Arutyunyanın Şuşa duası, Vardanyanın Xankəndi xülyası - İki foto və sonun başlanğıcı

Yanvarın 6-da Qarabağdakı separatçıların başçısı, özünü hələ də “prezident” adlandıran Arayik Arutyunyan, Rusiyadan hoppanıb Xankəndiyə düşən və oyuncaq “dövlət naziri” statusunda özünü təqdim etməyə cəhd göstərən Ruben Vardanyan bir dəstə başıpozuqla birgə Xankəndidəki kilsədə “dua mərasimi”nə qatılıblar.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlara separatçıların “ikinci və üçüncü prezidentlər”i, cani Arkadi Qukasyan və cinayətlərinə görə ondan heç də geri qalmayan Bako Saakyan, həmçinin digər quldurlar da qatılıb. Bildirilir ki, onlar Məsihin Doğuşu münasibətilə keçirilən İlahi Liturgiyada iştirak ediblər. Onlara “qara keşiş” yepiskop Vrtanes Abrahamyan rəhbərlik edib.

Bu yerdə Arayik Arutyunyanın Şuşanın azad olunmasından bir həftə əvvəl, 2020-ci ilin 30 oktyabrında Qazançı kilsəsindəki dua mərasimi yada düşür. (Foto mətndə-red.) O zaman Arutyunyan düşmənin Şuşanın 5 km-liyində olduğunu deyərək, erməni separatçı-terrorçularını “panikaya düşməməyə” çağırmışdı. Baş terrorçunun hətta vergül vəziyyətində “dua oxuması” da onu xilas etməmişdi, iti qovan kimi qovmuşdu ordumuz quldurları. Düzdür, hələ də inana bilmirdilər ki, Azərbaycan ordusu Şuşanı 28 il yarımdan sonra azad edə bilər, sıldırım qayaları fəth edərək, yüzlərlə düşmən hərbçinin meyidini yerə sərərək. Amma bu, baş verdi. Şuşanın fəthi dünyanın hərbi mərkəzlərində də araşdırılan möhtəşəm bir hadisəyə çevrildi, ermənilərin özləri də heyrətdən çatlayırlar bu günədək. Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Ermənistanın İstintaq Komitəsi 17 min hərbçini istintaq edib, araşdırmaların bir hissəsi isə əlahiddə şəkildə Şuşanın azad edilməsinə həsr olunub. Ermənistan və Qarabağ erməniləri üçün Qarabağ və Şərqi Zəngəzurun azadlığı bir yanadır, Şuşanın fəthi bir yana. Onlar hələ də inana bilmirlər Şuşanı itiriblər...Amma Şuşaya bir daha ayaqlarının dəyəcəyinə də inamları gündən-günə azalır...

WhatsApp Image 2023-01-06 at 15.32.04.jpeg (133 KB)

Bu gün Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Əsgərandakı 20-25 min erməni terrorçuların əlində girovluqdadır. Ötən həftə bir dəstə erməni Laçın yolunda aksiya keçirən ekofəallarla, həmçinin Azərbaycan rəsmiləri ilə görüşəcəklərini elan etmişdilər. Onlar üz-üzə danışmaq, vəziyyətdən çıxış yolu tapmaq üçün cəhdlər göstərəcəklərini söylədilər. Amma sonradan bu söhbət kəsildi. Şübhə yoxdur ki, onları girovluqda saxlayan separatçı-terrorçu rejim bu “özfəaliyyət”ə son qoyulmasını tələb edib. Təsadüfi deyil ki, elə bu günlərdə erməni fəallardan birinin ağız-burnu qana boyadıldı Xankəndinin mərkəzində. Kimsə separatçı rejimin cızdığı xətdən kənara çıxıb, Azərbaycan tərəfə boylanırsa, dərhal cəzalandırılır. Bu mənada Azərbaycanın Xankəndi və digər ərazilərimizdəki erməni vətəndaşlarının XİLASI ilə bağlı beynəlxalq miqyasda məsələ qaldırılmasına zərurət var. Təbii ki, Azərbaycan qısa zamanda bu problemi də yoluna qoya bilər, 44 gündə 300 yaşayış məskənini azad etməyə qadir olan ordumuz üçün qalan əraziləri terrorçulardan təmizləmək heç də çətin deyil. Amma bu gün erməni separatçılarının yalanlarını bölüşərək, Azərbaycana qarşı təzyiq göstərən çevrələr də reallığın nədən ibarət olduğunu anlamalıdır, bu mənada təbliğata zərurət var.

