“Aksiya qanunsuz cinayətkar qrupun əməllərinə qarşıdır” AÇIQLAMA

“Bu gün 43 gündür ki, Laçın-Şuşa-Xankəndi yolunda ekoloji sahədə fəaliyyət göstərən QHT nümayəndələri və ictimai fəallar təbii sərvətlərimizin qeyri-qanuni olaraq talanmasına qarşı öz haqlı etirazlarını bildirən aksiyanı davam etdirirlər. Aksiyanın əvvəlindən qarşıya qoyulan məqsəd dinc əhaliyə qarşı deyil, Xankəndidə sülhməramlıların himayəsinə sığınmış qanunsuz cinayətkar qrupun əməllərinə qarşıdır”. Bunu “Səs” qəzetinə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, aksiya iştirakçıları heç bir yolu bağlamayıblar: “Yol sülhməramlılar tərəfindən bağlanıb. Yoldan mülki əhali tam azad şəkildə istifadə edə bilər. Lakin Xankəndidə özlərinə sığınacaq tapmış cinayətkar qrup və onların Ermənistandakı siyasi hakimiyyətdəki havadarları öz əməllərini gizlətmək üçün bu aksiyanı siyasiləşdirərək fikri başqa istiqamətə yönəltməyə çalışırlar. Ortaya maraqlı suallar da çıxır. Əgər doğrudan da bizim təbii sərvətlərimiz talanmırsa, onda niyə monitorinq aparılmasına icazə verilmir? Niyə Xankəndidən mülki insanların dəhlizdən istifadə etməsinə həmin cinayətkar qrup maneə yaradır? Axı aksiyaçılar heç bir təhlükə yaratmırlar. Ona görə ki, bu haqlı aksiyadan özlərinin maraqlarına istifadə etmək üçün. Müharibəni uduzan Ermənistanın sosial iqtisadi vəziyyətini daha da bərbad hala salan Paşinyan hökuməti də bundan öz siyasi məqsədlərini həyata keçirməyə cəhd edir və erməni ictimaiyyətinin diqqətini yönəltməyə çalışırlar. Eyni zamanda, bu prosesdən xarici havadarlar da özlərinin geosiyasi oyunlarında istifadə etməyi düşünürlər. Avropa parlamentində qəbul edilən absurd qətnamə də buna sübutdur”.

A.Xəlilov onu da bildirdi ki, həmişə olduğu kimi, bu dəfə də ədalət bizim tərəfimizdədir və ermənilərin bu vay-şüvəni 44 günlük müharibədə olduğu kimi məğlubiyyətlə nəticələnəcək: “Çox təəssüf edirəm ki, müharibədəki biabırçı məğlubiyyətdən erməni ictimaiyyəti və siyasilər nəticə çıxara bilmədi. Sülh müqaviləsi imzalamaq əvəzinə boş xülyalara inanaraq xarici havadarlarının qurduğu oyuna cəlb edildi. Bununla da bir daha öz ağır durumlarını çətinləşdirdilər. Bu gün dünyanın ağıllı siyasətçiləri yaxşı bilirlər ki, Cənubi Qafqazda əsas söz və güc mənbəyi Türkiyə və Azərbaycandır. Buraya bizlərin izni olmadan heç kim müdaxilə edə bilməz. Erməni cəmiyyəti bunu anlamalı xaricdə vay-şüvən kampaniyasını dayandırmalı və sülh müqaviləsi imzalamaqla qonşularla dinc yaşamağı öyrənməlidirlər. Aksiyanın tələbləri yetinə yetirilməlidir. Mən özüm də bu aksiyada bir neçə gün iştirak etmişəm. Bütün aksiyada iştirak edən ictimai fəallarımızı bu şərəfli mübarizəyə görə alqışlayır və minnətdarlığımı bildirirəm. Aksiyanın öz məqsədinə çatacağına qəti əminəm. Bu aksiya dinc xarakter daşıyır və məqsədi və Xankəndidəki cinayətkar qruplara qarşı mübarizə və eləcə də dinc erməni əhalisini də bu cinayətkarlardan xilas etməkdir”.

Müəllif: Gülyana

Rəylər

Aşağıdakı məlumatları qeyd edin