Paşinyanın ətrafından Azərbaycana ilginc HƏDƏ

“Yaxın perspektivdə Ermənistan cəmiyyətində revanşist ovqat güclənə bilər”. Bunu baş nazir Nikol Paşinyanın hökuməti ilə əlaqəsi olduğunu deyilən erməni analitik Nerses Kopalyan bildirib. Onun sözlərinə görə, hazırda toplumda mövcud şəraitdə çıxış yolu tapa bilməyən “boğulmuş qəzəb” mövcuddur. Kopalyan iddia edib ki, 15-20 il sonra, “Azərbaycanda siyasi dəyişikliklər baş verən” zaman erməni millətçiliyi siyasi fəaliyyətə çevrilə bilər.

Nerses Kopalyan: “ABŞ Azərbaycan hücumlarının qarşısını alır, lakin onları  cəzalandırmır. Harris administrasiyası bundan çəkinməyəcək” – Ermənistanın  İctimai Radiosu

Qeyd edək ki, gələn il üçün Ermənistanın hərbi büdcəsi əhəmiyyətli dərəcədə artırılıb. Həmçinin, konstitusiya dəyişikliyinin ləngiməsi fonunda ölkənin sürətlə silahlanması müşahidə olunmaqdadır.

Bəs ölkəmizə qarşı revanşizm təhlükəsi getdikcə nə dərəcədə ciddiləşə bilər? Sülh müqaviləsi imzalanacaqsa və ikitərəfli əlaqələr normala düşəcəksə, radikal-revanşistlər hansı qələti edə bilər ki? Onlar yenə Azərbaycanda mümkün siyasi qarışıqlığamı ümid edirlər?

Siyasi ekspert Ramiyə Məmmədova erməni revanşistlərin xülya ilə yaşadığını düşünür. Onun Musavat.com-a dediyinə görə, geosiyasi reallıqlar nəzərə alınmalıdır:

“Azərbaycan ərazilərinin 20 faizi o vaxt işğal olunmuşdu ki, SSRİ yeni dağılmışdı, bizim gücümüz az idi, erməniyə isə rus dəstək verirdi. Yəni bu kömək olmasaydı, torpaqlarımızı zəbt edə bilməzdilər. İndi isə regionda başqa geosiyasi vəziyyət var. Ermənilərin revanşizm əhvalı o demək deyil ki, yenidən Qarabağa hücum edə bilərlər. İlk növbədə Azərbaycanın hərbi qüdrətinə bələddirlər. İkincisi, heç bir xarici güc ermənilərə növbəti işğal üçün kömək etməyəcək. Xüsusən də Rusiya.
Hazırda Cənubi Qafqazda gedən proseslər siyasi-iqtisadi rəqabətdir, Qərb Rusiyanı regiondan sıxışdırmaq istəyir. Ona görə də bu strateji qarşıdurma o anlama gəlmir ki, tərəflərdən biri Ermənistanda revanşizmə dəstək verərək ərazilərimizə təzədən hücum planı quracaq. Əlbəttə, 20-30 il sonranı proqnozlaşdırmaq çətindir, ermənilərin xisləti də bizə məlumdur, lakin Azərbaycan tarixin hər bir mərhələsində yalnız güclü olmalıdır ki, bədxah qüvvələr xain niyyətə düşə bilməsinlər".

Təbrizdə Ermənistan konsulluğu: “Bu, gələcəkdə regionda qığılcımların  alışmasına gətirib çıxara bilər”

Siyasi şərhçi hesab edir ki, Ermənistanda gələcəkdə hansı qüvvə hakimiyyətdə olacaqsa, Paşinyanın tutduğu kursu davam etdirməlidir: "Yəni söhbət Azərbaycan və Türkiyə ilə əməkdaşlıq siyasətindən gedir. Bölgədəki 2 milyonluq erməni xalqının firavan yaşaması, təhlükəsizlik həyatı yalnız əməkdaşlıqdan keçir. Ermənilər ticarət yollarının faydasını, sərhədlərin açıq olmasının iqtisadi təsirlərini gördükcə Qarabağ məsələsi yada düşməyəcək. Artıq bu əməkdaşlığın töhfəsini görürlər. Azərbaycan həm neft məhsulları satır, həm ərazimizdən İrəvana yüklər daşınır. Gələcəkdə isə bu əlaqələr genişlənəcək, dəmiryolları, avtomobil yolları, elektrik xətləri olacaq, erməniləri işıq və qazla təmin edəcəyik, bir sözlə, sülh müharibədən həmişə yaxşıdır”.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin