“Ermənilər üçün Gəncəsər planı belə hazırlanıb” – Rusiyanın gizli Qarabağ hesabları AÇILDI

“Birinci Dünya müharibəsi ərəfəsində Çar Rusiyasının Baş Qərargahının tapşırığı ilə Qarabağda araşdırmalar aparılıb. Məqsəd Osmanlı hücumu baş verəcəyi təqdirdə ermənilərin köçürülməsi üçün Qarabağda dini mərkəz yaratmaq idi. Həmin dövrdə Gəncəsərin də bu məqsədlə nəzərdən keçirildiyini göstərən sənədlər və materiallar var”.

Musavat.com xəbər verir ki, bunu Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə deyib.

R.Hüseynov bildirib ki, son 15 il ərzində Qafqaz Albaniyasının tarixi, o cümlədən Gəncəsər monastırı ilə bağlı arxivlərdə və xarici mütəxəssislərin iştirakı ilə araşdırmalar aparılıb.

Onun sözlərinə görə, sovet dövründə Qafqaz Albaniyasının tarixinin öyrənilməsinə siyasi yanaşmalar təsir edib:

“Son araşdırmalar sovet dönəmindən səhv təhlil olunmuş, bizdə də müəyyən çərçivədə qəbul edilmiş bəzi məsələlərə başqa cür baxmağa məcbur edir. Sovet elmi müəyyən siyasi konyunkturanın maraqlarına cavab verib. Stalin dövründə albanşünaslığın formalaşdırılması ilə bağlı xüsusi yanaşma olub”.

Hərbi ekspert qeyd edib ki, həmin dövrdə İosif Orbeli və digər alimlərin fəaliyyəti də bu prosesin bir hissəsi olub:

“İosif Orbeli həmin dövrdə Gəncəsər və ümumiyyətlə Albaniya tarixi ilə işləyən şəxslərdən biri idi. Məqsəd Qafqazda üçüncü tarixi mərkəz formalaşdırmaq idi. Stalinə müxtəlif məlumatlar gəlirdi ki, ermənilər "Böyük Ermənistan" iddiaları ilə Qərb ölkələrində fəaliyyət aparırlar. Bu səbəbdən həmin dövrdə Urartu məsələsi də gündəmə gətirildi və albanşünaslığın üçüncü mərkəz kimi formalaşdırılması istiqamətində işlər görüldü”.

R.Hüseynov müasir Azərbaycan tarixşünaslığında Qafqaz Albaniyası irsinin konseptual baxımdan hələ tam yerini tutmadığını deyib.

O, Gəncəsər monastırı ilə bağlı araşdırmaların tarixçəsinə də toxunub:

“Birinci Dünya müharibəsi ərəfəsində Çar Rusiyasının Baş Qərargahının tapşırığı ilə akademik Marr, hələ gənc olan İosif Orbeli və bir qrup tarixçi-arxeoloq həm Şərqi Anadoluda, həm də Qarabağda araşdırmalar aparıblar. Bizdə onların yazışmaları da var. Rusiya Baş Qərargahının faktiki tapşırığı ilə bunlar həm elmi, həm də başqa məqsədlərlə fəaliyyət göstəriblər”.

Onun sözlərinə görə, həmin araşdırmaların əsas məqsədlərindən biri Osmanlı ilə mümkün müharibə şəraitində erməni əhalisinin yerləşdirilməsi məsələsi olub:

“Rusiya bilirdi ki, qarşıda böyük müharibə var. Təxmin edilirdi ki, Osmanlı hücuma keçsə, indiki Ermənistan ərazisini, İrəvanı və Üçmüədzini ələ keçirə bilər. Ehtiyat olaraq ermənilər üçün bir yer və dini mərkəz lazım idi. 1905–1909-cu illərdə İosif Orbeli tapşırıq alaraq Qarabağa gəlir, Gəncəsər monastırını araşdırır və "Gəncəsər və Xaçın knyazlığının yazıları" adlı əsər hazırlayır. Sonradan həmin kitabın mövcud olmadığı bildirilirdi. Lakin kitab tapıldı və çap edildi”.

