Naxçıvanda hərbi kompleks: Azərbaycan xaricdən asılılığı azaldır - FOTOLAR

Dünən Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı olub.

 

 Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan açılışda iştirak edib.

 

Türkiyənin nüfuzlu "SavunmasanayiST" hərbi nəşri komplekslə bağlı bir sıra detalları açıqlayıb. Nəşrin məlumatına görə, hərbi kompleks Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında imzalanmış müqavilə çərçivəsində modernləşdirilib. 7 ay müddətində modernləşdirilən kompleks sayəsində Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitələrinin texniki baxış-təmir, yenilənməsi və modernləşdirilməsi ehtiyacları xarici mənbələrdən asılı olmadan öz strukturunda həyata keçirilə bilər.

 

Hərbi kompleks müxtəlif növ tank, zirehli döyüş maşını və transportyorların, artilleriya qurğu və sistemlərinin, hava hücumundan müdafiə vasitələrinin, atıcı silahların, mühəndis texnikasının, rabitə avadanlıqlarının, optik cihazların təmirini və modernləşdirilməsini, müxtəlif növ daxiliyanma mühərriklərinin təmirini və stend üzərində yoxlanılmasını, qeyd olunan bütün vasitələr üzərində detal və avadanlıqların dəyişdirilməsini və test edilməsini həyata keçirmək imkanına malikdir.  Hərbi kompleks 1 mərkəzdən, 8 təmir müəssisəsindən və 10 sahədən ibarətdir. Burada müxtəlif növ texnikaların təmiri və bərpası üçün 300-dən çox avadanlıq quraşdırılıb. Eyni zamanda, idarəetmə, yataqxana və təminat binası inşa edilib.

 

 

Hərbi hissənin zirehli və avtomobil texnikaları parkında texniki nəzarət məntəqəsi, texniki qulluq və təmir məntəqəsi binaları, ümumi texnika tutumu 284 yer olan 4 saxlanc, yanacaqdoldurma, yuma və gündəlik texniki qulluq məntəqələri inşa olunub.

 

“Naxçıvan Mərkəzi Təlim-Tədris Sahəsi” taktiki və idman sahələrindən, atış, artilleriya, mühəndis, kəşfiyyat, rabitə, kimya və qarovul şəhərciklərindən ibarətdir. Kompleksə yüksək səviyyədə təchiz olunmuş idman şəhərciyi də daxildir.

 

Nəşr yazır ki, layihə ilk növbədə obyektin infrastrukturunun ehtiyaclara cavab verməsi məqsədi daşıyırdı. Bu çərçivədə qısa müddətdə elektrik infrastrukturu, xüsusi mərtəbə tikintisi, istilik sistemi, kran sisteminin quraşdırılması, müxtəlif sexlərin quraşdırılması kimi məsələlər planlanaraq layihələndirilib.

 

Məqalədə deyilir ki, kompleks üçün tədarük olunan texnikanın böyük hissəsi Türkiyənin hərbi zavodlarında yerli və milli imkanlarla istehsal olunub. Qısa müddətdə və az xərclə həyata keçirilən layihə Azərbaycanın digər hərbi zavodlarının və texniki-təmir obyektlərinin modernləşdirilməsini gündəmə gətirib.

 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin