 min sayın yaxın günlərdə daha çox artacağını proqnoz vermək olar.

- Qərbi Azərbaycan İcması molla rejiminin törətdiyi terror əməli ilə bağlı BMT-də bəyanat yayıb. Sizcə, dünya birliyinin həmin bəyanata reaksiyası necə olacaq?

- Azərbaycanda fəaliyyət göstərən bütün Vətəndaş cəmiyyəti institutları ilə yanaşı, Qərbi Azərbaycan İcması da bir çox beynəlxalq təşkilatlara və eləcə də BMT-yə bu terror hadisəsi ilə bağlı haqlı etiraz müraciəti etmişdir. Artıq dünyanın əksər ölkələrindən bu müraciətlərə dəstəklər gəlməkdədir və bu terror hadisəsi qətiyyətlə pislənilir. Ümumiyyətlə, bu terror hadisəsini bütün dünya pisləməkdədir. Dünya İran dövlətinin terror əməllərinin çox şahidi olub və terrora dəstək verən ölkə kimi tanıyır. Bu hadisənin də məhz arxasında İran dövlətinin durduğunu öz bəyanatlarında qeyd edirlər.

- Qərbi Azərbaycan İcmasının fəaliyyəti Ermənistanla yanaşı, bəzi xarici qüvvələri də narahat edib. Ermənistan başadüşüləndir, bəs digər dövlətlər niyə narahat olurlar?

- Qərbi Azərbaycan İcmasının yaranması Ermənistanı dərhal narahat etməyə başladı. 44 günlük məğlubiyyətin dərsləri erməni ictimaiyyətini düşündürməyə məcbur edir ki, bu icmanın yaradılması bizi növbəti hədəfimizə öz yurdlarından qovulmuş soydaşlarımızı tarixi torpaqlarımıza qaytarmağımıza çatdıracaq. Məhz buna görə də, narahatdırlar. Eyni zamanda, erməni havadarlarını da bu məsələ çox narahat edir. Bu da başa düşüləndir Azərbaycanın günü-gündən güclənməsi onların da yuxusuna haram qatır. Güclü Azərbaycan bir neçə əsrin ərzində törədilən ədalətsizliklərin sonunu gətirərək ədaləti bərpa edəcəkdir. Bu zaman ermənilərlə yanaşı, onların yaxın havadarları da dərslərini alacaqlarını başa düşür. Uzaq havadarlarının da, təbii ki, geosiyasi mübarizələr fonunda narahatçılıqları vardır. Kimin narahat olmasından asılı olmayaraq Azərbaycan öz güclü liderinin rəhbərliyi ilə güclənir və hədəfinə doğru inamla irəliləyir.

Müəllif: Gülyana

Rəylər

Aşağıdakı məlumatları qeyd edin