Sərkisyan hələ imzalanmayan sülh sazişini “qondarma” adlandırdı və onu pozmaqdan danışdı

Ermənistanın 3-cü prezidenti Serj Sərkisyan “gələn il keçiriləcək seçkiləri gözləyək” ritorikası haqda danışarkən hələ imzalanmayan sülh sazişini pozmaqdan danışıb.

Belə ki, ortada olmayan və nə vaxt imzalanacağı blinməyən sülh sazişinin ədalətliliyini bəribaşdan şübhə altna alan Sərkisyan, müxalifətin 2026-cı il seçkilərində qalib gələcəyi təqdirdə bu sazişə yenidən baxa biləcəyini söyləyib. Lakin Sərkisyan bu nöqtədə də öz ümidsizliyini ifadə edib:

“Sizcə, yaxın gələcəkdə, yəni bir neçə ay ərzində onların qondarma sülh sazişinə imza atma ehtimalı çoxdur, yoxsa azdır? Məncə, bu ehtimal yüksəkdir. Bu müqavilədə nə yazıldığını bilirikmi? Bunu heç birimiz bilmirik. Bu razılaşmanın Ermənistan üçün müsbətdən çox mənfi təsirləri olacaqmı?

İmzalanma (sülh sazişi – red.) baş tutsa və (gələn il) müxalifət (seçkidə) qalib gəlsə, bu müqaviləni asanlıqla ləğv edə biləcəkmi? Onda biz özümüzü günahlandırmayacağıqmı ki, bütün ili heç nə etməməklə və yalnız onları tənqid etməklə keçirmişik?

Çox güman ki, bir, iki və ya üç aya Ermənistanın müəyyən hissəsi, Tavuşda olduğu kimi, Azərbaycana keçəcək! (Anklavların qaytarılmasını Sərkisyan “Ermənistanın müəyyən hissəsi” adlandırır – red.) Bəs o, Azərbaycana verilsə və müxalifət qalib gəlsə, biz onu geri ala biləcəyikmi?”

Sitatdan da məlum olduğu kimi, Sərkisyan hər kəlməsi ilə Ermənistan cəmiyyətini sülh sazişinin imzalanmasına qarşı, habelə, Paşinyan hakimiyyəti və Azərbaycana qarşı mübarizəyə səsləyir. Sərkisyan açıq şəkildə eyham vurur ki, Ermənistandakı mövcud hakimyyəti tənqid etmək kifayət deyil və bu tənqid Paşinyan hakimiyyətini sülh sazişi imzalamaqdan çəkindirməyəcək. Sərkisyanın sözlərindən belə çıxıb ki, ictimaiyyət Ermənistanın maraqlarını qorumaq, Paşinyanı dayandırmaq üçün “nə isə” etməlidir və o, bu “nə isə”nin nədən ibarət olduğunu açıqlamasa da, söhbətin mövcud hakimiyyəti devirməkdən getdiyi məlumdur.

Sərkisyanın açıqlaması özü-özlüyündə tam bir anormallıq olsa da, bu açıqlama həm də Ermənistanda mövcud olan revanşist qüvvələrdən, bu qüvvələrin gələcəyə yönəlik kin və nifrətindən xəbər verir. Bu açıqlama bir daha sübut edir ki, Azərbaycanın erməni revanşizmi ilə bağlı beynəlxalq ictimaiyyətə yönəlik açıqlamaları tamamilə əsaslıdır və gələcək təhlükəsizliklə bağlı ciddi qayğılar doğurur.

Sərkisyanın açıqlaması, eyni zamanda onu göstərdi ki, Ermənistan üçün müqəddəs və toxunulmaz heç nə yoxdur. Odur ki, bundan sorna da erməni təhlükəsinə qarşı daim ayıq-sayıq olmaq mütləqdir: Sülh sazişi imzalansa da, imzalanmasa da...

Rəylər

Aşağıdakı məlumatları qeyd edin