Prezident İlham Əliyev - yeni əsrin yeni lideri

Ümummilli Liderin xalqımız qarşısındakı müstəsna xidmətlərindən biri də onun siyasi kursunu yeni şəraitdə, yeni əsrin reallıqlarını nəzərə almaqla yüksək səviyyədə davam etdirə bilən layiqli varis yetişdirməsi oldu. Ağır xəstəlik səbəbindən dövlət başçısı kimi fəaliyyətini davam etdirə bilməyən Ulu Öndər 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində demişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

Müraciətin imzalanıb ictimailəşdirilməsindən artıq 20 il keçib. Görülən işlərin miqyasına görə az qala əsrə bərabər sayıla biləcək bu möhtəşəm 20 il Ulu Öndərin nə qədər haqlı olduğunu göstərdi. 2003-cü il oktyabrın 15-də, kəskin siyasi mübarizə və rəqabət şəraitində seçicilərin 76,8 faizinin səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev özünün titanik fəaliyyəti, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasəti sayəsində Heydər Əliyev kursunun ən layiqli davamçısı, yeni əsrin yeni lideri olduğunu sübut etdi.

Son 20 ildə dövlət başçısının təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı proqram və layihələr həm paytaxt Bakının, həm də bölgələrin simasını kökündən dəyişdi. Azərbaycan durmadan inkişaf edən, sürətlə modernləşən bir ölkəyə çevrildi. Cəmi 20 ildə ümumi daxili məhsulunu 3,6 dəfə, strateji valyuta ehtiyatlarını 47 dəfə, dövlət büdcəsinin xərclərini 30 dəfə, orta aylıq nominal əməkhaqqını 12 dəfə, minimum əməkhaqqını 38 dəfə artıra bilən ölkələr dünyada barmaqla sayıla biləcək qədərdir desək, yanılmarıq. Azərbaycan nisbətən qısa zaman kəsiyində cənab Prezidentin uzaqgörən siyasəti və müdrik rəhbərliyi ilə bütün bunlara nail olub.

Təhsil işçisi olduğum üçün xüsusi qeyd etməyi vacib bilirəm ki, son 20 ildə bizim sahəyə ayrılan xərclər də 19 dəfə artıb, həm büdcə vəsaiti hesabına, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə paytaxt və regionlarda misli görünməmiş sayda—3630 məktəb tikilib istifadəyə verilib. Ölkənin ən qocaman ali təhsil müəssisələrindən olan Pedaqoji Universitet də son 20 ildə böyük inkişaf yolu keçib.

Universitetimizin maddi-texniki bazası möhkəmlənib, müəllimlərin maaşı və tələbələrin təqaüdü əhəmiyyətli dərəcədə artıb, təhsilin keyfiyyəti yüksəlib. Sevindirici haldır ki, ali təhsil almaq üçün ADPU-ya üz tutan abituriyentlərin sayı ildən-ilə çoxalır, məzunlarımız MİQ imtahanlarında qənaətbəxş nəticələr göstərir, əmək bazarında iş yeri tapmaqda çətinlik çəkmirlər. Biz şadıq ki, cənab Prezident universitetimizin fəaliyyətinə yüksək qiymət verərək, onun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi barədə sərəncam imzaladı, əməkdaşlarımızın böyük bir hissəsini yüksək dövlət mükafatları və fəxri adlarla təltif etdi.

Məlumdur ki, sırf obyektiv səbəblər üzündən Ulu Öndər Heydər Əliyevin öz sağlığında reallaşdıra bilmədiyi yeganə bir arzusu vardı: erməni işğalındakı torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyümüzü bərpa etmək. Amma o, xalqa son müraciətində də dərin inam hissi ilə bildirirdi ki, həll edə bilmədiyi taleyüklü məsələləri onun davamçısı olan İlham Əliyev axıra çatdıra biləcəkdir. Belə də oldu. 3 il əvvəl- 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu öz Ali Baş Komandanının bilavasitə rəhbərliyi altında Ermənistanın silahlı qüvvələrini darmadağın etdi, düşməni diz çökməyə, təslim aktını imzalamağa məcbur etdi. Ötən ay həyata keçirilən lokal antiterror əməliyyatı isə problemi kökündən və birdəfəlik həll etdi: 30 il ərzində Qarabağda at oynadan qondarma qurum, xunta rejimi ağ bayraq qaldırıb özü özünü ləğv etmək barədə qərar qəbul etməyə məcbur oldu.

Bununla da, Azərbaycan dövləti bütün torpaqları üzərində tam suverenliyini bərqərar etmiş oldu. Bu gün hamımız fəxrlə deyirik ki, Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü silah gücünə, qalibiyyətli müharibə yolu ilə bərpa edə bilmiş ilk və yeganə ölkədir. Biz qalib ölkənin qalib vətəndaşları olmağımızdan haqlı qürur duyur, bu misilsiz Zəfərə görə qəhrəman əsgər və zabitlərimizə, müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlığımızı bildiririk.

Bu gün tam əsasla deyə bilərik ki, Qarabağdakı tam və qəti qələbə cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinin həm məntiqi nəticəsi, həm də ən yüksək zirvəsi oldu. Təsadüfi deyil ki, üçrəngli bayrağımız da Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgəran üzərində məhz həmin gün-oktyabrın 15-də qaldırıldı. Cənab Prezidenti əlamətdar ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, yorulmaz, nəhəng miqyaslı və çoxşaxəli fəaliyyətində, alternativi olmayan daxili və xarici siyasət kursunun reallaşmasında yeni uğurlar arzulayırıq.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov

Rəylər

Aşağıdakı məlumatları qeyd edin