İrəvanın və havadarlarının fiaskosu - Hayların dərdi yol dərdi deyil, “göbək bağı” dərdidir

Bu məsələyə folklor zərbül-məsəliylə yanaşmaq, durumu “buynuzsuz qoçun qisasının buynuzluda qalmadığı” kimi də izah etmək olar.

Gerçəkdən də çox ibrətamiz oldu: 30 il öncədən başlayaraq ta 2020-ci ilin sentyabrına qədər BMT-nin qətnamələrini saya salmayan Ermənistan, nəhayət, bu nəhəng təşkilatın qapısında ağlar günə qaldı.

Vaxt vardı, biz regionla maraqlanan hər bir siyasətçiyə, diplomata özümüzün haqlı olduğumuzu məhz BMT-nin qətnamələrinə istinad edərək çatdırmağa çalışırdıq, deyirdik ki, baxın, Ermənistan torpaqlarımızı işğal edib, o oradan qoşunlarını çıxarmalıdır, BMT də belə hesab edir. Ancaq nə BMT-nin əlində aqressor Ermənistanı cəzalandırmaq, işğal etdiyi ərazilərdən çıxarmaq üçün bir rıçaq vardı, nə regionda marağı olan qüdrətli dövlətlər bu istəkdə idilər, nə Azərbaycan əlverişsiz beynəlxalq situasiyada və hazırlıqsız vəziyyətdə qəti addımlar ata bilirdi, nə də təcavüzkar Ermənistan çığallığından, mənfi mənada maksimalistliyindən əl çəkir, yola gəlirdi.

rrttbmt.JPG (56 KB)

Onun üçün BMT-nin qətnamələri bir zəif dövlətin xarici siyasət idarəsinin dişsiz bəyanatları kimi bir şey idi, nə ciddiyə alıb məhəl qoyurdular, nə də bunu ümumiyyətlə, müzakirə predmeti edirdilər.

İndi BMT Ermənistan üçün nicat qapısıdır. Artıq himayədarı olan dövlətlərin ona yardımçı ola bilməyəcəyini anlayan İrəvan ondan mədət umur.

Hər dəfə nəsə bir şantaj kampaniyasına başlayan Ermənistan heç vaxt haqlı olmadığı, beynəlxalq qanunlara hörmətlə yanaşmadığı üçün kampaniyalarının iflasa uğraması təbiidir. İrəvan BMT TŞ-nin dövlətlərin sərhəd toxunulmazlığı və ərazi bütövlüyünə dair konvensiyaları bu və ya digər şəkildə pozmasını tələb edirdi. Mümkün olmadı. Ermənistan hakimiyyətinin fikrincə, BMT suveren dövlətin daxili işlərinə sərbəst şəkildə qarışmalı, onun konstitusiyasını tapdalamalıydı. Bu da baş tutmadı. Ermənistanın sözügedən ali orqanı manipulyasiya və istismar etmək səyləri iflasa uğradı. Çünki BMT-nin elə bir mandatı yoxdur və ən ümdəsi, bütün hay-küyə, ajiotaja baxmayaraq Qarabağın dağlıq hissəsində yaşayan ermənilər iddia edildiyi kimi “dəhşətli basqı altında”, “soyqırım təhlükəsi qarşısında” deyillər.

fffflllhh.jpg (340 KB)

Ümumiyyətlə, ermənilərin bu ifrata varan hay-küyü, haray-həşiri çox zaman onların ziyanına işləyir. Onlar xarici mediada nə qədər vay-nöfsə qoparsalar da, böyük dövlətlərin diplomatik korpusları və kəşfiyyat xidmətləri öz paytaxtlarına gerçəkliyin nədən ibarət olduğuna dair müfəssəl bilgilər verirlər və qərar qəbul edən dairələr cığal və destruktiv tərəfin kim olduğunu aydın şəkildə görürlər.
Qeyd olunduğu kimi, BMT-nin əsas prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünün təmin olunması və sərhəd toxunulmazlığıdır, ermənilər problemə buradan girə bilmirlər. Onlar illərlə millətlərin öz müqəddəratını təyinetmə hüququnu əllərində rıçaq etməyə çalışdılar, amma bu da alınmadı. Çünki ermənilər azsaylı xalq olmalarına baxmayaraq, artıq bir dəfə öz müqəddaratlarını təyin edib, Ermənistan dövləti yaradıblar. Onların kompakt yaşadıqları bütün yerlərdə dövlət qurmaq hüquqları yoxdur. Ondan da keçən yerdə, dünyada ermənilərdən qat-qat çoxsaylı xalqlar var ki, nəinki suveren dövlətləri, heç muxtariyyatları da yoxdur. Ermənilər gülməşəkər çıxıblarmı?

