"O zaman Primakov da, Talbot da Qarabağ məsələsində səmimi deyildi..."

“Bu işlərin içində olan bir adam kimi deyirəm ki, hələlik biz, Qarabağ məsələsində, elə bil ki, bir lotereya udmuşuq...”

Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamentinin 1997-1998-ci illər üçün sənədləri dərc edilib. Onların arasında Qarabağ siyasəti ilə bağlı olanlar da var.

“Əslində o zaman Primakov da, Talbot da səmimi deyildi. Çünki Rusiya da, ABŞ da Qarabağ məsələsindən öz qarşılıqlı siyasətlərində oyun kimi istifadə edirdilər. Bilirsiz ki, Primakovun xarici işlər naziri kimi o dövrdə Balkanlarda, Serbiyada, Kosovo və s. məsələsində apardığı  çox çoxbaşlı, məkrli siyasət aparırdı. O, Qərbin serblərə qarşı əməliyyatlar aparmasına etiraz olaraq təyyarəsini Atlantik okeanının üzərindən geri döndərərək ABŞ-a səfərindən imtina etmişdi”

Bunu Moderator.az-a açıqlamasında o dövrdə xarici işlər naziri işləmiş Tofiq Zülfüqarov Ter-Petrosyanın istefasından bir ay əvvəl 1998-ci ilin yanvarında İsveçdə ABŞ dövlət katibinin müavini Strob Talbotun Rusiya xarici işlər naziri Yevgeni Primakovla görüşləri barədə səsləndirilən fikirlərə münasibət bildirərkən söyləyib.

“Yəni Moskva və Vaşinqtonun əsas qarşıdurması digər nöqtələrdə baş verdiyindən Qafqaz mövzuları onlardan ötrü ikinci dərəcəli idi. Ona görə də Rusiya və ABŞ Qarabağ məsələsi ətrafında oyun oynayırdılar. Ümumiyyətlə, o zaman həm ATƏT-in Minsk qrupunun həmsədərləri, həm digər aparıcı dövlətlərin rəsmiləri reallıqdan uzaq fikirlər səsləndirirdilər ki, guya orada nəsə edirdilər. Amma o zamankı danışıqların içərisində olan biri kimi indi də deyə bilərəm ki, həmin danışıqlar heç bir real nəticə verə bilməzdi. Əslində bunlar hamısı vaxtı uzatmaq üçün edilirdi. Çünki Qərbin də əsas geopolitik məqsədləri Rusiyada və Balkanlarda idi. Yəni o dövrdə ABŞ və ya Avropanın gəlib Qarabağda birbaşa Rusiyaya qarşı çıxmaq niyyəti yox idi. İndi də əslində yoxdur”- deyə davamında politoloq bildirib. 

“Hələ biz yaxşı qurtarmışıq bu qarışıq geo-siyasət işlərindən... Əslində hələ tam qurtarmamışıq... Bu saat Ukrayna üzərindən də oxşar oyunlar gedir... Amma bu işlərin içində olan bir adam kimi deyirəm ki, hələlik biz, Qarabağ məsələsində, elə bil ki, bir lotereya udmuşuq. İndi “Qarabağda bunu belə etsəydik, elə olardı, onu elə etsəydik, belə olardı deyənlər reallıqdan uzaq danışırlar” – deyə sonda sabiq baş diplomat vurğulayıb.

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin