Azərbaycanlı və erməni biznesmenlər birbaşa işləyəcəklər
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla iqtisadi əlaqələrin mümkün inkişafı və məhsul mübadiləsi ilə bağlı məsələlərə aydınlıq gətirib.
Modern.az xəbər verir ki, Paşinyan jurnalistlərin dünən Şahin Mustafayevin biznesmenlərlə görüşü ilə bağlı suallarını cavablandırarkən bildirib ki, indiyədək biznes nümayəndələri məhsul siyahılarını əsasən hökumətlər vasitəsilə mübadilə ediblər. Lakin hazırda bu proses birbaşa işgüzar əlaqələr mərhələsinə keçir:
“İndi maraqlı tərəf olan sahibkarları bir-biri ilə əlaqələndiririk ki, bundan sonra artıq siyahıları birbaşa öz aralarında mübadilə etsinlər. Hökumət bu funksiyanı müəyyən müddət icra edə bilər, lakin sonrakı mərhələdə biznesmenlər birbaşa işləməlidir”.
Baş nazir qeyd edib ki, hansı məhsulların Ermənistandan Azərbaycana ixrac edilə biləcəyi hələ dəqiq müəyyənləşməyib və bu mərhələdə konkret siyahı açıqlamaq məqsədəuyğun deyil. Onun sözlərinə görə, qiymət, logistika, vaxt və həcm kimi amillər yekun qərarlara təsir edir:
“Hazırda bu, yalnız ilkin maraq səviyyəsindədir. Yekunlaşmamış məlumatları açıqlamaq düzgün olmaz. Real ixrac baş verdikdə, bu, rəsmi statistikada da əksini tapacaq”.
Paşinyan həmçinin vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi gələcəkdə mümkün olsa da, hazırda məhsul çeşidi məhduddur və proses mərhələli şəkildə inkişaf edə bilər.
0 Rəy