Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu təkrarladı: “Məndən soruşdular, “hə” dedim!”

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağ da daxil olmaqla Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisi olduğunu bildirib.


Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.


"Məndən soruşdular ki, Dağlıq Qarabağ 86 min 600 kvadrat kilometr əraziyə daxildir? Mən də "hə" dedim", - Paşinyan İctimai Televiziyada bildirib.
 

Onun sözlərinə görə, Ermənistan bu bəyanatla vəziyyəti və problemin həlli üçün Azərbaycanla razılaşmanı nəzərə alıb.
 

Paşinyan bildirib ki, Azərbaycan bəzi məsələlərin güc yolu həllinə çalışdığından Ermənistan siyasi bəyanatlarla bu ssenariləri birtəhər idarə etməyə çalışır:
 

“Biz elə formada qərar vermək istəyirik ki, Ermənistanın mövqelərinin legitimliyi toxunulmaz olsun”.


Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarını şərh edərkən bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat heç bir şəkildə 1991-ci ildə Almatıda imzalanmış Bəyannaməni ləğv edə bilməz.

(Lavrov deyib ki, Praqada Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün Almatı bəyannaməsinə istinad edərək rəsmi Bakı ilə razılığa gəlib. Nəticədə Dağlıq Qarabağ da Azərbaycanın tərkib hissəsi kimi tanındığından bu, bölgədə müəyyən dəyişikliklərə gətirib çıxarıb: Azərbaycan Laçın dəhlizini bağlayıb və buna görə məsuliyyəti Rusiya deyil, Ermənistan daşıyır).

 

“Almatı bəyannaməsi 1991-ci ildə Baltikyanı ölkələr istisna olmaqla, bütün keçmiş Sovet respublikaları tərəfindən imzalanıb. Ermənistan parlamenti bunu 1992-ci ilin fevralında ratifikasiya edib. Yəni Almatı Bəyannaməsinə istinadı Ermənistanda və ya Dağlıq Qarabağda vəziyyəti pisləşdirən hansısa yeni amil və ya yeni hal kimi təqdim etmək cəhdi tam doğru deyil. Çünki bu zamana kimi Almatı bəyannaməsi Ermənistan  qanunvericiliyinin ayrılmaz hissəsi olub və olmaqda davam edir. Biz qanunvericiliyə istinad etdik və bunu qeyri-adi bir şey hesab etmək düzgün deyil”, - Paşinyan vurğulayıb.

Paşinyan xatırladıb ki, Rusiya azı iki dəfə ən yüksək səviyyədə bəyan edib ki, beynəlxalq səviyyədə Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir. Baş nazirin sözlərinə görə, Rusiyanın həmin bəyanatların ardından Ermənistanı ittiham edərək “siz bizə Dağlıq Qarabağı müdafiə etməyə imkan vermədiniz” söyləməsi anlaşılan deyil.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin