WUF13-ün iştirakçısı olan türkiyəli sabiq nazirdən Zəngəzur açıqlaması

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Azərbaycanın evsahibliyi ilə uğurlu şəkildə davam edir. İştirakçılar sırasında qardaş Türkiyədən də böyük nümayəndə heyəti var.

Musavat.com-un əməkdaşı Türkiyənin keçmiş Nəqliyyat və İnfrastruktur Naziri, hazırda Türkiyə Böyük Millət Məclisində (TBMM) Trabzon millət vəkili və TBMM Bayındırlıq, Şəhərsalma, Nəqliyyat və Turizm Komitəsinin sədri Adil Karaismailoğludan müsahibə alıb. Kifayət qədər sensasion məqamların yer aldığı söhbətimizi təqdim edirik:

- Adil bəy, icazənizlə, öncə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası barədə təəssüratlarınızı soruşum. Azərbaycanın evsahibliyi ilə keçirilən forumla bağlı nə deyə bilərsiniz? Ümumdünya Şəhərsalma Forumunun budəfəki sessiyası qlobal miqyasda hansı üstünlükləri və perspektivləri vəd edir?

- Təbii ki, bu tədbirin Azərbaycanda keçirilməsi çox önəmlidir. Bu Forum dünyanın ən mühüm tədbirlərindən biridir və Azərbaycanın seçilməsi də olduqca qiymətlidir. Azərbaycan xüsusilə son illərdə çox böyük inkişaf və yüksəliş nümayiş etdirir. Xüsusilə Qarabağ zəfərindən sonra Azərbaycanın önü daha yaxşı açılıb.

Biz də Türkiyə Cümhuriyyəti olaraq Azərbaycanın hər zaman yanında olmuşuq və olmağa davam edəcəyik. “İki dövlət, tək millət” olaraq inşallah bu uğurları birlikdə davam etdirəcəyik. Azərbaycan nə qədər güclü olarsa, Türkiyə də bir o qədər güclü olar. Biz bu düşüncədəyik. İnşallah birliyimiz davam edəcək.

WUF 13 həqiqətən də ölkələrin inkişafı, xalqların həyat keyfiyyətinin artırılması və insanların gündəlik həyatının asanlaşdırılması baxımından çox qiymətlidir. Burada çox mühüm mövzular üzrə əhəmiyyətli sessiyalar keçirilir, təcrübəli və peşəkar insanlar fikir mübadiləsi aparırlar.

Bu müzakirələr nəticəsində ortaq faydalar əldə olunur və inşallah bunlar hər bir ölkənin inkişafına, insanların rifahına töhfə verəcək. Ona görə də bu, çox önəmli toplantıdır. Forumun Bakıda keçirilməsi də həqiqətən çox önəmlidir. Bu gün burada çox gözəl və uğurlu təşkilatçılıq var. İnşallah bu cür tədbirlər davam edəcək.

-Azərbaycan işğaldan azad etdiyi Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, şəhər və kəndlər salınır. Türkiyə də böyük zəlzələdən sonra geniş ərazilərdə yenidənqurma işləri aparır, yeni şəhərlər salır. Bu, iki qardaş ölkənin ortaya qoyduğu möhtəşəm fəaliyyətlərdir. Amma dünyanın müxtəlif qaynar nöqtələrində şəhərlərin dağıdılması, müharibələrin davam etməsi prosesi gedir. Necə bilirsiniz, qurub-yaradan, sülhü təşviq edən dövlətlərimizin mövqeyi sonda qlobal miqyasda üstün gələcəkmi? Dünyanın istiqamətini dəyişmək mümkün olacaqmı?

- Təbii ki, dünyadakı qarşıdurmaların və müharibələrin olmaması ən böyük arzumuzdur. Bununla yanaşı, iqlim dəyişiklikləri və təbii fəlakətlər də dövrümüzün ən mühüm problemlərindəndir. Bunlara qarşı tədbirlər görmək lazımdır. Biz təbii fəlakətlərin qarşısını ala bilmərik, amma onların təsirini minimuma endirəcək addımlar atmaq əlimizdədir. Bu cür toplantılar da həmin baxımdan çox önəmlidir.

Mən Qarabağdakı zəfərdən sonra həyata keçirilən infrastruktur layihələrini yaxından izləyirəm. Tunellər, dəmir yolları, hava limanları... Həqiqətən böyük bir mübarizə və əmək var. Çox uğurlu işlər görülüb.

- Cənab Prezident də bildirdi ki, azad olunmuş ərazilərimizdə artıq 70 kilometrlik tunellər tikilib, istifadəyə verilib...

- Təbii ki, çox böyük işlərdir. Bunun davamında Zəngəzur dəhlizi də açılarsa, oradan Naxçıvan üzərindən Türkiyə ilə birbaşa bağlantılar qurulacaq. Biz də Türkiyə tərəfində Qars-Naxçıvan dəmir yolu xəttini inşa edirik. Bunlar gerçəkləşəndə Azərbaycan və Türkiyə birbaşa bir-birinə bağlanacaq.

- Azərbaycan ərazisində Zəngəzur dəhlizinin tikintisi sürətli şəkildə yekunlaşmaq üzrədir. Bəs Qars istiqamətindəki proseslərlə bağlı nə demək olar?

