Komitə sədri: Şuşada təməli qoyulan əməkdaşlıq platforması Türk dünyasının ortaq gələcəyinə xidmət edəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə məsul dövlət qurumları rəhbərlərinin Birinci görüşü TDT çərçivəsində rəsmi strukturların ilk çoxtərəfli formatıdır və gələcək strateji əməkdaşlığımızın möhkəm təməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Ramin Məmmədov bildirib ki, bu gün Şuşada əsası qoyulan yeni platformanın vacibliyi strateji zərurətdən – dövlətlərarası səviyyədə hüquqi və institusional təhlükəsizlik arxitekturasını qurmaq ehtiyacından doğur. Məhz rəsmi dövlət qurumları səviyyəsində çoxtərəfli əməkdaşlığın qurulması böyük Türk ailəsinin mənəvi bütövlüyünə, ideoloji təhlükəsizliyinə və ortaq gələcəyinə birbaşa xidmət edən tarixi missiyadır.

Komitə sədri qeyd edib ki, platforma çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş və bu gün mütərəqqi dini-akademik təhsilin mərkəzinə çevrilən Azərbaycan İlahiyyat İnstitutunun geniş potensialından istifadə olunması, institut ilə TDT-yə üzv ölkələrin aparıcı dini təhsil müəssisələri arasında qarşılıqlı təcrübə mübadiləsinin, birgə elmi araşdırmaların və akademik əməkdaşlığın qurulması xüsusi əhəmiyyət daşıyır.

O diqqətə çatdırıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində talana məruz qalan, təhqir edilərək ümummüsəlman və ümumbəşəri mənəviyyata ağır zərbə vuran vandalizm aktlarına qarşı tarixi-dini mədəni irsimizin qorunması, bərpası və bu əməllərin beynəlxalq müstəvidə ifşası istiqamətindəki əməkdaşlığımız strateji xəttə çevrilir: “Biz ilk dəfə olaraq dövlət səviyyəsində mərkəzləşdirilmiş informasiya və təcrübə mübadiləsi apararaq radikalizmə, kənar ideoloji müdaxilələrə və cəmiyyətlərimizin ənənələrinin əleyhinə yönəlmiş təhdidlərə qarşı ortaq mövqedən çıxış etmək imkanlarımızı genişləndiririk. Əminəm ki, əsasını qoyduğumuz bu yeni əməkdaşlıq platforması dini sahəyə məsul dövlət qurumlarımızı ortaq hədəflər ətrafında daha sıx birləşdirəcək, gələcəyə doğru gedən yolda ən güclü mənəvi və hüquqi sütunlardan biri olacaq”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin