Vardanyanın vayı, Paşinyanın toyu

Ədalət Məhkəməsi sözünü dedi: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il azadlıqdan məhrum edildi.

Bakı Hərbi Məhkəməsinin hökmü Ermənistanda geniş müzakirə olunur. Ruben Vardanyanın ailəsinin reaksiyasına baxın:

“Mühakimə olunanlar təkcə Ruben və erməni məhbuslar deyildi, bütün erməni xalqı cəzalandırıldı”.

Çoox uzağa gediblər. Yox bir, Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan da cəzalandırılıbmış. Gülünc iddiadır. Erməni xalqının başına oyun açanlardan biri də elə Ruben Vardanyandır. Rusiya vətəndaşlığından “imtina edib”, Qarabağa “xilaskar” kimi gələn Vardanyanın hansı hoqqalar çıxartdığını, erməniləri girov saxlamaq hesabına Azərbaycanın sərvətlərini taladığını ailəsi də çox yaxşı bilir. Ağdərədəki qiymətli ehtiyatların “iyinə” gəlmişdi Qarabağa. Həm də Qarabağ ermənilərini “xilas” etdikdən sonra təmtəraqlı şəkildə İrəvana, Nikol Paşinyanı devirib, taxtında oturmaq təlimatı almışdı.

RUBEN DSX.jpg (302 KB)

Ona görə də Paşinyan Vardanyanın qolubağlı Bakıya aparılmasını məmnuniyyətlə izlədi və bu günədək onunla bağlı hansısa müdafiə məzmunlu fikir səsləndirməyə gərək görmür.

ssssssss.jpg (79 KB)

Yeri gəlmişkən, Ruben Vardanyanın “vay xəbəri” çıxan, ona hökm oxunan gün, 17 fevralda Nikol Paşinyan və Anna Akopyan vətəndaş nikahına son qoyub, rəsmən evlənməyə qərar verdilər. “Toy günü” təsadüfən seçilib? Burada bir əlaqə olmamış deyil. Əvvəlcədən bəlli idi ki, Bakı Hərbi Məhkəməsi filan tarixdə Ruben Vardanyana hökm elan edəcək. Paşinyan da özünün “toy tədarükü”nü görübmüş. Xeyli müddət öncədən məlum idi ki, Ermənistanın hökumət başçısı və xanımı rəsmi nikahda deyillər. Bunun səbəbini özü açıqlamışdı. Müxalif mövqeyinə, jurnalist yazılarına görə, hakimiyyətdəki cinayətkar “Qarabağ klanı”nın qəzəbinə tuş gələcəyi halda, ailəsinin və əmlakının toxunulmazlığını təmin etsin deyə, bu vaxta kimi nikahı rəsmiləşdirməmişdilər. Xeyli müddətdir baraban çalmaqla, konsert verməklə ictimai diqqətdə qalan Paşinyan nəhayət, toy gününü ən münasib vaxta saldı – onu devirmək istəyən adama hökm oxunduğu günə!

Azərbaycanın Ədalət Məhkəməsinin bu qərarı Xocavənd rayonunun Qaradağlı kəndində erməni işğalçılarının törətdiyi qırğının 34-cü ildönümü gününə təsadüf etdi. Bu da ilahi ədalətin növbəti dəfə təcəssümüdür.

Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində işğal olunaraq yandırılan Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. İşğal zamanı 118 nəfər əsir götürülüb. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10-u qadın, 2-si məktəbli olub. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat edib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar.

Diqqət edin, ötən müddət ərzində separatçıları, caniləri azad etməyə çalışanlar qarğa-quzğun kimi Azərbaycanın üstünə şığıdılar, ən alçaq üsullara, təzyiqlərə əl atdılar. Təbii ki, bütün bu cəhdlərin mənası olmadı. Çünki dövlət başçımızın Fransa televiziyasına dediyi kimi, “bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”.

Ypx8JhvDnR19wiITksVzU0Kwnnc91zmxxMWMbUoP_825.jpg (73 KB)

Prezident birmənalı şəkildə bildirdi ki, onların əməlləri nasistlərdən daha ağırdır. Sitat: “Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”.

Bütün bu pisliklərinə baxmayaraq, Azərbaycan beynəlxalq konvensiyalara əməl edərək, həm də olduqca ədalətli davranaraq, Qarabağ separatçılarının başçılarını yalnız hüquq müstəvisində cəzalandırdı, hər hansı qeyri-qanuni rəftara imkan vermədi. Amma elə xatırlatdığımız Qaradağlı faciəsi zamanı əsir və girov götürülən, daha sonra azad edilən 18 nəfər sağalmaz yaralardan dünyasını dəyişib. Qadınlara və uşaqlara belə rəhm etməmişdi erməni qatillər. Ancaq Azərbaycan dövləti müharibəni də layəqətli apardı, canilərin cinayətlərinə görə mülki ermənilərdən qisas almağı ağlına elə gətirmədi. Nəinki mülki əhalidən, hətta saxlanılaraq qolubağlı Bakıya gətirilən baş separatçılardan da. İndi Vardanyanın ailəsi və revanşistlər yasxana açıblar. Yəqin az sonra xaricdəki havadarları da “vaxtsız banlayan xoruz”un səsini çıxaracaqlar. “Frans 24”ün konkret tezislərlə müsahibəyə göndərilən jurnalisti müxtəlif dona girərək, həbsdəki separatçılarla bağlı əfv anonsu eşitmək istəyirdi. Alınmadı. Cavabını artıqlaması ilə aldı. Elə dərsini də. 2021-ci ildə də adıçəkilən kanalın əməkdaşı 44 günlük müharibə zamanı saxlanılan erməni caniləri barədə bənzər suallar vermişdi. Onda da cavabı verilmişdi. Cənab Prezidentin 44 günlük Vətən müharibəsi günlərində bunlara verdiyi dərs bəs olmayıb deyəsən, vaxtaşırı baş qaldırırlar. Lap zəhlətökənlik edirlər, ermənilərin çirkli pulları ilə bəslənənlər...

Ermənilər və onların müdafiəçiləri Azərbaycanın Ədalət Məhkəməsinə minnətdar olmalıdırlar. Qarabağa “dövlət katibi” kimi gəlmiş və Xankəndidə başından böyük bəyanatlar, xarici mediaya müsahibələr verən Ruben Vardanyana kəsilmiş 20 illik cəza onunçün elə də ağır cəza sayılmamalıdır. Elə Ermənistan nümunəsində paralellik apara bilərik. 2014-cü ilin iyulunda Rusiya vətəndaşı (Ruben Vardanyan da o zaman Rusiya vətəndaşı idi - red.) Dilqəm Əsgərov, Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün öz yurdlarına getmişdilər. Həmin gün Şaplar kəndində işğalçı Ermənistan ordusunun bölmələri bu şəxsləri girov götürmüş, Həsən Həsənovu isə güllələyərək öldürmüşdülər. Sonuncunun nəşi yalnız oktyabrda geri təhvil verildi. Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edildi. Onların günahı çox idi, yoxsa Vardanyanın?! Rubenin ailəsi və ona qahmar çıxanlar cavab versin! Həsən öz yurduna getmişdi, onu niyə qətlə yetirdilər? Dəmir Yumruq onlarla bağlı da ədaləti təmin etdi, 2020-ci ilin 14 dekabrında erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edildi.

DDDDDDDDDD.jpg (92 KB)

Yaxud əgər Vardanyanın keçmiş “vətəni” Rusiyadan kimlərsə mızıldansa, onda elə bu gün Sverdlovsk vilayət məhkəməsində Azərbaycan diasporunun sabiq lideri Şahin Şıxlınskiyə 23 il müddətinə həbs cəzası istənilməsi faktına diqqət eləsin. Həmçinin Şıxlınski ilə birlikdə mühakimə olunan Səfərov qardaşlarından Aqifə 23, Ayaza 22, Kamala 18, Bəki və Məzahirə isə 13 il müddətinə həbs cəzası tələb olunmasından danışsın.

Azərbaycan humanist dövlətdir. Xocalı canisini belə həbsxanada müalicə etdi, ölməyə qoymadı, Ermənistana təhvil verdi. Milyarder Vardanyan isə 200 illik həbs cəzasını da haqq edirdi...

17 noyabr 2022-ci il tarixli görüşü xatırlayırsınızmı? Prezident İlham Əliyev Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebellə görüşündə demişdi ki, Azərbaycan Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, amma “Moskvadan aydın gündəliklə göndərilmiş Vardanyanla yox”.

96c4d080-b4f9-3caa-b6f7-57030db3ddcf_825.jpg (74 KB)

Kremlin təlimatlandırdığı Vardanyan isə dərsini alıb, şələ-şüləsini yığışdırmaqdansa, erməniləri “blokada”da saxlayaraq, hətta Azərbaycanın Ağdam yolu ilə göndərdiyi un maşınlarının belə yolunu kəsdirdi, sarsaqcasına “artsax” nağılı uydurdu. Ona görə də Ohanyan səddi, Vardanyan mifi, daha nə kimi sarsaq iddialarla çıxış edənlər qarşılarında kimin, hansı Liderin və Dövlətin olduğuna yaxşı-yaxşı baxsınlar, bir daha başlarından böyük danışmağa səy göstərməsinlər!

NİKOL SON.jpg (202 KB)

Yeri gəlmişkən, Paşinyan daha rahat şəkildə seçki kampaniyasını apara bilər...Amma gərək ayağı yer almasın, Azərbaycandan verilən “ev tapşırıqları”na əməl etməyi sürətləndirsin! Əks halda o “toy” bu toydan olmaya bilər...(musavat.com)

Elşad PAŞASOY

Rəylər

Aşağıdakı məlumatları qeyd edin