Əliyev və Paşinyan yenidən bir arada - Moskva TƏLAŞDA
Azərbaycan və Ermənistan liderlərinin ABŞ rəhbərliyi ilə təmasları son vaxtlar əhəmiyyətli dərəcədə artıb. İlham Əliyev və Nikol Paşinyanın az öncə Davosda Trampla bir araya gəlməsi, ardınca vitse-prezident Vensin Bakı və İrəvana səfərləri, bunun ardınca isə Azərbaycan və Ermənistan başçılarının Sülh Şurasının ilk iclasında iştirak üçün Amerikaya getməsi nədən xəbər verir? İki ölkə və bölgə üçün əsas əhəmiyyəti və gözləntilər nədir?

Heç təəccüblü deyil ki, Rusiya bu dərinləşən yaxınlaşma prosesinə görə xeyli əsəbi görünür. Təsadüfi deyil ki, xarici işlər nazirinin müavini Mixail Qaluzin elə həmin gün eyni xəbərdarlığı təkrarlayıb. Onun iddiasına görə, “vaxtilə SSRİ-nin tərkibində olan, amma Qərblə ehtiyatsız yaxınlaşma yolunu seçən, suverenlik və müstəqilliyini ona təslim edən dövlətlər tərəfindən Rusiyanın maraqlarına ciddi təhlükələr var”.
Bakı və İrəvanın Vaşinqtonla yaxınlaşma prosesini Moskvanın durdurmaq potensialı hansı səviyyədədir? Əlindən hansı pislik gələ, hansı pozucu addımları ata bilər?
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazda məhkəmlənməsi, “Tramp yolu” layihəsini reallaşdırmağa başlaması və Azərbaycanla strateji tərəfdaşlıq xartiyasını imzalaması Kremli “hərəkətə” gətirib. Onun fikrincə, Rusiya rəsmiləri, diplomatları və deputatları bir ağızdan eyni cümləni təkrarlayırlar: “Qərb ölkələri Rusiyanın Cənubi Qafqazda mövqelərini zəiflətməyə çalışırlar”.

Analitik ritorik sual verir: "Rusiyanın bölgədə hansı nüfuzu qalıb ki, onunla mübarizə aparılsın? Rusiya Cənubi Qafqazda mövqeyini qorumaq üçün nə edib ki, bölgə ölkələri Moskva ilə hesablaşsınlar? Rusiya Gürcüstanın ərazisini işğal edib, Azərbaycanın mülki təyyarəsini vurub, Ermənistanda radikal müxalifətin əli ilə hakimiyyəti yıxmağa çalışır. Bütün bunlar varkən, bölgə ölkələri obyektiv olaraq Rusiyadan məsafə saxlayacaq, Türkiyə, Avropa İttifaqı və ABŞ-la əməkdaşlığı genişləndirəcəklər".
Professor Elxan Mirzəyev isə hesab edir ki, Rusiyanın artıq müdaxilə imkanları qalmayıb. Onun fikrincə, dünyanın gözü qarşısında Əliyev və Paşinyan sülhə sədaqəti bir daha təsdiqlədilər: "Bundan sonra sərhəddə hərbi eskalasiya gözlənilmir. Əgər şərti sərhəddə atəş açılarsa, deməli, regionu qızışdırmaq istəyən kənar qüvvələrin təxribatı kimi qəbul olunacaq.
Ona görə də Rusiya Azərbaycan və Ermənistanla münasibətlərə yenidən baxmalıdır. Kreml görür ki, Bakı ilə İrəvan ondan uzaqlaşırlar. Çünki Moskva sülhə töhfə vermir. O səbəbdən, Rusiyanın Cənubi Qafqaz doktrinası dəyişməlidir".
E.Mirzəyev Trampın dəstəyi müstəsnadır və regionda dayanıqlı sülhün təmin olunmasında böyük rolu var: "8 avqust razılaşması Rusiyanın planlarını pozdu. Kremlin bundan sonra hər hansı pozucu, destruktiv hərəkəti Azərbaycan və Ermənistanın Tramp administrasiyası ilə əlaqələrini korlaya bilməz. Sülh Şurasında iştirakımız da bu mənada əlamətdar idi. Azərbaycan Prezidenti həm sülhsevər olduğunu bir daha nümayiş etdirdi, həm də ABŞ-la əlaqələrin inkişafı üçün növbəti fürsət idi".
Emil Salamoğlu
0 Rəy