“SUÇ”UMUZ ZƏFƏRİMİZDİR...

Azərbaycan 23 ildir Avropa Şurasının üzvüdür.

Azərbaycan Avropa Şurasına üzv olanda beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizi işğal altındaydı.

Azərbaycan Avropa Şurasının ərazi bütövlüyü, suverenliyi pozulmuş üzv ölkələr arasında öz ərazi bütövlüyünü, suverenliyini nəhayət bərpa etməyi bacarmış tək ölkədir.

Avropa Şurası 23 il öncə işğalçı Ermənistanı işğala məruz qalan Azərbaycanla eyni vaxtda üzvlüyə qəbul etdi. – Ermənistanın işğalçılıq siyasətinin aktiv fazasının bədnam 10-cu ildönümü ilində...

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) indi Azərbaycanın – öz ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş üzv ölkənin səsini dondurmaq (səsvermə hüququnu əlindən almaq) niyyətindədir... Necə deyərlər, “20 faiz torpağınızı qaytarmısız, səsinizi 20 fazi kəsirik”...

Amma Avropa Şurası işğalçı Ermənistanın səsini heç zaman dondurmadı...

Azərbaycan uzun illər bir çox Qərb dövlətləri, beynəlxalq qurumlar tərəfindən ikili standartlarla üzləşdi; belə haqsız yanaşma, 44 günlük müharibədən sonra daha da artdı. Belə bir məntiqi nəticəyə gəlirik: işğala uğrayanda da, işğala son verincə də ikilistandartlarla üzləşmişiksə, onda elə ən salamatı, öz bildiyimizi eləmək, heç nəyə baxmadan, öz haqqımızın müdafiəsinə qalxmaqdır. Strasburqda səsimiz (səsvermə hüququmuz) Xankəndidə, Xocalıda səsimizin kəsilməsinə bağlıdırsa, qoy, səsimiz Xankəndidə, Xocalıda havalansın, Xocalıda, Xankəndidə suveren hüquqularımız əbədi olsun, daha yeydir...

Məni qınamayın, Azərbaycandakı ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər əməli çalışma sahələri üzrə imkan və gerçəkliklər, uğur və qayğılar baxımından 2020-ci il öncəsi ilə müqayisədə Avropa Şurasını rəncidə edəcək nə baş verib? – 44 günlük müharibədən öncəkindən fərqli neynəmişik ki? – Cavab aydındır: tarixi torpaqlarımızı işğaldan qurtarmaqdan başqa bir “suç”umuz yoxdur!.. Suçumuz haqlı olmaqdırmı?! – Belədirsə, necə də mübarək suçdur!

Bəli, təcrübə göstərir ki, islamofob, türkofob (artıq Azərbaycanafob), eləcə də, açıq-açığına ermənipərəstlik edən qüvvələr AŞPA-dan Azərbayacana (ümumən Türk-İslam dünyasına) qarşı vasitə kimi istifadə etməyə çalışır, bir çox hallarda buna nail olur. Avropa Şurası müxtəlif Avropa ölkələrinin türkofob, islamofob təfəkkürlü (təfəkkürsüz) nümayəndələrin düşərgəsinə çevrilməkdədir. – Onlar, əsasən Avropa Parlamentinə düşə bilməyən nümayəndələrdir. Bu qurum uzun illər içində Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təcavüzünə, ərazilərimizin işğalı faktına qarşı heç bir ciddi tədbir görməyib. Təkrarçılıq çıxmasın, xeyir ola, əgər bir quruma üzv olan iki ölkədən biri digərinin ərazisini işğal edibsə, bu acı fakta görə işğalçının səs hüququ illər uzunu niyə heç olmazsa, bircə dəfə əlindən alınmadı?

AŞPA nə etməliydi, nə edib?...

AŞPA yeni üzv dövlətlərdən bütün edamları dayandırmağı tələb etməliydi – Azərbaycan Respublikası Şuraya üzv olmamışdan 3 il öncə - 1998-ci il fevralın 10-da ölüm cəzasını ləğv etmişdi. Azərbaycan ölüm hökmünü ləğv edəndən illər sonra da, Avropa Şurasının üzvü olan bir sıra dövlətlərdə ölüm cəzası qüvvədəydi...

Üzv dövlətlərdə insan hüquqlarının pozulmasını ifşa edən yüksək profilli hesabatlar hazırlamaq da AŞPA-nın mandat-missiyasına daxildi. Lap yaxşı! – Ermənistandan 300 minə yaxın, Qarabağ və Gündoğar Zəngəzurdan 700 min civarında insanın qaçqın, məcburi köçkün salınması, insanların ev-eşiklərinin dağıdılması, varidatının talan edilməsi insan hüquqlarına heçmi aid deyil(di)?!.

AŞPA keçmiş sovet ölkələrinə demokratiyaya keçid sürəcində yardımçı olmağa da yükümlüydü. Oldumu? Hanı? Assambleya ikili standartlarlamı örnək olur? Assambleya bizə nəynən ilham verib, kömək edir?

AŞPA münaqişələrin aradan qaldırılmasında və ya mübahisəli siyasi, sosial məsələlərdə konsensusa nail olmaqda üzv dövlətlərə yardım etmək vəzifəsini də daşıyır(dı). Daşıdımı? – İşğalçı ilə işğala məruz qalan üzv ölkələri bərabər tutmaqlamı? Bu azmış kimi, işğalçıya dəstək üslub və türündə işlər görüb, Azərabyacn nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması əyləmi iləmi? Nə qədər urvatsız işdir, elə deyilmi?

AŞPA üzv dövlətlərin əsas siyasi tendensiyalarını təmsil edir. Assambleya, Avropa işbirliyi ideyasını Avropa boyunca bütün demokratiya meydanlarına yaymaqda həlledici rol oynamalıydı. Uzun illər işğalçılığı, terrorizmi, daşnaksütunçuluğu, son illərsə revanşizmi dövlət siyasəti kimi sabitləşdirmiş Ermənistanın hansı siyasi tendensiyasını təmsil etmək fikir, niyyətindədir, əcaba?

Qoy bizə o iradı tutsunlar ki, o iradı tutanın buna mənəvi haqqı çatır; bizə o iradı tutsunlar ki, əsası olsun; o iradı qəbul edək ki, o qərəzli deyil, ikilistandartlardan qaynaqlanmır, əməkdaşlıq ruhunu zədələmir və s...

Odur ki, “Assambleyanın hazırkı qərarı insan hüquqları ilə bağlıdır” demək gülünc səslənir. Bu, öz suverenliyini, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Biz necə cəhdlərlə üz-üzə qalmış, nələri bacarmışıq!

ƏvəlAllah!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Əkbər QOŞALI

shushainfo.com

Rəylər

Aşağıdakı məlumatları qeyd edin