- Təbii ki, işlər gedir. Türkiyə tərəfində Qarsla Naxçıvan arasında sürətli şəkildə dəmir yolu layihəsinin tikintisi başlayıb. İnşallah qarşıdakı 2-3 il ərzində tamamlanar.

Türkiyə də 6 fevral zəlzələsindən sonra çox böyük fəlakət yaşadı. Onun təsirlərini aradan qaldırmaq üçün intensiv iş aparılır. Bu toplantılar və birliklər həmin işlərin sürətlənməsi üçün çox önəmlidir.

-Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma işləri, həmçinin Türkiyədəki  zəlzələdən sonrakı bərpa prosesi bütün dünyaya nümunədir. Eyni zamanda Kahramanmaraşda salınan Azərbaycan məhəlləsi qardaşlığımızın ən gözəl nümunələrindən biridir, elə deyilmi?

- Bəli. Müdhiş hadisədir. Kahramanmaraşdakı Azərbaycan məhəlləsi qardaşlığımızın növbəti nümunəsidir, təsdiqidir.

- Bakıdakı bu möhtəşəm Forumdan Ermənistana, Zəngəzur dəhlizinin cəmi 42 km-lik hissəsində hələ də daşı daş üstə qoymağa tələsməyən ölkəyə mesajınız nədir?

- Bəli, Ermənistan hissəsində işlər bir qədər gecikdi, amma inşallah qısa müddətdə işlərə start verilər. Çünki biz bunu həqiqətən çox istəyirik və gözləyirik. Zəngəzur üzərindən birbaşa bağlantı quracağıq. Azərbaycan tərəfində bütün işlər artıq tamamlanıb, Türkiyə tərəfdə də işlər davam edir. İnşallah yaxın zamanda qovuşacağıq.

- Ermənistanda seçki dövrüdür. Orada revanşist qüvvələrin yenidən fəallaşdığı görünür. Paşinyanı devirmək, Zəngəzur dəhlizini və Azərbaycanla sülh prosesini əngəlləmək istəyən qüvvələr var. Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı çıxanlar da mövcuddur. Sizcə, bu mümkün ola bilərmi?

- Məncə, bu, mümkün deyil. Azərbaycan bir tərəfdə, Türkiyə digər tərəfdədir və hər iki dövlətin gücü ortadadır. Qarabağ Azərbaycanın öz torpağıdır və Azərbaycan da buna görə həmin bölgəyə bu qədər yatırım qoyur. Onlar da bunu qəbul edib seçimlərini etməlidirlər. Seçkilərini keçirsinlər, işlərimizlə məşğul olaq.

- Belə bir narahatlıqlar var ki, Ermənistanda Paşinyan hakimiyyətinə son qoymaq istəyənlər, o cümlədən vaxtilə Xocalıda qətliam törətmiş şəxslər hakimiyyətə qayıdarsa, yenidən Azərbaycanla müharibə başlaya bilər. Bu nə dərəcədə realdır?

- Savaşa qalxsalar nə olacaq? Vaxtilə qalxdılar, Azərbaycan hədlərini göstərdi. Növbəti dəfə qalxarlarsa, azərbaycanlı qardaşlarımız onlara yenə də hədlərini göstərərlər.

- Ermənistan Konstitusiyasında Azərbaycanla yanaşı, Türkiyəyə qarşı da ərazi iddiaları yer alır...

- Düzəldəcəklər, gözləyirik.

- Artıq Ağrı dağını Ermənistanın simvollardan çıxarmağa başlayıblar.

- Təbii ki, çıxarmalıdırlar. Onsuz da belə bir reallıq yoxdur. Bunlar onların xəyallarıdır. Amma xəritələr çəkilib, sərhədlər bəllidir, reallıqlar ortadadır. Hər kəs bunu qəbul edib öz işi ilə məşğul olmalıdır.

- Hazırkı mərhələdə Ermənistanda Paşinyan hakimiyyətinin gözləntisi budur ki, əvvəlcə sülh müqaviləsi imzalansın, sonra Konstitusiya dəyişdirilsin. Dövlət başçılarımız da bu barədə mövqeyini bildirib ki, Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı Konstitusiyaya və normativ hüquqi aktlara dəyişiklik edilməsə, sülh müqaviləsinin mənası olmayacaq. Necə bilirsiniz, Ermənistan hansı yolu seçəcək?

- Bizim məsələyə baxışımız bəllidir. Onlar bu tələblərə əməl etməlidirlər.

- Üstəlik, bu günlərdə Türküstanda bir araya gələn Türk dövlətləri və onların liderlərinin mövqeyi var...

- Təbii. Liderlərimiz davamlı şəkildə görüşürlər. Bir-birinə bağlılıqlar davam edir. Gərək bunu kimsə unutmasın.

- Dünyanın 180-dən artıq ölkəsinin nümayəndələri Forumda iştirak edir, Cənubi Qafqaz ölkələrindən tək Ermənistan burada yoxdur. Sizcə, iştirak etməli idilərmi?

- Məncə, iştirak etsəydilər, daha yaxşı olardı. Amma bu, onların seçimidir, özləri bilər. Nə qədər yaxınlaşsalar, proseslər də bir o qədər sürətlə irəliləyər.

Azərbaycanın, Türkiyənin mövqeyi bəllidir. Artıq hər kəs buna uyğun davranmalıdır. Başqa cür mümkün deyil.

Elşad Paşasoy,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin