Türk Dövlətləri Təşkilatından ortaq fətva qərarı

Türk dünyası Bakıda yeni əməkdaşlıq xəttinə start verdi; ortaq dini platforma qurulur; Azərbaycan bu prosesdə niyə xüsusi rol oynayır?

Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Bakıda görüşü keçirilib. Görüşdə    Bakı Bəyənnaməsi qəbul edilib.

TDT Müsəlman Dini idarə rəhbərləri şurası razılaşıb ki,   milli və dini əlamətdar günlərin, xüsusilə Ramazan və Qurban bayramlarının ilkin tarixlərinin spesifik xüsusiyyətlər nəzərə alınaraq birgə müəyyənləşdirilsin,   başlıcası isə mötədil islam və məzhəblərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların işlənib hazırlanması işlərini davam etdirsin. O cümlədən, birgə elmi konfransların təşkili və ortaq dini mərkəzlərin yaradılması razılaşdırılıb.

Bakıda qəbul edilən Bakı Bəyannaməsinin ən mühüm və strateji məqamlarından biri TDT ölkələrinin dini idarələrinin mötədil İslam və məzhəblərarası anlaşma prinsiplərinə əsaslanan ortaq fətvalar hazırlamaq barədə razılığa gəlməsidir.

Bu qərarın əhəmiyyəti ondadır ki, söhbət artıq ayrı-ayrı ölkələrin dini qurumları arasında sadəcə təcrübə mübadiləsindən getmir. Ortaq fətvaların hazırlanması türk dövlətlərinin dini məsələlərdə ümumi mövqe və yanaşmalar formalaşdırmaq niyyətinin göstəricisidir. Yəni TDT daxilində siyasi, iqtisadi, nəqliyyat və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, dini-mənəvi müstəvidə də koordinasiya mexanizmi qurulur.

Burada Azərbaycanın Bakı platformasının əsas mərkəzlərdən birinə çevrilməsi xüsusilə diqqət çəkir. Azərbaycan həm dünyəvi dövlət modeli, həm də müxtəlif dini və məzhəbi qruplar arasında sabit münasibətlər baxımından TDT üçün mühüm təcrübəyə malikdir. Bu baxımdan mötədil İslamı, radikalizmdən uzaq dini yanaşmanı və məzhəblərarası həmrəyliyi əsas götürən ortaq fətvalar Türk dünyasında dini həmrəyliyin yeni modelinin əsasını təşkil edə bilər.

Ən mühüm məsələ isə bu təşəbbüsün gələcəkdə yalnız dini məsələlərlə məhdudlaşıb-məhdudlaşmayacağıdır. Əgər ortaq fətva (dini məsələ ilə bağlı alim və ya müfti tərəfindən verilən dini-hüquqi rəy və hökm deməkdir) mexanizmi davamlı fəaliyyət göstərərsə, TDT məkanında dini məsələlər üzrə vahid ekspert platformasının formalaşmasından danışmaq mümkün olacaq.

Başqa sözlə, Bakıda verilən qərar türk dövlətləri arasında inteqrasiyanın dini-mənəvi istiqamətinin də açıldığını göstərir. Bu isə TDT-nin yalnız siyasi və iqtisadi birlik deyil, ortaq tarixi, mədəni və mənəvi dəyərlər ətrafında daha sıx koordinasiya olunan platformaya çevrilməsi baxımından mühüm mesajdır.

Biz heç kimə düşmən deyilik - Rəşad Bayramov | Hafta.az

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov “Yeni Müsavat”a bildirdi ki, dini sahədə əməkdaşlıq dolayısı ilə təhlükəsizlik və ictimai sabitlik gündəliyinə də töhfə verə bilər: “Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Bakıda keçirilən toplantısında qəbul edilən Bakı Bəyannaməsi TDT çərçivəsində əməkdaşlığın artıq təkcə siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını göstərən mühüm addımdır. Xüsusilə mötədil İslam və məzhəblərarası anlaşma prinsiplərinə əsaslanan ortaq fətvaların hazırlanması barədə razılaşma Türk dünyasında dini-mənəvi müstəvidə koordinasiyanın institusional əsaslarının formalaşdırılması baxımından diqqətəlayiqdir. İlk baxışda bu qərar sırf dini məsələ təsiri bağışlasa da, onun siyasi əhəmiyyəti daha genişdir. Çünki müasir beynəlxalq münasibətlərdə dövlətlərarası əməkdaşlığın davamlılığı yalnız iqtisadi maraqlardan deyil, həm də ortaq dəyərlər və kimlik üzərindən formalaşan sosial-mədəni bağlardan asılıdır. Türk dövlətlərinin böyük hissəsinin müsəlman cəmiyyətləri olması nəzərə alınarsa, dini məsələlərdə qarşılıqlı anlaşmanın gücləndirilməsi ümumi türk kimliyinin mühüm komponentlərindən biri olan mənəvi yaxınlığın da möhkəmlənməsinə xidmət edə bilər.

Burada əsas üstünlük ortaq fətvanın hansısa vahid dini hökm yaratmasından çox, TDT ölkələrinin dini qurumları arasında davamlı məsləhətləşmə və ekspert koordinasiyası mexanizmi formalaşdırmasıdır. Bu mexanizm gələcəkdə radikalizm, dini ayrı-seçkilik, məzhəbçilik və xarici ideoloji təsirlər kimi məsələlərə münasibətdə daha uzlaşdırılmış yanaşmaların meydana çıxmasına imkan yarada bilər. Beləliklə, dini sahədə əməkdaşlıq dolayısı ilə təhlükəsizlik və ictimai sabitlik gündəliyinə də töhfə verə bilər".

Siyasi ekspert onu da diqqətə çatdırdı ki, Azərbaycanın bu prosesdə Bakını platforma kimi təqdim etməsi də xüsusi siyasi əhəmiyyət daşıyır: “Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mədəni irs arasında balans yaratması, həmçinin müxtəlif məzhəblər arasında qarşılıqlı münasibətlərin qorunmasına yönəlmiş yanaşması Türk dünyası üçün nümunəvi təcrübə rolunu oynaya bilər. Bu baxımdan Bakı gələcəkdə yalnız TDT-nin siyasi və iqtisadi təşəbbüslərinin deyil, həm də dini-mənəvi dialoqun əsas mərkəzlərindən birinə çevrilməsi gözlənilir. Daha geniş perspektivdə isə bu qərar Türk dünyasında inteqrasiyanın çoxşaxəli xarakter aldığını nümayiş etdirir. Nəqliyyat dəhlizləri, ticarət, müdafiə və təhlükəsizlik əməkdaşlığı ilə yanaşı, elm, təhsil, mədəniyyət və dini-mənəvi sahələrdə koordinasiyanın güclənməsi TDT-ni daha institusional və dayanıqlı platformaya çevirə bilər. Şübhəsiz ki, ortaq fətvaların hazırlanması üzv ölkələrin fərqli dini ənənələri, hüquqi sistemləri və institusional xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu mexanizmin uğuru onun məcburi vahidləşdirmə alətinə deyil, məsləhətləşmə, elmi əsaslandırma və qarşılıqlı hörmət platformasına çevrilməsindən asılı olacaq. Ümumilikdə isə Bakıda qəbul edilən qərarı yalnız dini əməkdaşlıq təşəbbüsü kimi qiymətləndirmək doğru olmaz. Bu addım TDT-də ortaq dəyərlər əsasında koordinasiyanın yeni istiqamətinin açıldığını göstərir. Prosesin ardıcıl şəkildə inkişaf etdirilməsi dini-mənəvi yaxınlaşmanı sürətləndirə bilər ki, bu da gələcəkdə Türk dünyasında siyasi həmrəyliyin və strateji koordinasiyanın sosial dayaqlarından birinə çevrilə bilər. Başqa sözlə, ortaq fətva təşəbbüsü öz mahiyyətinə görə dini olsa da, onun uzunmüddətli nəticələri Türk dünyasının siyasi və institusional inteqrasiyası baxımından daha geniş əhəmiyyət daşıyır”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Rəylər

Aşağıdakı məlumatları qeyd edin