Qondarma rejimin qalıqları: Azərbaycan Qarabağdakı bəzi tikililəri sökməklə tarixi bərpa edir - ŞƏRH

Ermənistan Azərbaycana qarşı sabotajlarını müxtəlif müstəvilərdə davam etdirir. Rəsmi İrəvan beynəlxalq ictimaiyyətdə Bakıya qarşı ictimai rəy yaratmaq üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır. Son günlər növbəti bir qarayaxma kampaniyası müşahidə olunur. Belə ki, Ermənistan Xankəndidə keçmiş separatçılar tərəfindən tikilən bəzi binaların sökülməsinə siyasi don geyindirməyə çalışır. Əlbəttə ki, bu iddialar tamamilə əsassızdır.

Birincisi, Xankəndinin baş planı hələ sovet dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib. Azərbaycan SSR şəhərdə geniş tikinti işləri həyata keçirib. 90-cı illərdən, yəni işğaldan sonra isə şəhərin bütün mənzərəsi pozulub. Baş plana uyğun olmayan binalar tikilib.

Beləliklə, hazırda gedən proses, əslində, vaxtilə tərtib olunmuş və icra edilmiş baş planın, eləcə də tarixin bərpa olunmasıdır. Ona görə tarix ki, ermənilər 30 illik işğal dövründə həqiqətləri saxtalaşdırmağa, mif yaratmağa çalışıblar. Belə ki, işğaldan sonra Xankəndidə bir sıra binalar tikilib. Məsələn, bunlardan biri “Artsax parlamenti"nin binasıdır. Onun ümumi sahəsi 1 350 kv/m.-dir. Binanın açılışı keçmiş separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2007-ci il sentyabrın 2-də olub. Açılış mərasimdə iştirak edən Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” kimi qiymətləndirmişdi.

Yeri gəlmişkən, sözügedən binanın tikintisi zamanı külli miqdarda yeyintiyə də yol verilib. Bununla bağlı kifayət qədər faktlar var. Məsələn, qondarma parlamentin iclaslarında səslənən rəqəmlərə görə, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, amma bu vəsait “kifayət etməyib”, ona görə 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb. Bununla belə, binanın tikintisinin yekunlaşması üçün adları çəkilməyən sponsorlardan da əlavə vəsait cəlb edilib.

Həmçinin, sonradan Xankəndidə tikilən “Artsaxı azad etmiş döyüşçülər ittifaqının” binasını nümunə kimi göstərmək olar. Xankəndi şəhərinin mərkəzi meydandakı binanın açılışı 2013-cü il mayın 8-də baş tutub. Bu tarixi, əlbəttə ki, təsadüfi hesab etmək olmaz. Şuşa məhz 1992-ci il mayın 8-də işğal olunmuşdu. Açılış mərasimi Xankəndidə təşkil olunmuş “bayram tədbirləri” çərçivəsində baş tutmuşdu. Mərasimdə ozamankı Ermənistan prezidenti Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan (Hazırda Bakıda istintaq təcridxanasında məhkəməsini gözləyir - red.) iştirak etmişdilər.

Bu tikililəri qeyd etməyimiz əbəs deyil. Belə ki, “Artsax parlamenti” adlanan bina Azərbaycana qarşı işğal və soyqırımı planlarının cızıldığı və qərarların qəbul olunduğu terrorçu yuvası olub. “Artsaxı azad etmiş döyüşçülər ittifaqının” binası isə əslində növbəti dəfə tarixi saxtalaşdırmaq cəhdidir. Belə ki, ermənilər bu binanın adı ilə Qarabağın Ermənistan ərazisi olduğunu və 90-cı illərdə “azad edildiyini” iddia etmək istəyirdilər. Bu, təxribat deyil, nədir?!

Digər tərəfdən, Qarabağda 30 il ərzində mövcud olan rejim qanunsuzdur. Heç bir dövlət bu rejimi tanımayıb. Beynəlxalq hüquq da qondarma rejimin mövcudluğuna imkan vermir. Bu da o deməkdir ki, oradakı separatçıların tikdikləri binalar da qanunsuzdur.

Yada salaq ki, işğal dövründə Şuşada da “parlament binasının” tikintisi gedirdi. Amma 44 günlük müharibə vaxtı həmin tikili dağıdıldı. Azərbaycan ordusu Ermənistanın növbəti siyasi təxribatına və tarixi saxtalaşdırma cəhdinə imkan vermədi. İndi həmin binanın yerində "Şuşa" oteli tikilib.

İndi bəzi Ermənistan rəsmiləri bu binaların sökülməsini sülh prosesinə zərbə kimi qələmə verməyə çalışırlar. Halbuki, bunlar tamamilə fərqli məsələlərdir. Azərbaycan, əksinə, etimad mühitinin yaranmasına, təkcə hakimiyyətlər deyil, həm də xalqlar arasında münasibətlərin normallaşmasına çalışır.

Azərbaycan indi işğaldan azad olunmuş bütün ərazilərdə, o cümlədən vaxtilə qondarma rejimin mövcud olduğu Xankəndidə geniş yenidənqurma-bərpa işləri həyata keçirir. Əslində, bu, geniş mənada həm də tarixin bərpasıdır. Azərbaycan xalqı başqasının yazdığı tarixə boyun əymir, əyməyəcək. Azərbaycan öz tarixini özü yazır və öz yazdığı tarixi yaşayır.

Keçmiş qondarma rejimin “mirasları” olan binaların sökülməsi də o deməkdir ki, Azərbaycan ərazisində heç vaxt yad ünsürlərə yer olmayacaq.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin