Elməddin Behbud: “IV Şuşa Qlobal Media Forumu beynəlxalq media əməkdaşlığının nüfuzlu platformasına çevrilib”
Şuşada keçirilən IV Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud mövzu ilə bağlı QHT.az-a açıqlamasında bildirib ki, Forumun iştirakçı tərkibi və müzakirə olunan mövzular onun beynəlxalq nüfuzunun ildən-ilə artdığını nümayiş etdirir.
Onun sözlərinə görə, “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən Forumda 30-a yaxın beynəlxalq informasiya agentliyi, 60-dan çox nüfuzlu media qurumu və 10-a yaxın beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı Şuşanın artıq qlobal media əməkdaşlığının mühüm ünvanlarından birinə çevrildiyini göstərir.
Elməddin Behbud qeyd edib ki, Forumun əsas mövzusu bu gün təkcə qlobal informasiya məkanı üçün deyil, həm də Azərbaycanın təşəbbüsü ilə yeni mərhələyə qədəm qoyan Cənubi Qafqazda etimadın və dayanıqlı sülhün formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
“Forum çərçivəsində keçirilən görüşlər, panel iclasları və interaktiv sessiyalar müxtəlif ölkələrdən olan jurnalistlərə fikir mübadiləsi aparmaq, müasir informasiya trendlərini müzakirə etmək və peşəkar əməkdaşlığı genişləndirmək üçün mühüm imkan yaradır”, – deyə o bildirib.
DANİB sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Forum çərçivəsində yerli və xarici media nümayəndələrinin suallarını açıq və ətraflı cavablandırması beynəlxalq jurnalistlər üçün Azərbaycanın rəsmi mövqeyini birbaşa mənbədən öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Onun sözlərinə görə, Forum iştirakçıları dövlət başçısından Orta Dəhliz və onun mühüm hissəsi olan Zəngəzur dəhlizinin Azərbaycanın tranzit və logistika potensialının reallaşdırılmasındakı rolu, eləcə də regional əməkdaşlıq üçün yaratdığı imkanlarla bağlı vacib mesajlar əldə ediblər.
Elməddin Behbud bildirib ki, Forumda medianın sülh quruculuğundakı rolu, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin formalaşdırılması, yeni texnologiyaların yaratdığı çağırışlar, media dialoqu, ictimai etimadın bərpası və dezinformasiyaya qarşı beynəlxalq əməkdaşlıq kimi aktual mövzular geniş müzakirə olunur.
“Bu gün həm Şərqdə, həm də Qərbdə qəbul edilir ki, media artıq təkcə informasiya yayan vasitə deyil, dövlətlərin milli təhlükəsizliyinə və beynəlxalq ictimai rəyin formalaşmasına təsir göstərən strateji resursdur. Məhz buna görə media qurumları arasında əməkdaşlığın gücləndirilməsi və qlobal çağırışların birgə müzakirəsi böyük əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.
Sonda Elməddin Behbud vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə təşkil olunan IV Şuşa Qlobal Media Forumu artıq beynəlxalq miqyasda nüfuzlu media platformalarından biri kimi qəbul edilir və bu, ölkənin qlobal media dialoquna verdiyi töhfənin bariz göstəricisidir.
0 Rəy