Ermənistandan növbəti “sülh” cığallığı - Bakıdan reaksiyalar

Rəsmi İrəvanın destruktiv fəaliyyəti yekun sazişin imzalanmasını ləngidir; prosesi tormozlayan ciddi əngəllər var; ermənişünas alim: “Ermənistan sülh müqaviləsinə nail olmaq üçün öncə konstitusiyasına dəyişiklik etməlidir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın sülhlə bağlı heç də səmimi olmadığı qənaətini möhkəmləndirən açıqlamalar verib. Mirzoyan deyib ki, 2023-cü il ərzində Ermənistan konstruktiv şəkildə Azərbaycanla münasibətlərin həllinə yönəlmiş danışıqlarda iştirak edib.

Erməni nazirin sözlərinə görə, bu, ümumilikdə sülh prosesinə, o cümlədən sülh müqaviləsinin imzalanmasına, delimitasiya prosesinin başlanmasına, regionda nəqliyyat və iqtisadi blokların açılmasına aiddir. O təkrar edib ki, Ermənistan və Azərbaycan birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. “Bundan əlavə, sərhədin delimitasiyası möhkəm hüquqi əsası olan SSRİ-nin rəsmi xəritələri əsasında aparılmalıdır. Biz davamlı olaraq 1974-1978-ci illərin xəritələrindən bu prinsipləri əks etdirən ən son xəritələr kimi danışdıq. Əvvəllər Azərbaycan tərəfi 1974-1990-cı illəri əhatə edən xəritələrdən istifadə etməyi təklif edirdi. Bunun məqbul ola biləcəyini təklif etdik. Amma Azərbaycan Prezidentinin son bəyanatlarına əsaslanaraq deyə bilərik ki, bu məsələdə Azərbaycanın mövqeyində geriləmə var. Almatı Bəyannaməsinə görə, bütün postsovet ölkələri inzibati sərhədlərin artıq müstəqil respublikaların sərhədləri kimi tanındığını qəbul edib. Ermənistan və Azərbaycan bu prinsipi 2022-ci ildə Praqada, eləcə də növbəti görüşlər zamanı təsdiqləyiblər. Üçüncü mühüm prinsip ondan ibarətdir ki, nəqliyyat və iqtisadi kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, eləcə də qarşılıqlılıq əsasında blokdan çıxmalıdır. Azərbaycanla bu məsələ ilə bağlı çoxlu müzakirələr apardıq və əslində müəyyən qarşılıqlı anlaşma əldə etdik. Amma İlham Əliyevin son mətbuat konfransını nəzərə alsaq, geriləmənin baş verdiyini də qeyd etmək olar. İrəvan və Bakı sülh müqaviləsinin mətninin bəzi bəndləri üzrə qarşılıqlı razılığa gəlib. Ancaq bir sıra əsas məsələlər var ki, onlara yanaşmada fərqlilik var”, - Ermənistan XİN rəhbəri iddia edib.

Göründüyü kimi, A.Mirzoyanın dediklərində müəyyən pozitiv çalarlar olsa da, qeyri-səmimilik və cığallıq aydın hiss olunur. İlk olaraq bunu vurğulamalıyıq ki, 2023-cü il ərzində Ermənistan dəfələrlə sülh prosesini pozdu. Nəhayət, 2023-cü ilin sentyabrında təxribatları o həddə çatdırdı ki, antiterror tədbirləri qaçılmaz oldu. Ərazi bütövlüyünün tanınmasına gəlincə, ərazi iddiası, işğalçılıq siyasəti Ermənistana aid olub və ötən il Paşinyan bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü Qarabağ da daxil olmaqla, tanıyırlar. Hətta Rusiya buna görə Ermənistana təpinib də... İndi isə Mirzoyan deyir ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu, o demək deyilmi ki, Ermənistan yenidən “sıfır nöqtəsi”nə qayıdır?!