R.Hüseynovun sözlərinə görə, həmin planlardan biri İrəvan quberniyasında yaşayan erməni əhalisinin Qarabağa köçürülməsi və burada mövcud erməni əhalisinin gücləndirilməsi olub:

“Ermənilər üçün dini mərkəz axtarılırdı və Gəncəsərin bunun üçün uyğun ola biləcəyi düşünülürdü. Yəni Üçmüədzinin yerinə Gəncəsər nəzərdən keçirilirdi. Lakin Birinci Dünya müharibəsinin nəticələri məsələnin başqa cür inkişaf etməsinə səbəb oldu. Nəticədə həm Rusiya imperiyası, həm də Osmanlı imperiyası süqut etdi”.

Ekspert daha sonra Qarabağdakı xristian dini abidələrinin tarixi əhəmiyyətindən danışıb. O, Gəncəsər, Xudavəng və Amaras monastırlarını xüsusi qeyd edib:

“Qarabağda xristian dünyası üçün mühüm olan üç kilsə var. Bunlar Gəncəsər, Xudavəng və Amarasdır. Bunların hər birinin xristianlıq tarixində xüsusi yeri var”.

R.Hüseynov bildirib ki, Gəncəsər, Amaras və Xudavənglə bağlı müxtəlif dini rəvayətlər mövcuddur. Onun sözlərinə görə, Amarasda müqəddəs Qriqorisin, Xudavəngdə isə müqəddəs Faddeyin dəfn olunduğu ilə bağlı məlumatlar var.

Ekspert Qarabağda aparılan arxeoloji və dini irslə bağlı araşdırmalara da toxunaraq, bəzi abidələrdə aparılan işləri tənqid edib:

“Antiterror əməliyyatından sonra ərazidə aparılan çəkilişlər zamanı bəzi məzarların və sümüklərin qazıldığı barədə görüntülər gördük. Bu məsələ araşdırılmalı və beynəlxalq xristian ictimaiyyətinin diqqətinə çatdırılmalıdır”.

R.Hüseynov Alban kilsəsinin statusunun da mühüm məsələ olduğunu vurğulayıb:

“Alban kilsəsi avtokefal olub. Yəni müstəqil kilsə statusuna malik idi və birbaşa Qüdsdəki xristian dini mərkəzləri ilə əlaqələri olub. Qüdsdə Alban icmasının və Alban məhəlləsinin mövcudluğu ilə bağlı da məlumatlar var”.

Onun sözlərinə görə, XIX əsrdə Rusiya imperiyasının Qafqaz siyasəti çərçivəsində Alban kilsəsinin statusunda dəyişikliklər baş verib:

“1815-ci ildə Gəncəsər Alban katolikosluğu ləğv edilib və mitropolitlik səviyyəsinə salınıb. 1836-cı ildə isə kilsələr, onların varidatı və icmaları Erməni Eçmiədzin kilsəsinin idarəsinə verilib. Qüdsdəki Alban məhəlləsi də sonrakı mərhələdə ermənilərin nəzarətinə keçib”.

Ekspert hesab edir ki, Qafqaz Albaniyasının xristian irsinin öyrənilməsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyət daşıyır:

“Alban irsi bu şəkildə talan olunub və darmadağın edilib. Gəncəsər də bunun içində yalnız bir nöqtədir. Qarabağdakı xristian irsi məsələsinin Ermənistan tarixşünaslığında xüsusi əhəmiyyəti var. Bu irsin tarixi mənsubiyyəti ilə bağlı məsələlərə görə Gəncəsər ətrafında mübahisələr bu gün də davam edir”.

R.Hüseynov bildirib ki, Qafqaz Albaniyasının irsi ilə bağlı araşdırmaların davam etdirilməsi, arxiv sənədlərinin üzə çıxarılması və abidələrin elmi əsaslarla öyrənilməsi vacibdir.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin