“Böyük Qayıdış müvəffəqiyyətlə davam etməkdədir” -MÜNASİBƏT

“Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri yüksək templə davam etməkdədir. Eyni zamanda, ərazilərin təhlükəsiz hala gətirilməsi istiqamətində, çətin də olsa, uğurlu işlər aparılaraq ərazilər minalardan təmizlənir”. Bu fikirləri SİA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, yaşayış məntəqələrimiz bərpa olunur və əhalinin geriyə köçü başlanılıb: “Böyük Qayıdış adlanan bu proses də müvəffəqiyyətlə davam etməkdədir. İnsanlar böyük sevinc hissi ilə doğma yurdlarına qayıdırlar. Keçmiş məcburi köçkünlərin geri qayıtmaları istiqamətində Dövlət proqramına uyğun olaraq bütün zəruri addımlar atılmaqdadır. Təbii ki, doğma yurda geri dönmənin tək şərti yaşayış evlərinin bərpa olunması demək deyildir. Burada yaşayış üçün zəruri olan bütün infrastrukturlar da paralel olaraq yaradılır. Bütün bunlarla yanaşı isə daha vacib bir faktor əhalinin məşğulluq məsələsidir. Dövlət proqramına uyğun olaraq bu məsələdə də diqqəti çəkən vacib addımlar atılır. Cənab Prezident qeyd etdiyi kimi, kənd təsərrüfatı sahələrinin inkişafı istiqamətində işlər aparılır. Əkin sahələri minalardan təmizlənir, suvarma kanalları bərpa edilir. Heyvandarlığın inkişafı istiqamətində gələcəkdə görüləcək işlər planlaşdırılır. Artıq biz Laçın və Kəlbəcər rayonlarında heyvandarlıq və arıçılıqla bağlı əhalinin fəaliyyətə başladığını müşahidə edirik. Bölgə üçün ən gəlirli sahələrdən biri olan turizmin inkişafı istiqamətində kompleks işlərin aparıldığını da müşahidə edirik. Şuşada böyük turizm obyektlərinin inşası uğurla davam edir. Əhalinin yerlərə köçməsindən öncə yeni müəssisələrin inşası nəzərdə tutulur və artıq bir neçəsinin inşasına da başlanılmışdır”.

Təşkilat sədri onu da bildirdi ki, iş adamlarına bölgədə yeni kreativ ideyalı layihələrin həyata keçirilməsi tövsiyə olunur: “Bununla bağlı müvafiq Dövlət orqanları bu layihələrin gerçəkləşməsi istiqamətində öz işlərini aparıllar. Prezidentin yerlərdə fəaliyyət göstərən Xüsusi nümayəndəlikləri də məşğulluq probleminin həlli istiqanətində uğurlu fəaliyyət göstərməkdədilər. İnvestisiyaların cəlb olunması regionun məşğulluq potensialının öyrənilməsi istiqamətində görüşlərin və tədbirlərin keçirilməsini izləyirik. Aparılan böyük həcmli tikinti işlərinin özü də məşğulluq probleminin həllində böyük dəstəkdir. Minlərlə vətəndaşlarımı bu sahədə çalışır. Tövsiyə edərdim ki, o şirkətlər əsasən keçmiş məcburi köçkünlərimizi daha çox işə cəlb etsinlər. Köçürülmə prosesini uğurla həyata keçirən Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlər Komitəsi də bu istiqamətdə öz fəaliyyətini aparır. Komitə köçürülmə ilə yanaşı məşğulluq məsələsini də prioritet hesab edir və əlaqədar qurumlarla yaxından işləyir. Biz İctima Şura olaraq da öz təkliflərimizi Komitəyə çatdırırıq. Hesab edirəm ki, Dövlət proqramına uyğun olaraq bu gün Böyük Qayıdış proqramı bütün istiqamətlər üzrə cənab Prezidentin nəzarəti ilə böyük uğurla aparılır. Bura məşğulluq problemi də daxildir”.

Müəllif: Gülyana

Rəylər

Aşağıdakı məlumatları qeyd edin