Maraqlıdır ki, bunun ardınca Mirzoyan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunduğunu deyib. Eyni zamanda söyləyib ki, danışıqlar prosesində birbaşa əlaqə təkcə Azərbaycan və Ermənistan liderlərinin administrasiyaları arasında deyil, həm də Xarici İşlər Nazirliyi və digər idarələr vasitəsilə mövcuddur. O, Xarici İşlər Nazirliyinin xətti ilə sülh sazişi ilə bağlı təkliflərin mübadiləsinin aparıldığını, yanvarın əvvəlində İrəvanın yeddinci təkliflər paketini Bakıya təqdim etdiyini deyib. Mirzoyan qeyd edib ki, İrəvan üçün önəm daşıyan məqam vasitəçilərin olması deyil, danışıqların məzmunudur. Bakıdan Mirzoyana cavablar nədən ibarətdir? Bu yerdə qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan XİN daha bir absurd bəyanatla çıxış etmişdi və rəsmi Bakıdan sərt cavabını aldı. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə X hesabında Ermənistan XİN-in iddialarına cavab verərkən bildirdi ki, Ermənistan açıq ikiüzlülük edir. “Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir” - diplomat bildirmişdi. Özünü “sülhpərvər” göstərən Ermənistan XİN destruktiv mövqeyini də fürsət düşən kimi sərgiləyir.

Rəsmi İrəvan Qərbdəki havadarlarının sifarişlərinə uyğun davranmaqda davam edir ki, bu da Azərbaycanın təklif etdiyi platformanın, ikitərəfli danışıq aparmaq təşəbbüsünün nəticə əldə etməsini əngəlləyən məsələdir. Mirzoyan son açıqlamasında Bakıya mina xəritələrini təqdim etməyə hazır olduğunu da bildirib, amma üçüncü tərəfin iştirakı ilə. Bu isə ondan xəbər verir ki, İrəvan bütün bəhanələrdən istifadə edərək havadarlarından azı birini prosesə qoşmaq istəyir. Belə olan halda Rusiyanın seyrçi qalacağını da gözləmək olmaz ki, bu da sülhün əldə olunmasını əngəlləyəcək. Yeri gəlmişkən, yazı çapa hazırlanarkən məlum oldu ki, Ermənistan hökuməti Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsinə baxacaq. Artıq məsələ Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilib. Xatırladaq ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının statusu haqqında Saziş 2023-cü ilin noyabrında imzalanıb. Sazişi Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan və Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos imzalayıb. Bir neçə gün əvvəl isə Aİ Ermənistandakı missiyanın sayının 138 nəfərdən 209-dək artırılmasını rəsmiləşdirib. Bu kimi qərarlar Azərbaycanla sülh imzalanmasını tezləşdirmir heç şübhəsiz...

Bəs ekspertlərimiz erməni nazirin açıqlamasını necə şərh edir? Onlar necə düşünürlər, indiki durumda sülhə yaxınlaşma sezilir, yoxsa uzaqlaşma?

Bu, Rusiyanı imperialist maraqlardan çəkindirməyin bir yoludur” - Qafar  Çaxmaqlı

Qafar Çaxmaqlı

Politoloq, ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son zamanlar Azərbaycanla sülh müqaviləsi ilə bağlı Ermənistan rəsmilərinin bir-birinə zidd münasibətlərinin şahidi oluruq: “Bu, onu göstərir ki, Ermənistanın bu prosesin aparılması ilə bağlı vahid mövqeyi yoxdur. Hələ indi Ararat Mirzoyan qənaətə gəlib ki, sülh müqaviləsinin harada imzalanmasının elə də ciddi əhəmiyyəti yoxdur, əsas məsələ onun məzmunudur, prinsiplərdir. Bunlar hamısı Azərbaycan tərəfindən təklif olunan paketdə təqdim olunub və Ermənistan bu təklifləri qəbul etdiyini də bir neçə dəfə ifadə edib. Amma dilə gətirilməsə də, indi belə bir problem ortaya çıxıb ki, bu müqavilə bağlanarsa, o, Konstitusiya Məhkəməsində təsdiq olunacaqmı? Paşinyan deyəndə ki, Ermənistanın Konstitusiyası nəinki dəyişməli, yenisi qəbul edilməlidir, o, bağlanacaq müqavilənin dövlətin konstitusiyasına uyğun olmasının şərt olduğunu nəzərdə tutur”. 

Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistan Respublikasının mövcud konstitusiyası ilə Azərbaycanla, hətta Türkiyə ilə belə bir müqavilənin bağlanması indiki halda mümkün deyil: “Çünki bu konstitusiyada hər iki qonşu ölkəyə ərazi iddiaları bu və ya başqa formada öz əksini tapıb. Belə şəraitdə müqavilə konstitusiyaya zidd olacaq. Ermənistan sülh müqaviləsinə nail olmaq üçün öncə konstitusiyasına dəyişiklik etməlidir. Bu isə azdır, Paşinyanın fikrincə, yeni bir konstitusiya qəbul etmək gərəkdir. Bunun üçün isə referendum olmalıdır. Bu durum sülh sazişini bir qədər uzaq tarixə qədər təxirə salacaq. İndi Ararat Mirzoyandan soruşmaq lazımdır: sülh prosesini uzadan kimdir?”

ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan daim ikitərəfli danışıqlar prosesinə zərbə vuran açıqlamalar verib: “Hətta Nikol Paşinyan və Alen Simonyan praqmatik mövqe tutanda belə, Ararat Mirzoyan tam əksini ortaya qoyub. Amma onu da unutmamışıq ki, ilk növbədə 2023-cü ilin sentyabrında Ermənistanın baş naziri Qarabağ separatçılarının "müstəqilliyi" ilə bağlı təbrik məktubu göndərib. Bu, danışıqlara zərbə və sülhə qarşı bir proses idi. Halbuki o, 2022-ci ildə Almatı Bəyannaməsinə uyğun olaraq Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığı sənədi imzalamışdı. Ermənistan tərəfi həmişə sülhdən qaçıb. Zəngəzur dəhlizini bu günədək açmayıb, üstəlik, Azərbaycanın “Ermənistanın ərazisindən” çəkilməsini tələb edib. Halbuki hansı ərazi nəzərdə tutulur, onu da demir. Ermənistan hücum silahları alaraq danışıqlarda üstünlük əldə etməyə çalışır. Bu faktın özü Ermənistanın sülhdə maraqlı olmadığını göstərir. Həmçinin Azərbaycana qarşı beynəlxalq müstəvidə diplomatik müharibə aparır. Halbuki sülh istəyən tərəf buna son qoymalıdır. Ermənistan tərəf Zəngəzur yolunun maneəsiz giriş-çıxışını təmin etmir. Qoşunların güzgü prinsipi ilə geri çəkilməsi kimi absurd iddialar irəli sürür. Hətta Paşinyan silahlara nəzarət kimi əcaib şərt səsləndirib". 

M.Əsədullazadə qeyd etdi ki, Ermənistan məğlub tərəfdədir və Azərbaycan da ondan beynəlxalq hüquqa uyğun şərtlərə əməl etməsini tələb edir: “Amma Ermənistan şərt dili ilə danışır. Bu, yolverilməzdir. Sülh müqaviləsinin bağlanması ilə bağlı Zəngəzur məsələsi problem olaraq qalır. Zəngəzur yolunun açılması ilə bağlı proseslər Ermənistan tərəfinin mövqeyindən asılıdır. Əgər Zəngəzurla bağlı ortaq məxrəcə gəlinsə, sülh müqaviləsi çox yaxın müddətdə bağlana bilər”. Ekspert qeyd etdi ki, prosesi pozan tərəflərdən də biri Rusiyadır: “Rusiya da bölgədə sülhə mane olur. İkitərəfli danışıqlarla vasitəçisiz sülh müqaviləsi bağlana bilər. Eyni zamanda burada digər güc mərkəzləri də sülh prosesini sabotaj edir”.

E.PAŞASOY,

Rəylər

Aşağıdakı məlumatları qeyd edin