Zəngəzur dəhlizi ilə bağlı MÜJDƏ – Gələn ildən...
“TRIPP layihəsi ilə bağlı deyə bilərəm ki, planlaşdırılan işlər kifayət qədər sürətli templə gedir”. Bunu Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan bu mövzuda jurnalistlərlə söhbət edərkən bildirib.

“Proqramın bir ildə nə qədər irəlilədiyinə və qeydə aldığımız inkişafa nəzər salsaq, deməliyəm ki, bu miqyaslı bir layihə üçün yetərincə mühüm nəticələr əldə etmişik. Bilirsiniz, hazırda araşdırma aparılır və düşünürəm ki, bu, yaxın bir-iki ay ərzində başa çatacaq və bundan sonra, inanıram ki, 2027-ci ilin əvvəlində real irəliləyişi görə biləcəyik. Layihənin bir çox mərhələsi var və bu tədqiqat başa çatana və ondan irəli gələn müxtəlif tədbirlərin mərhələləri müəyyən edilənə qədər bu, mümkün olmayacaq”, - səfir qeyd edib.
Onun sözlərinə görə, Amerika şirkəti AECOM tərəfindən tədqiqat sifariş edilib və aparılır: “Onun nəticələri tezliklə açıqlanacaq, qiymətləndirmə aparılacaq və sonra praktiki mərhələyə keçəcəyik. Bundan əvvəl çoxsaylı nümayəndə heyətlərimiz Vaşinqtona səfər edib və müxtəlif idarələrarası görüşlər keçirilib. Proqram artıq yetkinləşib, praktiki icra mərhələsinə çatıb və inanırıq ki, tikintinin başlanması mərasimi gələn ilin əvvəlində mümkün olacaq”, - deyə Mkrtçyan bildirib.
“Tramp marşrutu” sürətlənir demək olarmı? Mühüm olan dəmiryolunun inşası nə vaxt başlayacaq?
Professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Ermənistanın ABŞ-dəki səfirinin verdiyi bəyanat ilk baxışda prosesin sürətləndiyi təəssüratını yaratsa da, layihə üzrə real mənzərə fərqlidir: “Hesab edirəm ki, diplomatın bu bəyanatı Ermənistan tərəfindən yolun çəkilişi ilə bağlı işlərin əsassız ləngidilməsinin əsas səbəblərini ört-basdır etməyə hesablanıb. Bir sözlə, səfirin “işlər sürətlə gedir” və “tikinti gələn ilin əvvəlində başlaya bilər” bəyanatı daha çox Vaşinqtonun təzyiqlərini yumşaltmağa və beynəlxalq ictimaiyyətdə İrəvanın layihəyə sadiq olduğu illüziyasını yaratmağa hesablanıb”.
Onun fikrincə, əslində isə, Ermənistanın rəsmi öhdəliklərinə və ilkin razılaşmalara nəzər salsaq, dəmir yolu və kommunikasiya xətlərinin bərpası işlərinə ən geci 2026-cı ilin ikinci yarısından etibarən start verilməli idi.

“Səfirin “işlərə gələn ilin əvvəlində başlanacaq” deməsinə baxmayaraq, İrəvanın daxili siyasi müstəvidə və digər tərəfdaşlarla təmaslarda verdiyi mesajlarda tikintinin ən yaxşı halda 2027-ci ilin ortalarından etibarən başlanacağını göstərir. Bu isə yolun tikintisi üzrə İrəvanın götürdüyü öhdəliyin ən azı bir il uzadılması və deməli, işlərin bir il ləngiməsi deməkdir”,_ F.Yusifov belə şərh edib.
F.Yusifovun sözlərinə görə, buna görə də indi səfirin Zəngəzur dəhlizində işlərin sürətləndiyini deməsi reallığa uyğun deyil, əksinə, İrəvan layihənin praktiki icrasını müxtəlif bəhanələrlə gələcək müddətlərə ötürərək zaman qazanmaq taktikası yürüdür: “Prosesin 2026-cı ilin ikinci yarısından 2027-ci ilin ortalarına qədər uzadılmasının arxasında həm Ermənistanın daxili siyasi hesablamaları, həm də regionda toqquşan xarici güclərin maraqları dayanır. Paşinyan hakimiyyəti Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq bu strateji dəhlizin açılmasının daxili reaksiyasından ehtiyatlanır. Radikal müxalifətin və revanşist qüvvələrin təzyiqini neytrallaşdırmaq üçün hökumət məsələni mümkün qədər “texniki-prosedur işləri” adı altında uzatmağa çalışır. TRIPP layihəsinin ABŞ-nin təşəbbüsü və çətiri altında həyata keçirilməsi Moskvada kəskin narazılıqla qarşılanır. Noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, bu xəttə Rusiyanın Sərhəd Xidmətinin nəzarət etməsi nəzərdə tutulurdu. Vaşinqtonun layihəyə daxil olması ilə Rusiyanın mövqeyi yetərincə zəiflədi. Rusiya bununla barışmaq istəmir. Moskva İrəvana müxtəlif rıçaqlarla (enerji, təhlükəsizlik, iqtisadi asılılıq) təzyiq edərək ABŞ-nin patronajlığı altında dəmir yolunun sürətlə inşasına mane olmağa çalışır. Görünən budur ki, əgər Rusiya Ukrayna ilə müharibədə məğlub olmasa, o, Cənubi Qafqazdakı mövqelərini bərpa etmək üçün bütün yollara əl atacaq”.
Etibar Seyidağa,
0 Rəy