Rəşad Sadiqov: "Qarabağ"ın işi çətin olacaq" - MÜSAHİBƏ

Azərbaycan klubları bu həftə avrokuboklarda növbəti oyunlarını keçirəcəklər. İlk olaraq, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" II təsnifat mərhələsinin cavab oyununa çıxacaq. Rəqib Polşa çempionu "Rakuv"du.

Konfrans Liqasında mübarizə aparan "Sabah" və "Neftçi" II raundun cavab görüşlərini evdə, "Qəbələ" isə səfərdə keçirəcək. Paytaxt təmsilçiləri müvafiq olaraq Latviyanın RFŞ və Bosniya və Herseqovinanın "Jelezniçar" komandalarını qəbul edəcəklər. Bölgə təmsilçisi isə Kiprdə "Omoniya"nın qonağı olacaq.

"Qarabağ" Futbol Akademiyasında yeni işə başlayan Azərbaycan millisinin sabiq futbolçusu Rəşad Sadiqov "Report"a müsahibəsində klubların növbəti mərhələ şanslarını dəyərləndirib.

- Söhbətə "Qarabağ"dan başlayaq. Bilirsiniz ki, Ağdam təmsilçisi avrokuboklarda Polşa klublarının qənimi sayılır. Amma "Rakuv" çox çətin rəqib olduğunu ilk oyunda (3:2) göstərdi. Bu mənada, idman ictimaiyyətində, azarkeşlərdə sanki narahatlıq hiss olunur. Elə "Qarabağ" cəbhəsindən verilən açıqlamalarda da rəqib barədə ehtiyatla danışılır. Siz bu qarşılaşma ilə bağlı nə düşünürsünüz?

- Şansımız davam edir. İlk qarşılaşmadakı hesab və oyun göstərdi ki, bu komanda keçilməz deyil. Bir top fərqi "Qarabağ"ın sərgilədiyi futbola görə heç nədir. Orda iki qol vurublarsa, burada da fərqlənə bilərlər. İlk matçda fərdi səhvlərdən toplar buraxdıq. Futbolda belə hallar çox olur. Kim səhv edirsə, məğlub olur. Düşünürəm ki, Bakıda eyni səhvlər təkrarlanmaz və rahat qələbə qazanarıq. Mənə elə gəlir ki, mərhələni "Qarabağ" keçəcək.

- Həm qapıçı Şahruddin Məhəmmədəliyevin ilk oyunda buraxdığı səhvləri, həm də hücum xəttindəki problemi nəzərə alsaq, "Qarabağ"ın işinin çətin olacağını düşünmək olarmı?

- Onsuz da "Qarabağ"ın işi hər zaman çətin olur. Çünki heç kim yerində saymır. Avropa klubları bizdən daha çox inkişaf edirlər. Çünki daha rəqabətli liqalarda oynayırlar. Azərbaycanda isə çempionluq uğrunda maksimum 1-2 komanda mübarizə aparır. Onlardan da biri yarıyolda dayanır, davam edə bilmir. Bu amil "Qarabağ"ın işini bir az çətinləşdirir. 2006-2015-ci illərə kimi çempionluq uğrunda mübarizədə rəqiblər daha çox idi. O vaxtlar çempionat rəqabətli olduğu üçün futbolçular daha yaxşı inkişaf edirdilər. Amma bu, "Qarabağ"ın deyil, ümumi Azərbaycan futbolunun problemidir.

- "Rakuv" tərəfi bu oyuna sanki bir növ qisas matçı kimi baxırlar. Onlar düşünürlər ki, mərhələni keçməklə digər klubların intiqamı alınacaq. Necə düşünürsünüz, bu amil "Qarabağ"ın lehinə, yoxsa əleyhinə işləyə bilər?

- Mənə elə gəlir ki, polşalıların nə düşündüyü Qurban Qurbanov və komandası üçün heç bir əhəmiyyət kəsb etmir. Əsas məsələ "Qarabağ"ın necə oynayacağıdır. Komandamız öz futbolunu diqtə etməyə çalışacaq. İstənilən komanda avrokubok oyunlarında meydana çıxanda mərhələ aldlamağı düşünür. Polşa klubu da bunu istəyir. Ona görə də buna qisas deməzdim. Amma Allah eləməsin, qalib gəlsələr, deyəcəklər k, "Qarabağ"ı keçən ilk Polşa klubu biz olduq. Hər iki tərəf uğur qazanmaq niyyətindədir. Məncə, "Qarabağ" bunu daha çox istəyəcək. İlk oyundan sonra komandamız haqqında çox söz-söhbət oldu. Amma bir şeyi unutmayaq ki, "Qarabağ" 10 ildir Azərbaycanı avrokubokların qruplarında təmsil edir. Bu, elə-belə nailiyyət deyil. Bircə il qrupa düşməsələr, futboldan anlayışı olmayanlar komandanı tənqid etməyə başlayacaqlar.

