“Böyük Qayıdış prosesini həyəcan və sevinclə izləyirik” -MÜNASİBƏT

“Azərbaycan öz ərazi bütövlüyünü Müzəffər Ali Baş Komandanımızın rəhbərlik etdiyi qəhrəman ordumuzun sayəsində tam olaraq bərpa etmişdir. Bu gün İşğaldan azad edilən torpaqlarımızda güclü quruculuq- bərpa işləri aparılır. Eyni zamanda, ərazilər minalardan təmizlənir”. Bu fikirləri SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Anar Xəlilov bildirdi ki, dağıdılmış yurd yerlərimiz yeni müasir tələblərə cavab verən yaşayış məskənləri kimi yenidən qurulur: “Bütün işlər Cənab Prezidentin yaxından iştirakı və rəhbərliyi ilə yüksək səviyyədə aparılır. Artıq ən əsas prosses olan geriyə köç başlanmışdır. Böyük Qayıdış adlanan bu köç prossesini həyacan və sevinclə izləyirik. Keçmiş yurd yerlərinə insanlar böyük sevinc və həvəslə qayıdırlar. Artıq Zəngilan rayonu Ağalı kəndi, Laçın rayonun mərkəzi və Zabux, Sus kəndləri, keçmiş Ağdərə rayonunun Suqovuşan, Talış kəndləri yenidən qurulmuş və insanların köç prosesi davam edir. Yaxın vaxtlarda Şuşaya köç başlayacaqdır. Cəbrayıl rayonu Soltanlı kəndi və Kəlbəcər şəhərində tikintilərə başlanılmışdır. Ağdam şəhəri yeni müasir şəhərsalma üsulu ilə qurulur. Ağdam rayonunun Kəngərli kəndində işlər sürətlə davam edir. Füzuli şəhərinə köç başlanıb. Özbəkistan respublikasının maliyyə yardımı ilə Füzuli şəhərində 1 saylı orta məktəb fəaliyyətə başlayıb. Bütün müasir şəraiti və gözəlliyi ilə bu məktəb baxanları valeh edir. Xankəndi şəhərinin keçmiş əhalisi yenidən siyahıya alınır və oraya da yaxın zamanda köç prosesi başlayacaq. Digər kənd və şəhərlərimizdə layihə, planlaşdırma işləri aparılır”.

A.Xəlilov onu da bildirdi ki, işğaldan azad edilmiş bölkələrimizdə kommunikasiya əlaqələri yenidən sürətlə qurulur: “İnsanların öz yurdlarında maneəsiz, təhlükəsiz və rahat yaşamaları üçün bütün zəruri addımlar atılır. Məşğuluq məsələləri öyrənilir və yeni müəssisələr yaradılır. Məqsəd tez bir zaman kəsiyində keçmiş nəcburi köçkünlərin öz vətənlərinə qaytarılması və yurd yerlərində həyatın yenidən qaynamasına nail olmaqdır. Keçmiş məcburi köçkünlərimiz də bu prosesi yaxından izləyir və səbirsizliklə öz yurdlarına qayıtmağı gözləyirlər. Köç prosesini uğurla həyata keçirən Dövlət Komitəsinə (“Qaçkınkom”) hər gün keçmiş məcburi köçkünlər kütləvi olaraq geriyə köçlə bağlı müraciətlər edir. Bu, bizləri sevindirir. İnsanlarımızın öz dədə-baba yurdlarına bağlılığı, tezliklə dönüb orada həyatın qaynamasını təmin etməkləri çox alqışalayiq haldır. Mən əminliklə deyə bilərəm ki, çox yaxın zamanlarda o torpaqlarda həyat yenidən öz axarına düşərəj dirçələcək, insanlar öz yurdlarında rahat və firavan yaşayacaqdır. Məqsəd də elə bundan ibarətdir. Ölkə rəhbərliyinin torpaqların azad olunmasında göstərdiyi dəmir iradə, o torpaqların yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin geri köçürülməsində də öz sözünü deməkdədir. Qısa müddətdə görülən işlərin miqyası bunu deməyə əsas verir. Keçmiş məcburi köçkünlərin tez bir zamanda geri qayıtmaq arzusu ilə yanaşı, gedən quruculuq işlərində də yaxından iştirak etmək istəklərinin də yüksək olduğu nəzərə çarpır. Dövlət Komitəsinə bu istəklə müraciət edənlər də çoxluq təşkil edir. Onların müraciətləri quruculuq bərpa işlərinin həyata keçirən şirkətlərə göndərilir. Biz İctimai Şura olaraq bu şirkətlərdən bu müraciətlərə daha həssas olmaqlarını xahiş edirik. Böyük Qayıdış prosesində bu çox əhəmiyyətli bir məsələdir. Öz gücü ilə ədaləti bərpa edən Azərbaycan dövləti tez bir zamanda da o torpaqların əzəli sahibləri olan keçmiş məcburi köçkün azərbaycanlı vətəndaşlarımız öz yurdlarına qayıdışını yüksək səviyyədə həyata keçirdəcəkdir. O torpaqların insanları da 30 illik işğal yarasını sağaltmaq üçün yurd yerlərimizin inkişafı və firavan həyatları naminə əbədi olaraq orada yaşayacaq və yaradacaqlar”.

Müəllif: Gülyana

Rəylər

Aşağıdakı məlumatları qeyd edin