Budur, Qarabağa və Qarabağ ermənilərinə heç bir dəxli olmayan, ermənilərin bədbəxtliyi və Azərbaycan ərazilərindəki sərvətlər hesabına milyardlarını artırmağı hədəfləyən Ruben Vardanyan Xankəndidəki “dua mərasimi”ndə etiraf edib ki, “bu il biz Milad bayramını Artsaxda son dərəcə qeyri-adi şəraitdə qeyd edirik”. Anlayır, etiraf edir ki, vəziyyət başqadır. Onun və Arutyunyanın dəstəsinin kilsədəki dua görüntüsü elə 2020-ci ilin həmin “dua”sını xatırlatdı. Arutyunyanın Şuşa duasını nəzərdə tuturam. Amma hansı qamətdə dayanmasından asılı olmayaraq, kilsədəki dua Araiki xilas etmədi, çünki dua etdiyi ünvanın özünün də ermənilərə, erməniçiliyə aidiyyatı yox idi. Ümumiyyətlə, Allahın evi sayılan ünvanlara əli qanlı, məkrli, şeytan xislətli canlıların girməsinin özü də haramdır, belə olan halda onların duası təbii ki, eşidilməz. Araikkimilər fəsiləsindən olanlar isə nəinki Şuşadakı qədim alban məbədini murdarlamışdılar, hətta Qarabağdakı 70-ədək məscidimizi yer üzündən silmişdilər, içərisində özlərinə bənzər donuzlar saxlamışdılar, belələrini Allah o dünyada da cəzalandıracaq, nəinki bu dünyada.

WhatsApp Image 2023-01-06 at 15.32.03.jpeg (175 KB)

Lakin Vardanyan Arutyunyanın taleyindən dərs götürməyib. Xankəndi kilsəsində deyib ki, “bizim xalqımızı çətinliklərə düçar etmək olmaz. Heç bir blokada, heç bir təzyiq, heç bir təhlükə Artsax xalqının ruhunu, iradəsini və öz doğma torpağında yaşamaq əzmini qıra bilməz. Tariximizdə daha çətin dövrlər olub. Vətənimizi fəth etmək istəyənlər gəlib-getdi, amma biz min illər (?!-E.P.) müqəddəs torpağımızda yaşamağa davam etdik və yaşayacağıq. İstənilən çətin dövr keçir, dəyərlərimiz, irsimiz, inancımız dəyişməzdir”. Sarsağın biri hələ də başa düşmür ki, bu ərazilərə ilk hayın ayağı uzağı iki əsr əvvəl dəyib...

Ermənilər hələ də müharibədə məhv edilmiş hərbçilərin öldü-qaldısından xəbər tuta bilmirlər, amma Vardanyan onları növbəti dəfə qana səsləyir, belə görünür niyyəti Qarabağı ermənisiz qoymaqdır əbədiyyən! Azərbaycan dövləti tolerant, humanist olduğu üçün bunu heç vaxt dilə gətirmədi, birgəyaşayışı təbliğ etdi, hətta ermənilərin ekoloji fəlakətlər törətdiyi bu günlərdə belə, Şuşa-Xankəndi yolundakı dinc aksiyada ermənilərə ÖZ VƏTƏNDAŞIMIZ olaraq humanitar yardım təklif etdik dəfələrlə. Yolu Gorus tərəfə, ya əksinə keçmək istəyən dinc sakinlərə isə heç bir problem yoxdur. İsa Məsihin doğum günü, Milad bayramı ilə əlaqədar ermənilər Bakıda da mərasim keçirə bilərlər. Paytaxtımızda 30 mindən artıq erməninin yaşadığı barədə illərdir yazılır, deyilir. Amma Xankəndi kilsəsinə yığışan cani dəstəsi göründüyü kimi, Xankəndi ermənilərinə bu imkanı yaratmır, “hərbi vəziyyət” elan etdikləri üçün. Ehtiyatlanırlar ki, mülki ermənilər meydanda qəfildən Azərbaycan bayrağı altında yaşamaq istədiklərini elan edərlər, odur ki, onları neytrallaşdırıblar, “dua mərasimi”ndən də kənarda saxlayırlar. Xankəndinin azadlığının zamanı çatdı.

Xankəndi şəhərinin adı düz 100 il əvvəl, 1923-cü ildə dəyişdirilərək “Stepanakert” adlandırılmışdı, qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması ilə. “DQMV” getdi, “Stepanakert” cəhənnəm odunda yandı, qalır bizim Pənahəli xanın oğlu İbrahimxəlil xanın kəndinə qayıdışımız, özü də Azərbaycana pənah gətirən hər hansı millətin nümayəndəsinə problem yaratmadan...

Vardanyan və Arutyunyan çetesinə isə kilsə duaları kömək olmayacaq, sonun başlanğıcıdır...Şuşa duası Arutyunyana kömək etmədiyi kimi, Xankəndi xülyası da Vardanyanın sonunun çatmasından xəbər verir...

 

Elşad PAŞASOY

Rəylər

Aşağıdakı məlumatları qeyd edin