- Ötən mövsümün sonunda Ramil Şeydayev və Musa Qurbanlı ilə vidalaşan "Qarabağ" hələ də onların yerini doldurmayıb...

- Düzdür, yeni hücumçu alınmayıb. Bunun ən böyük səbəblərindən biri odur ki, ölkəyə səviyyəli hücumçu gətirmək həqiqətən çox çətindir. Təklif göndərilən oyunçu birinci statistikaya baxır. Düzdür, "Qarabağ"ın göstəriciləri əladır. Bəlkə də Avropada hamı bu klubu tanıyır. Amma çempionata da baxırlar və görürlər ki, 8-10 komanda var. Bunun özü belə, legionerləri düşünməyə vadar edir. Nəticədə bəlkə də daha aşağı məbləğə başqa ölkələri seçirlər. Bu amil bütün klublarımız üçün problem yaradır.

- Bosniya və Herseqovinada "Jelezniçar"la 2:2 hesablı heç-heçə edən "Neftçi"nin növbəti mərhələ şanslarını necə dəyərləndirirsiniz?

- Yeni baş məşqçi gəlib, heyət dəyişir. Uğur qazanmaq üçün nəsə etməyə çalışırlar. Komandanın iddiasına bir-iki oyunla qiymət vermək çətindir. Nəticələr pis olanda, baş məşqçi deyəcək ki, komandanı yeni qəbul etmişəm, heyəti mən qurmamışam. Bu da başadüşüləndir. Çünki avrokubok oyununa 7-8 gün qalmış gəlib. Komanda onun rəhbərliyi altında normal təlim-məşq toplanışı keçməyib. Bunu da əsas gətirə bilər. Amma "Neftçi"yə gələn məşqçi bilməlidir ki, ondan nə tələb olunur. Çempionluq uğrunda mübarizə aparmalı, avrokuboklarda pley-offa qədər getməlisən. Bunları etməlisən ki, iddianı ortaya qoya biləsən. Amma ilk mərhələdən mübarizəni dayandırmaq uğursuzluq sayılacaq. Qarşına elə komanda çıxıb ki, onu keçə biləcək gücdəsən. "Jelezniçar" ortabab klubdur. "Neftçi" bu rəqibi keçməlidir. Səfərdən pis nəticə ilə gəlməyiblər, şans çoxdur.

- Latviyada RFŞ komandasına 2 cavabsız qolla qalib gələn "Sabah"ı indidən növbəti mərhələdə saymaq olarmı?

- Düzdür, qələbə qazandılar. Amma RFŞ sıradan rəqib deyil. Oyuna baxdım, meydan sahiblərinin təhlükəli qol epizodları oldu. Sadəcə, "Sabah" əlinə düşən fürsətləri daha yaxşı dəyərləndirdi. İlk dəfə avrokuboklarda oynayırlar, mərhələ adlamalarını arzulayıram. Bu, onlara çox lazımdır. Komanda üçün əla şərait yaradılıb. Rəhbərlik də bunun qarşılığını futbolçulardan, baş məşqçidən tələb edir. Komanda ilk matçda qalib gəlməklə, yaradılan şəraitin qarşılığını verdiyini göstərdi. İnanıram ki, Bakıda da Latviya təmsilçisini məğlub edəcəklər.

- Son olaraq "Qəbələ"nin çıxışı barədə fikirlərinizi bilmək maraqlı olardı. "Qırmızı-qaralar" evdə güclü rəqibə 2:3 hesabı ilə uduzsa da, pis təsir bağışlamadı. Necə düşünürsünüz, Elmar Baxşıyevin çalışdırdığı komanda səfərdə sürpriz edə bilər?

- Açığı, "Qəbələ"nin ilk oyunda məğlub olması məni təəccübləndirmədi. Çünki heyəti digər 3 komandamızla müqayisədə elə də geniş deyil. Bilirsiniz ki, hər şey pulla bağlıdır. Büdcələri az olduğu üçün bəlkə də istədikləri futbolçuları ala bilmədilər. Bununla belə, "Omoniya"ya qarşı matçın ilk 30 dəqiqəsini çox yaxşı oynadılar. Hesabı açdıqdan sonra yaxşı imkanları oldu. Onlardan ən azı birini dəyərləndirə bilsəydilər, qalib gələrdilər. Çünki ondan sonra çox rahat oynayacaqdılar. Rəqib irəli atılacaqdı. Bundan sonra 3-cü və 4-cü qolları da vurmaq olardı. Evdə uduzmaqla işlərini çətinləşdirdilər. Hazırda 4 komandamız arasında şansı ən az olan "Qəbələ"dir. Yenə də ümidlərini itirməsinlər. "Omoniya" keçiləsi rəqibdir. Üstəlik, fərq cəmi 1 topa bərabərdir. Biz "Neftçi" ilə APOEL-i ən yaxşı vaxtında səfərdə 3:1 hesabı ilə məğlub edib Avropa Liqasının qrupuna düşdük. İndi bunu niyə də "Qəbələ" etməsin? Hər şey mümkündür.(moderator.az)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin