Talış kəndində məktəb zəngi çalınıb

Kəndə ilk mərhələdə köçürülmüş20 ailədən 24 şagird təhsilə başlayıb

 

Martın 27-də Tərtər rayonunun Talış kənd tam orta məktəbində ilk dərs günü ilə bağlı mərasim keçirilib. Mərasimdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təmsilçiləri, digər rəsmilər, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə məktəbdə yaradılmış şəraitlə tanışlıq olub. Bildirilib ki, məktəb 78 şagird yerlikdir. Hazırda burada 24 şagird təhsil alır.

İkimərtəbəli binada sinif otaqları, tibb və müəllimlər otaqlarından savayı, akt zalı və kitabxana yerləşir. Bina yanğın əleyhinə siqnalizasiya, rabitə, videomüşahidə sistemləri ilə təchiz edilib. Məktəbin həyətyanı ərazisində süni ot örtüklü idman meydançaları yaradılıb.

Daha sonra kənddəki məktəbəqədər təhsil müəssisəsində yaradılmış şəraitlə tanışlıq olub. Məlumat verilib ki, uşaq bağçasının birmərtəbəli binası əsaslı təmir edilib. Bütün kommunikasiya sistemləri yenidən qurulub. Həyətyanı ərazidə uşaqlar üçün rezin örtüklü oyun meydançası və iki söhbətgah inşa olunub.

Xatırladaq ki, “Böyük Qayıdış”ın ikinci ünvanı olan Tərtər rayonunun Talış kəndinə martın 16-da ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin