"Düşmən yenidən cəzalana bilər" MÜSAHİBƏ

Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilovun “Səs” qəzetinə müsahibəsi

 

 

- Anar müəllim, Paşinyanın arvadı etiraf edib ki, Vətən müharibəsi dövründə Ermənistan ordusunun 25 faizi, yəni 11 min nəfəri fərari olub, döyüşlərdən qaçıb. Bu, bir daha Ermənistan əsgərlərinin Azərbaycanın ordusu qarşısında aciz durumda olduğunu və ölməmək üçün fərariliyə üstünlük verdiklərinin təsdiqi sayıla bilər?

 

- Ermənistanın baş nazıri Paşinyanın həyat yoldaşı Anna Akopyan Açakurt kəndində çıxışı zamanı 44 günlük müharibə zamanı Ermənistan ordusunda 11 min fəraririnin olduğunu açıqlayıb. Bu, çox ciddi faktdır və bir daha o dövrdə işğalçı Ermənistan ordusunun necə bir rəzil vəziyyətə düşdüyünü fakt olaraq təsdiqləyir. Əsas da odur ki, bunu ölkənin baş nazirinin həyat yoldaşı söyləyir və ordunun fərrari vəziyyətinə düşdüyünü etiraf edir. Eyni zamanda, bunu söyləməklə Azərbaycan ordusunun gücünü bəyan etmiş olur. Əslində, 44 günlük müharibə dövründə Ermənistan ordusu deyilən bir ordu qalmamışdı. Döyüşlərin elə ilk günlərindən onların 28 il ərzində yaratdığı və öyündükləri müdafiə xətti bir neçə saatın içində ordumuz tərəfindən yarıldı. Artıq bununla da onlar Azərbaycan ordusunun gücünü gördülər və təbii ki, yalnız qaçıb canlarını qurtarmaq haqqında düşünməli oldular. Şuşa uğrunda gedən döyüşlər isə hərb tariximizin qızıl səhifəsidir. Bu döyüşlərin Azərbaycan ordusu tərəfindən qələbə ilə başa çatması ilə Ermənistan ordusunun mövcudluğuna da son qoyuldu. Ötən dövr ərzində də heç nə dəyişməyib aldıqları zərbədən hələ də özlərinə gələ bilməyən Ermənistan ordusu demək olar ki, ad olaraq qalır. Yalnız havadarlarının ümidinə qalan Ermənistan yəqin ki, uzun illər aldıqları zərbədən və yaşadıqları qorxudan Azərbaycan ordusunun qarşısında durmağı yox qaçıb canlarını qurtarmağı düşünəcəklər.

 

- 44 günlük Vətən müharibəsində Azərbaycan ordusundan bir nəfər də olsun fərari olmadı. Bu faktı Azərbaycan xalqının, ordusunun vətənə, dövlətə bağlılığının əyani sübutu hesab etmək olar?

 

- 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu yalnız irəli getməyi və torpaqlarını azad etməyi düşünürdü. Azərbaycan əsgəri sinəsini irəli verib işğalçını qovmağı düşünərək şəhid olmağı şərəf bilirdi. Onun qarşısında xain, əclaf havadarlarının arxasında gizlənib özgəsinin torpağını mənimsəməyi düşünən bir şərəfsiz düşmənin olduğunu bilərək şərəflə döyüşürdü. Azərbaycan ordusunun başında güclü siyasətçi, bacarıqlı idarəçi, müasir Azərbaycan ordusunun qurucusu olan Ali Baş Komandan Cənab İlham Əliyev rəhbərlik edirdi. Azərbaycan əsgərinin arxasında onun xalqı dayanmışdı. Məhz buna görə də, Azərbaycan əsgəri qartal ancaq düşmənin üzərinə şığıyıb onu məhv edib qovmağı düşünürdü, bu yolda şəhid olmağı arzu edirdi ayrı düşüncəsi ola bilməzdi.

 

- Müharibə dövründə çağırış məntəqələrinin qarşısında müharibəyə getmək üçün gənclərin uzun növbələri yaranmışdı. Bu kimi hallar gənclər arasında vətənpərvərlik ruhunun yüksək olmasından irəli gəldiyini demək olar?

 

- Ölkədə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə dövlətçiliyimizin təməl prinsipləri yenidən qurulmağa başladı. Bu təməl prinsiplərindən əsası olan ordu quruculuğu ilə yanaşı, eyni zamanda, gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsi və tərbiyyə alması priorotet ideya olaraq həyata keçirilməyə başladı. Cənab Prezident İlham Əliyev də bu iki istiqamətdə çox uğurlu və misilsiz bir siyasət həyata keçirərək güclü ordu və sağlam ruhlu vətənpərvər gəncliyin yetişməsinə nail oldu. Ölkədə aparılan Gənclər siyasətinin uğurlu nəticəsi, məhz 44 günlük müharibə dönəmində özünü daha da qabarıq surətdə təsdiq etdi. Çağırış məntəqələrinin qarşısında könüllü gənclərimizin növbəyə düzülməsi və torpaqlarımız uğrunda canlarından keçərək şəhid olması onların vətənə, dövlətə sevgi ruhunda tərbiyə almasının bariz nümunəsidir. Azərbaycan gəncliyi güclü ordumuzun vuran qoludu, Ali Baş Komandanın “ Dəmir yumruğunu” düşmənin başına endirən gücdür. Bunun kökündə Vətən sevgisi və aparılan siyasətin doğruluğu dayanır. Azərbaycan ordusunun qarşısında hələ çox düşmənlərimiz qaçıb fərrari adını qazanacaq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı qismət etsin. Tanrı ordumuzu və Ali Baş Komandanımızı qorusun.

 

GÜLYANƏ

Rəylər

Aşağıdakı məlumatları qeyd edin