Ermənistan-Azərbaycan sərhədində ərazi güzəştləri ilə bağlı xəbərlər təkzib edildi...

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ofisi Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası nəticəsində erməni tərəfinin mövqe və ya ərazi güzəştlərinə getməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

Baş nazirin müavininin ofisi bu barədə “Armenpress” nəşrinin sorğusuna cavab verib. Bildirilib ki, son günlər bəzi informasiya resurslarında Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası nəticəsində erməni tərəfinin guya mövqe və ya ərazi güzəştlərinə getməsi ilə bağlı məlumatlar yayılır.

Məsələ ilə bağlı verilən açıqlamada qeyd olunub:

“Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası nəticəsində erməni tərəfinin mövqe və ya ərazi güzəştlərinə getməsi barədə son günlər bəzi informasiya resurslarında yayılan xəbərlər və hallar həqiqətə uyğun deyil”.

Qeyd edilir ki, iki gündür yayılan və Tavuş vilayətində(Azərbaycanın Qazax və Tovuz rayonlarıyla həmsərhəddir-S.L.) aparılan Ermənistan-Azərbaycan sərhəd delimitasiyası prosesi nəticəsində Noyemberyan rayonunun Berdavan kəndi (Qazax rayonunun Kəmərli, Şıxlı-1 və Şıxlı-2 kəndləri ilə həmsərhəddir-S.L.) yaşayış məntəqələri yaxınlığında 4-5 erməni döyüş mövqeyinin Azərbaycanın nəzarətinə keçdiyi iddiası da Ermənistan Müdafiə Nazirliyi tərəfindən “növbəti uydurma” kimi qiymətləndirilərək təkzib edilib.

Noyemberyan icmasının rəhbəri də sözügedən məlumatı təkzib edib.

Xatırladaq ki, bu mövzuda xəbərlər erməni mediasına istinadla Azərbaycan KİV-də də yer alıb.

S.Laçın 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin