Əşyalar daşınır, gözaydınlığı verilir... - Ballıcada köç günü REPORTAJ
Xocalı rayonunun Ballıca kənd sakini Sevinc Məmmədova bir il əvvəl doğma yurdunda məskunlaşıb. Bu gün isə onun sevincinə daha bir sevinc qarışıb: oğlu Teyyub da həyat yoldaşı və iki azyaşlı qızı ilə ata-baba yurduna qayıdıb. Ana oğlunun yeni evinə gözaydınlığına gəlib, qohumlar ailənin əşyalarını evə daşımağa kömək edirlər. Bu gün Məmmədovların bir arzusu da gerçəkləşir – vaxtilə doğma torpağından ayrı düşən ailənin yeni nəsli indi Qarabağda böyüyəcək.
Köçkünlük illərində Gəncədə doğulub boya-başa çatan Teyyub bu torpaqları atasının söhbətlərindən tanıyır. Atası ona Qarabağı, doğma yurdunu anladıb. İndi isə o, öz övladları ilə Ballıcaya qayıdıb ki, onlar burada böyüsünlər.
AZƏRTAC-ın bölgə müxbiri yeni evinə köçən Teyyub Məmmədli ilə həmsöhbət olub:
– Teyyub bəy, doğma yurda xoş gəlmisiniz.
– Çox sağ olun. Mən köçkünlükdə, Gəncədə doğulub boya-başa çatsam da, rəhmətlik atam həmişə bu torpaqlar haqqında bizə danışıb, Qarabağı bizə anladıb, sevdirib. Bu gün atam həyatda olmasa da, mən övladlarımla bu torpaqlara gəlmişəm ki, onlar burada boya-başa çatsınlar. Ata-baba yurdumuza, doğma torpaqlarımıza qayıtdığım üçün çox şadam.
– Bu qayıdışın sizin və ailəniz üçün ən böyük mənası nədir?
– Ən başlıcası odur ki, övladlarım doğma torpaqda böyüyəcək. Bizə bu sevinci yaşadan dövlətimizə, Prezidentimizə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, analarına, valideynlərinə səbir versin. Qazilərimizə və veteranlarımıza cansağlığı diləyirəm. Yaşasın Azərbaycan!
Ailənin yeni evinə köçü zamanı qohumlar da bir araya gəlib, əşyaların daşınmasına kömək edir, gözaydınlığı verirlər.

Bir il əvvəl kəndə köçən ana – Sevinc Məmmədova da bu xoş anlarda oğlunun yanındadır. 34 illik ayrılıqdan sonra oğlunun ailəsinin də doğma kəndə qovuşmasının sevincini yaşayan ana suallarımızı cavablandırır:
– Sevinc xanım, bu gün sevinciniz ikiqatdır: həm yurdunuzdasınız, həm də övladınız ailəsi ilə birlikdə yanınızdadır...
– Bəli, bu gün çox xoşbəxtik. Həyatımızın ən sevincli günüdür. İnanın, o qədər sevinirik ki, söz tapmaqda çətinlik çəkirəm. Biz 1992-ci ildə ayaqyalın, başıaçıq torpağımızdan didərgin düşmüşdük. Amma bu gün müzəffər Ordumuzun sayəsində yenidən öz torpağımıza qayıtmışıq. Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Allah Ordumuzu qorusun. Ordumuz varsa, yurdumuz da var. Şəhidlərimizin analarının qarşısında baş əyirəm.
– Nəvələrinizin də artıq burada böyüyəcəyini görmək bir ana, bir nənə kimi sizə nələri hiss etdirir?
– Mən oğlumun, gəlinimin, nəvələrimin adından dövlətimizə təşəkkür edirəm. Çox sevinirəm ki, nəvələrim Qarabağda – doğma torpağımızda böyüyürlər. Allah hər zaman ölkəmizə əmin-amanlıq bəxş eləsin, bir daha müharibə olmasın. Arzum budur ki, bütün köçkünlər tezliklə öz yurd-yuvalarına qayıtsınlar, uşaqlarımız sülh şəraitində böyüsünlər.
Sevinc Məmmədovanın iki oğlu və bir qızı ailə qurub. İndi onun ürəyində daha bir arzu var: kiçik oğlunun toyunu Qarabağda etmək.
Beləliklə, Teyyub Məmmədlinin ailəsinin Ballıcaya qayıdışı bir ailənin doğma yurdda yeni həyatına başlaması ilə yanaşı, nəsillər arasında ötürülən yurd sevgisinin də davamıdır. Teyyub üçün bu qayıdışın ən böyük mənası övladlarının doğma torpaqda böyüməsidir.
Müxbir – Tahir Ağaməmmədov
0 Rəy