Bir gün “dünya erməniliyi” Azərbaycana işləyəcək

Məğlub Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilki ilk mətbuat konfransından yayılan materiallara baxdım. Yeni il başlayıb, yenilik yoxdur, yeni real vəd yoxdur, ötən ilə dair parlaq hesabat, qənaətbəxş yekun yoxdur – yox oğlu yoxdur yəni. Bundan bir qədər öncə Paşinyanın və erməni katalikosunun Yeni təqvim ili münasibəti ilə öz xalqlarına müraciətinə də diqqət etmişdim. Diqqət edənlər bir mənzərini izləməmiş deyildir: siyasi lider də, dini lider də, əslində ermənilərin ümidsizliyini, özlərinin təqsiri üzündən çarəsizliklərini ifadə edirdi...

Erməni siyasi-hərbi rəhbərliyi “Qarabağ yükü”nü 29,743 km2-lik cırtdan Ermənistanın əyri çiynindən yerə qoyduğunu xımır-xımır açıqlayır (daha da açıqlayacaqlar). 30-33 illik “qara sevda”dan nəhayət əl çəkməklərinin 2023-cü il etibarilə rəsmiləşə biləcəyini 330 qramlıq (üstü “Erebuni-Yerevan 2800” yazılı) “Sonuar” şokoladlarının kağızına bükə-bükə ictimai fikrə ötürməkdədirlər. (İrəvanın 2800 illiyinin ermənilərə nə dəxli var? 29,743 km2 –in cəmi neçə km2 “əsil Ermənistan Respublikası”dır? - bunlar da ayrı uzun söhbətdir)...

Bu yandan, Vardanyan-Arutunyan cütlüyünün bir-biri ilə didişə-didişə “başçılıq” etdiyi quldur dəstəsinin Xankəndi sakinlərini faktiki girov saxlaması da danılmaz faktdır. Məsələn, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Onlara təzyiqlər göstərilir, hətta döyüb işgəncə verirlər. Xankəndidəki müvəqqəti rejim indi daha çox dinc erməniləri alətə çevirmək, aldatmaq, öz çirkin siyasətlərini onların üzərindən yürütmək xətti tutub; tutub ki, “çaşıb” müstəqil Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi üçün müraciət etməsinlər. Çalışırlar ki, Anahitin törəmələri gəldikləri-gəlmədikləri yerlərə intiqal etməsinlər... Amma ancaq və lakin olanlar olacaq, çıxacaqlar çıxacaq, gedəcəklər də gedəcəkdir. Çıxan qan damarda, dolmuş bulud göy üzündə, axar su dərədə durmaz... Üstəlik, 30 il öncəki dövr qalsın bir yana, indi heç 3 il öncəki dönəm deyil axı. – Vardanyan Xankəndinin tarixi keçmişini və Azərbaycanlı gələcəyini yoxdanyan edə bilməz – boş ideoloji ilə qarın doymur...

Sizi inandırım, vaxt gələr, vədə yetişər, o “dünya erməniliyi” dediyimiz, “erməni diasporu”, “lobbi” dediyimiz var ha, bax, onların ən azı bir bölümü dönər, bizə işləyər. Bunun “resept”i güclü olmaqdan, haqlarını təsdiq etdirməyi bacarmaqdan keçir – biz bunu bilirik, görürük və bacararıq əvəlallah! Ermənilər gücün yanındadır. Böyük bacıları Fransanın təsirsizliyini gördükdən sonra, Rusiyanın (eləcə də Rusiya özü) etibarını itirdikdən sonra və ABŞ Türkiyə ilə, Türk dünyası ilə daha olumlu münasibətlər xətti tutduqdan sonra avaragor qalmamaqçün qaçıb bu bölgədəki gücün qulluğunda duracaqlar...

Digər yandan bizim ekofəalların, QHT təmsilçilərinin Laçın-Xankəndi yolundakı eyləmi bir aydır ki aralıqsız sürür. Yol humanitar məqsədlərçün sürülən avtomobillərə açıq olsa da, quldur dəstəsi saxta böhran görüntüsü yaratmaqdadır. Buna görə sadə insanların o yoldan istifadə etməsinə imkan vermirlər. Yenə siqaret üçün, bir qarın çörəkçün azıb-tazıb gələnlər olur, bizim də içimizdəki insan sevgisinə lənət olmasın, əliboş yola salmırıq ha... Gəlir bizimkilərdə insanlıq görürlər. Biz “acmısan-toxmusan” sualından qabaq “hayes-türkes” soruşmuruq...

Ötən ilin son ayında Vardanyanın Xankəndində elan etdiyi etiraz aksiyasına insanların zor gücünə, pul-para şirnikləndirməsi və digər üsullarla gətirilməsi cəhdi barədə KİV-də gedən çoxsaylı məlumatları xatırlayırıq. Ancaq Vardanyan bu yolla da heç bir şey edə bilmədi və eyləmini əyləməyə məcbur qaldı. Sonra eyni üsullardan istifadə etməklə 25 dekabra yeni eyləm təyin etdi. Bu cəhd də faktiki olaraq heç bir sonuc vermədi. Çünki izdiham görüntüsü yaratmaqçün Ermənistandan əlavə insan resursu cəlb etmək mümkün olmadı: bizim ekofəallar Xankəndi-Laçın yolunda nöbətdəydi! – Necə deyərlər, bu, bir eyləmdən daha artıqdır! – Onlar Gorusdan-Morusdan Xankəndinə qondarma “mitinqçi” daşınmasını da önləmiş oldular... Və hazırda Qarabağda qeyri-müəyyənlik içində tutulan (təqribən) 20-25 min erməninin “həftə, səkkiz, mən – doqquz” deyib mitinqə-filana cəlb edilməsini əhali arasında ciddi problemlər yaratdığı aydındır. Xankəndində hər eyləm növbəti özünüifşadan başqa bir şey deyil...

İndi Xankəndində “hökumət-hökumət” oyunu oynayan Arutunyan-Marutunyan, hələ-hələ Vardanyan-Mardanyan neyləyir-eləsin, illa Qarabağdan yox olmalıdır – Yoxdanyan olmalıdır, olacaq da...

Bəli, yeni il köhnə qayğılardan arınmayıb, ancaq bizim buna ümidimiz, arındırmağa siyasi iradəmiz, qanmaz başlara endirməyə Dəmir Yumruğumuz və tətbiqata yetərli hərbi gücümüz var!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN

Əkbər Qoşalı

Rəylər

Aşağıdakı məlumatları qeyd edin