Paşinyan Ağ Evdə götürdüyü öhdəliklərdən qaçır
İrəvanın ikili siyasəti ifşa olunur; Ermənistanın “ehtiyat planı” sülh prosesini təhlükəyə atır
Erməni İnqilab Federasiyası (Daşnaksütyun) rəsmi İrəvanı növbəti dəfə “Qarabağ hərəkatının” sonu ilə “razı olmayan” yarım milyondan çox Ermənistan vətəndaşının fikirlərini qulaqardına vurmaqda" suçlayıb.
Bu açıqlama, sadəcə, bir partiyanın ritorikası deyil, erməni lobbisinin və radikal qüvvələrin həm Ermənistan daxilində, həm də xaricdə fəal şəkildə təbliğ etdiyi revanşist gündəliyinin açıq davamıdır. Onlar regiondakı yeni reallıqları qəbul etməkdən imtina etməyə və Azərbaycana qarşı ərazi iddialarında açıq şəkildə israr etməyə davam edirlər.
Sirr deyil ki, bu, illərdir müşahidə etdiyimiz klassik Ermənistan ssenarisidir. Rəsmi İrəvan özünü bu radikallardan kənarda qalmış kimi göstərir. Lakin məhz bu mövqe təhlükəli bir boşluq yaradır. Paşinyan və komandası susmağa və ya birmənalı olmayan şərhlər verməyə üstünlük versə də, revanşist təşəbbüsləri beynəlxalq informasiya məkanını zəhərləməyə davam edir.
Bakı əsasən sülh gündəliyi uğrunda ardıcıl və sistemli mübarizə aparır, İrəvan isə bütün revanşist hücumları, nifrət çıxışları və İkinci Qarabağ müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək cəhdlərinə qəti mövqe bildirmir.
İrəvanın bu qüvvələrlə fəal mübarizə aparmaqdan geri çəkilməsi Vaşinqtonun gündəliyinin ruhuna və Ermənistanın götürdüyü öhdəliklərə birbaşa ziddir. Cənubi Qafqazda sülh yalnız İrəvan qisasçılığa sözdə deyil, həm daxili, həm də bütün beynəlxalq cəbhələrdə qarşı çıxmağa başladıqda davamlı olacaq. Ermənistan hakimiyyətinin “kövrək sülh”lə manipulyasiyası nə qədər davam edəcək və s. kimi suallarla ekspertə müraciət etdik.

Qulamhüseyn Əlibəyli
Hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Daşnaksütyunun bu bəyanatını həm Ermənistanın hazırkı hakimiyyətinə və baş nazir Paşinyana, həm də bütövlükdə Güney Qafqazda artıq formalaşmış geosiyasi reallıqlara və sülh prosesini yönəlik mesaj kimi qiymətləndirmək olar: “Bəyanat ilk baxışdan parlament seçkilərində məğlub olmuş qüvvənin Ermənistanın hazırkı hakimiyyətinin siyasətinə yönəlmiş publik tənqid təsiri bağışlayır. Lakin məzmun etibarilə bəyanat seçkisonrası dövr üçün hazırkı hakimiyyətin siyasətinin yalnız tənqidi ilə məhdudlaşmır, Ermənistan cəmiyyətində bir tərəfdən, ölkənin gələcək xarici siyasət kursu, digər tərəfdən isə postmüharibə dövründə formalaşan regional geosiyasi reallıqlara münasibət ətrafında gedən siyasi-ideoloji mübarizənin növbəti mərhələsinin başlandığını əks etdirir. Belə ki, "Qarabağ hərəkatı"nın başa çatmasını qəbul etməyən yüz minlərlə erməninin mövcudluğunu vurğulamaqla Daşnaksütyun Ermənistan cəmiyyəti daxilində Paşinyanın “real Ermənistan” konsepsiyasının tam qəbul olunmadığını, xəstə “Böyük Ermənistan” təfəkkürünün və bu təfəkkürün daşıyıcısı olan revanşistlərin hələ də ciddi siyasi qüvvə kimi qaldığını nümayiş etdirməyə çalışır. Başqa sözlə, Daşnaksütyun demək istəyir ki, Ermənistan daxilində sülh gündəliyi ilə revanşizm arasında rəqabət hələlik tam yekunlaşmayıb, sülh strategiyası ilə revanşist siyasi mərkəzlər arasında sistemli qarşıdurma davam edir. Bu da öz növbəsində regionda sülh prosesi üçün real təhlükə yarada bilər. Bu bəyanat həm də xaricidə fəaliyyət göstərən, ciddi şəkildə təşkilatlanmış erməni diasporunun və kilsənin dəstəyini, maliyyəsini qazanmağa yönəlib. Daşnaksütyun “Böyük Ermənistan” ideyasını davam etdirən yeganə qüvvə olduğunu, buna görə də diasporadan və kilsədən dəstək, eləcə də maliyyə yardımı umduğunu nəzərə çatdırmaq istəyir. Məlumdur ki, erməni kilsəsinin və xaricdə fəaliyyət göstərən erməni təşkilatlarının Ermənistan hakimiyyətinə siyasi təsir imkanları uzun müddət bu ölkənin daxili və xarici siyasətinin mühüm elementlərindən biri olub. Hazırda Paşinyanın kilsə və diasporun hakimiyyətə siyasi təsirini məhdudlaşdırmağa yönəlmiş addımları onlarla hakimiyyət arasında ziddiyyətləri daha da dərinləşdirir. Bu baxımdan regional sülh və təhlükəsizlik haqqında məsələnin təkcə Azərbaycan-Ermənistan münasibətlərindən deyil, həm də Ermənistan dövlətinin kilsə və diaspor qarşısında nə dərəcədə siyasi müstəqillik əldə edib-etməməsindən asılı olduğu üzə çıxır".
Q.Əlibəyli onu da diqqətə çatdırdı ki, parlament seçkilərində Paşinyanın nisbi qələbə qazanması ona hökuməti təşkil etməyə imkan versə də, regional sülh və təhlükəsizlik, Güney Qafqazdakı beynəlxalq layihələr üçün xeyli risklər yaradır, ən azından Azərbaycan-Ermənistan arasında paraflanmış sülh sazişinin imzalanması üçün əsas şərt olan konstitusiyadakı ərazi iddialarının yaxın vaxtlarda aradan qaldırılması ehtimalını azalda və sülh prosesinin daha da uzadılmasına səbəb ola bilər: “Sülh prosesi yalnız hökumətlər arasında imzalanan sənəd deyil, həm də bu sənədə və orada nəzərdə tutulanlara münasibətdə cəmiyyətlərdə formalaşmış mövqeni əks etdirən ictimai-siyasi konsensusdur. Əgər Ermənistan cəmiyyətində müəyyən nüfuza malik olan siyasi qüvvələr, kilsə və diaspor strukturları açıq şəkildə postmünaqişə dövrünün geosiyasi reallıqlarını qəbul etmədiklərini açıq şəkildə bəyan edirlərsə, bu, əldə edilən istənilən razılaşmanın və bütövlükdə regionda sülh və təhlükəsizliyin qalıcılığı barədə haqlı suallar yaradır. Ona görə də Paşinyan hakimiyyətinin Daşnaksütyun və digər revanşist qüvvələrin təsirini real şəkildə məhdudlaşdırmağa hazır olub-olmaması, yoxsa həmin qüvvələrin mövcudluğundan gələcəkdə də Ermənistanın xarici siyasətində bir növ ehtiyat variant istifadə etmək niyyətində olub-olmaması bu gün üçün olduqca vacib məsələdir. Bu məsələ təkcə Ermənistanın daxili siyasəti üçün deyil, Ermənistanın götürdüyü öhdəliklərə sadiqliyi və bu baxımdan Güney Qafqazda uzunmüddətli qalıcı sülhün perspektivləri üçün də həlledici əhəmiyyətə malikdir”.
Sonda müsahibimiz onu da xüsusi olaraq vurğuladı ki, əgər dövlət həqiqətən sülh strategiyasını seçibsə, onda daxildə və xaricdə revanşizmi təşviq edən təşəbbüslərə qarşı da ardıcıl siyasi xətt yürütməlidir: “Əks halda, tərəfdaş dövlətlərdə belə qənaət formalaşa bilər ki, Ermənistanın sülh siyasəti tam institusional xarakter daşımır və daxili siyasi təzyiqlərdən asılı olaraq dəyişə bilər”.
Cavanşir ABBASLI,
0 Rəy