Bakıdan revanşistlərə son xəbərdarlıq - İrəvanın aqressiyası...

Ermənistan Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yığmaqla revanş planlaşdırır; ekspertlərə görə, bu ssenari mümkün təxribata hazırlıq məqsədi daşıya bilər

Fransa başda olmaqla, xarici havadarlarına güvənən kapitulyant Ermənistan sülh müqaviləsini ləngitməklə yanaşı, özünün təhlükəli oyunlarına davam edir. Getdikcə daha aydın şəkildə görünən budur ki, rəsmi İrəvan yalançı sülh ritorikası fonunda əslində sürətlə silahlanma və revanşa hazırlıq içindədir. 

Təbii ki, Bakıda və Ankarada hamıdan yaxşı bunu görür və təhlil edirlər. Maraqlıdır ki, bu arada Ermənistan baş nazir Nikol Paşinyan daha bir vədinə - Qazaxın 4 kəndi ilə bağlı vədə xilaf çıxıb. Martın sonunadək kəndlər Azərbaycana təhvil verilməyib. Bu azmış kimi, xəbər yayılıb ki, Ermənistan Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yığır. O da bildirilir ki, ötən ilin sentyabrından qarşı tərəfin belə fəallığı qeydə alınmayıb. Bundan başqa, iki gün öncə Paşinyan sülh məsələsində yenə nala-mıxa vuraraq, Azərbaycanı, üstəlik, yeni müharibəyə hazırlaşmaqda suçlayıb. “Görünən odur ki, Azərbaycan regionda yeni müharibəyə başlamaq üçün səbəblər tapmağa çalışır” deyib. Yəni şərti sərhədlərə ordu toplayan ölkənin rəhbəri həyasızcasına Azərbaycana şər atıb...

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur”. Bu barədə isə Azərbaycan Müdafiə Nazirliyinin keçən həftəsonu yaydığı son açıqlamada bildirilir. “Axır vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq. Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”, - məlumatda deyilir. 

Ermənistanın məhz Brüssel görüşünə sayılı günlər qalmış hərbi fəallaşması təsadüfdürmü? İrəvanın əsas hədəfi nədir?  

Elxan Şahinoğlu - Bioqrafiya.com

 Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun bildirdiyinə görə, Ermənistanın sərhədə yeni qüvvələr toplamasını müxtəlif ehtimallarla əsaslandırmaq mümkündür: “Birincisi, Nikol Paşinyan 4 kəndin qaytarılması mövzusunu 5 apreldə Brüsseldə müzakirə etmək istəyir, veriləcək məsləhət əsasında qərar verəcək, buna qədər isə sərhədi möhkəmləndirmək qərarını verib. Görünür, Paşinyan bu qənaətdədir ki, Azərbaycanın 4 kəndi geri qaytarmaq üçün çox gözləmək fikri yoxdur. Həqiqətən aprel ayında məsələ həll olunmalıdır. Yaxşı olardı ki, Paşinyanla Brüsseldə görüşən rəsmilər ona kəndləri geri qaytarmaq məsələsini çox uzatmamağı məsləhət görərdilər”. Ekspertə görə, ikinci ehtimal Paşinyanın Ermənistan ordusuna tam nəzarət edə bilməməsi ilə bağlıdır və baş nazirin orduda “5-ci kolon” adlandırdığı güclər Azərbaycana qarşı təxribat planlaşdırırlar: “Ermənistandakı Rusiyaya bağlı güclərin sərhəddəki erməni zabitlərinə "Paşinyanın əmrini yerinə yetirməyin" çağırışları da bundan xəbər verir. Ermənistan ordusundakı “5-ci kolon”un məqsədi 4 kəndi qorumaq deyil, onsuz da bunu bacarmayacaqlar, Paşinyanı devirməkdir". 

Asif Nərimanlı: “Ermənilərin bir hədəfi də əsgərimizi əsir götürmək olub” –  JURNALİST ARAŞDIRMA MƏRKƏZİ

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı məlum olmasa da, hərəkətə keçdiyi dəqiqdir: “Çünki 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatda olanlar hərbi təlimlərə çağırılıb. Hesab etmək olar ki, canlı qüvvə və hərbi texnikanın hərəkətliliyi bu təlimlərlə bağlıdır. Lakin təlimlərdə müəyyən detallar xüsusilə diqqət çəkir: Birincisi, təlimə çağırılan hərbçilərin sayı 5 minə yaxındır və xüsusi üstünlük zabit heyətinə verilib, mövcud vəziyyətdə 5 minə yaxın hərbçinin təlimə cəlb edilməsi şübhələrə yol açır. İkincisi, təlimə cəlb edilən hərbçilərin Azərbaycana qarşı təxribatlara cəlb edildiyi təcrübəsi var: ötən ilin sentyabrında sərhəddə törədilən erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanların olması (misal üçün, 40 yaşlı Andranik Antonyan) bunu təsdiq edir. Bu kontekstdə Ermənistanın təlim adı altında orduya 5 minə yaxın hərbçi cəlb etməsinin mümkün təxribata hazırlıq məqsədi daşıdığı istisna edilməməlidir”.

Təhlilçinin fikrincə, Ermənistanın Azərbaycanla döyüşmək gücünün olmadığı bəllidir, lakin mövcud situasiyada sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir: “Belə bir təxribatla sərhəddə gərginlik yaradacaq Ermənistan hakimiyyəti bundan 4 kəndin qaytarılmasını əsaslandırmaq üçün istifadə edə bilər. Paşinyan Tavuş səfərində "kəndləri qaytarmasaq, müharibə olacaq" demişdi və bunu daxili ictimai rəydə isbatlamaq üçün kiçikhəcmli hərbi macəraya gedə bilərlər. Lakin bu, baş verən proseslərdə kiçik elementlərdən biridir. Əsas hədəfin Qərbin Ermənistanın təhlükəsizliyinə cəlb edilməsi olduğu istisna deyil. Aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçün qapıların geniş açılması məqsədi daşıdığı məlumdur. Bu görüş ərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verə biləcək eskalasiya Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyinə” cəlb edilməsi üçün əsaslı arqument ola bilər. Eyni zamanda belə bir eskalasiya Rusiyanın Ermənistandakı mövqelərinin “vurulması” ssenarisində də lazımlıdır. Bu baxımdan, Ermənistanda ehtiyatda olan 5 min hərbçinin cəlb edildiyi hərbi təlimlər və Cənubi Qafqazda gözlənilən planlar fonunda Azərbaycanla sərhədə canlı qüvvə-hərbi texnikanın cəlb edilməsi xəbərləri mümkün təxribat hazırlığına dair gözləntiləri ön plana çıxarır". 

Bakı şərt irəli sürür ki...” - Ekspert DETALLARI açdı

 Aqşin Kərimov

Siyasi icmalçı Aqşin Kərimov hesab edir ki, bu, intensiv və ardıcıl xarakter alacaqsa və Azərbaycana qarşı sistemli təxribatın tərkib hissəsi olacaqsa, onda Bakı minimum olaraq taktiki hədəflərə zərbə endirmək hüququndan yararlanacaq: “Azərbaycan maksimal məqsədləri kontekstində daha geniş addımlar atıb Ermənistanın strateji dərinliklərini "yoxlaya bilər". Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə işğal altında qalan 8 kəndin (Qazağın 7 kəndi və Kərki) qaytarılmasından sonra nələr baş verəcəyini açıqlayıb. Abramyan fikirlərini xəritələr üzərində izah edib. “4+4 variantında (birinci mərhələdə anklav olmayan 4 kənd, ikinci mərhələdə anklav olan 4 kəndin qaytarılması) Tavuş rayonunun qəsəbələri və dövlətlərarası əhəmiyyət daşıyan infrastrukturun hansı vəziyyətə düşəcəyini iki xəritədə anlamaq mümkündür. Birinci xəritədə Sofulu və Bərxudarlı yaşayış məntəqələri yer alır. Bu kəndlər İcevandan başlayan Azatamut-Kayan-Vazaşen-Berd yolunun kəsişməsində yerləşir. Beləliklə, bu yol Azərbaycanın nəzarətinə keçəcək. Alternativ sayılan Çəmbərək-Berd yolu təmir olunsa da, relyef və iqlim baxımından problemlidir. Digər tərəfdən, bu alternativ yolun bir neçə hissəsi də cəbhə xəttinə çox yaxındır və Azərbaycan Ordusunun atəş xəttinə düşəcək. İkinci xəritədə 8 kəndin verilməsindən sonra dəyişəcək vəziyyət açıq yaşıl rəngdə göstərilir. Xəritədən göründüyü kimi, bu kəndlərin təhvil verilməsinin birbaşa və dolayı yolla ciddi fəsadları var. Çox sayda kənd təcrid və ya yarımizolyasiya (respublika və regional logistika marşrutlarından kənarda) vəziyyətinə düşür”, - Abramyan qeyd edib. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin