Suveren Dövlətin Hüquqi və Mənəvi Gücü
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Prezident İlham Əliyevin dövlətçilik baxışında hüquqi və mənəvi dəyərlərin prioritet olduğunu aydın şəkildə nümayiş etdirir. Bu qərar Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Konstitusiyanın cəmiyyət həyatında real və təsirli mexanizm kimi tətbiqini hədəfləyir. Dövlət başçısının bu təşəbbüsü hüquqi dövlət quruculuğunun artıq nəzəri mərhələdən praktik mərhələyə keçdiyini təsdiqləyir və ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hüquqi-siyasi əsaslarını müəyyən etməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının ali dəyər kimi tanınmasını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl hüquqi islahatlar bu prinsiplərin real həyatda tətbiqini gücləndirir, hüququn aliliyinin institusional əsaslarını möhkəmləndirir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən amnistiya təşəbbüsü Konstitusiyanın humanist ruhunun dövlət siyasətində ardıcıl şəkildə əks olunduğunu nümayiş etdirir.
Amnistiya təşəbbüsü cəza siyasətinə humanist yanaşmanın ön plana çəkildiyini göstərir. Bu addım cəzanın yalnız məhdudlaşdırıcı deyil, həm də tərbiyəedici və islahedici mahiyyət daşıdığını təsdiqləyir. Az ağır və ağır olmayan cinayətlərə görə məhkum olunmuş şəxslərin, eləcə də sosial həssas qrupların amnistiya çərçivəsində nəzərə alınması dövlətin insana verdiyi dəyərin real ifadəsidir. Bu yanaşma hüquqi ədalətin formal çərçivədən çıxaraq, sosial məsuliyyət anlayışı ilə uzlaşdırıldığını göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü müasir Azərbaycan dövlətçiliyinin güc və humanizm vəhdətinə əsaslandığını bir daha sübut edir. Tam bərpa olunmuş suverenlik şəraitində həyata keçirilən bu qərar dövlətin yalnız sərt hüquqi mexanizmlərlə deyil, mənəvi məsuliyyət və sosial ədalət prinsipləri ilə idarə olunduğunu nümayiş etdirir. Bu təşəbbüs cəmiyyətdə hüquqa hörmətin, dövlətə inamın və sosial həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir və suveren Azərbaycanın hüquqi-mənəvi gücünün parlaq təzahürü kimi tarixə düşür.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi, YAP Şuşa rayon təşkilatının 10 saylı ərazi təşkilatının Sədr müavini
0 Rəy