BMT Təhlükəsizlik Şurasının Ermənistanın istəyi ilə keçirilən iclasının yekununda nəsə bir qətnamə, bəyanat qəbul edilməməsi Ermənistan üçün növbəti fiaskodur. Bu təkcə xarici işlər naziri Ararat Mirzoyanın deyil, bütün Ermənistan diplomatiyasının məğlubiyyətidir. Ancaq bu, o demək deyil ki, onların yerində ağzıyla quş tutan başqa bir diplomat, məsələn, tarixdə özünə ən məşhur diplomat kimi yer etmiş Taleyran olsaydı, Ermənistan diplomatları BMT-dən müzəffər addımlarla çıxacaqdı. Elə olmayacadı. Çünki diplomatları nə qədər güclü olsalar belə, Ermənistanın dövlət olaraq mövqeyi, arqumentləri zəif, tələbləri haqsızdır. Yoxsa Mrzoyandan qat-qat güclü olan Oskanyan və Nalbandyanın vaxtında da ermənilərin haqsız tələbləri beynəlxalq qanunların qalxanına dəyib sınırdı. İnşallah, həmişə belə olacaq və Azərbaycan siyasətini yönəldənlər ölkənin haqlıykən haqsız duruma düşməsinə imkan verməyəcəklər.

bb26e210-3c72-11ee-bde6-7ffba94c56ae.jpg (23 KB)

Ona görə də əslində bu uğursuzluqdan sonra Mirzoyan ya ölkəyə qayıtmamalıdır, ya da qayıdıb istefa verməlidir. Heç biri olmayacaq. Ermənilər özləri də anlayır ki, o da, o biri siyasətçilər və diplomatlar da qaldıra bilməyəcəkləri daşın altına girmişdilər.

Bu, 30 ildir üstüörtülü, 3 ildir ki, açıq şəkildə Ermənistana dəstək verən Fransanın da ikinci iflasıdır. Bu dövlət ötən ilin dekabrında da məsələnin BMT TŞ-da qaldırılmasına cəhd etmişdi. Budur, cəhdlər nəticə verdi, məsələ qaldırıldı, amma yekunu nə oldu? Bu məsələ qaldırıldığı kimi də endirildi və ortaya çıxdı ki, başqa dövlətin daxili işlərinə burun soxan Ermənistan da, onun havadarı Fransa da haqsızdırlar. Bu, onlara dərs olacaqmı? Olmayacaq. Onlar yeni həmlələr edəcəklər – sağdan, soldan. Hər cür bəd əməllərə əl atacaqlar. Amma şair demişkən, haqqın da bükülməz qolu, dönməz üzü var.

Bu qovğada Azərbaycanın istədiyi nədir? Çox şey deyil. Ermənilər tərksilah edilsinlər, Bakıya tabeçilk göstərsinlər, dinc, yanaşı, sülh içində yaşasınlar. Onları asan-kəsən, qovan yoxdur. Ən çoxu bir neçə yüz hərbi caninin məsuliyyətə cəlb edilməsi məsələsi var. O da onsuz olmaz. Onların tökdükləri qanların, kəsdikləri başların sorğu-sualını qiyamətə saxlamaq mümkün deyil. Dövlət də, beynəlxalq hüquq təşkilatları da bu cinayətlərin cəzasını verməyə borcludurlar.

LACCCIN.jpg (421 KB)

Ermənistanın istəyi isə odur ki, Qarabağın dağlıq hissəsi Azərbaycandan qoparılsın, orada yaşayan ermənilər İrəvana tabe olsunlar. Bu isə mümkün deyil. Dövlətin ərazi bütövlüyü pozula bilməz.
İrəvan erməniləri ilə Qarabağ ermənilərinin arasında Azərbaycan dövlətinin qurduğu sərhəd-keçid məntəqəsi dünya ermənilərini ona görə belə narahat edir ki, bölgənin Azərbaycandan qoparılması layihəsi iflasa uğramış olur. Ermənilərə nə başqa bir yol, nə də bundan qat-qat artıq səviyyədə təminat, təchizat lazım deyil. Onların dərdi Xankəndi ilə İrəvan arasında göbək bağının qırılmamasıdır. Sanki Ermənistan daşıyıcı ana, Xankəndi ondan qidalanan cift, “Laçın yolu” isə həmin göbək bağıdır.
Ancaq Azərbaycan ermənilərin bütün hiylə-kələklərini, əsl niyyətlərini çoxdan bilir və onun siyasəti bu məkrli planları addım-addım pozmaqdır.

Araz Altaylı, Musavat.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin