Azərbaycan və Ermənistan arasında anklav və eksklavlar olmamalıdır - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasından sonra iki ölkə arasında münasibətlərin necə qurulmalı olduğuna dair baxışını təqdim edib.

Modern.az xəbər verir ki, Paşinyan Ermənistan və Azərbaycan arasında anklav və eksklavların olmamasını, bu məsələnin bərabər sahəli ərazilərin qarşılıqlı mübadiləsi yolu ilə həll edilməsini təklif edib.

Baş nazirin sözlərinə görə, Ermənistanın ərazisi 29 min 743 kvadratkilometr təşkil etməli, Azərbaycanla sərhədlərin delimitasiyası isə 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında aparılmalıdır.

Paşinyan bildirib ki, iki ölkə arasında bütün yollar və nəqliyyat kommunikasiyaları açılmalıdır. O, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə nəqliyyat əlaqəsinin təmin edilməsinin vacibliyini də vurğulayıb.

Ermənistanın Baş naziri qeyd edib ki, tərəflər bir-birinə qarşı heç bir ərazi iddiası irəli sürməməlidirlər. Onun sözlərinə görə, bu prinsip Qarabağ, Naxçıvan və Qərbi Azərbaycan konsepsiyası ilə bağlı məsələlərə də şamil edilməlidir.

Paşinyan əlavə edib ki, Türkmənistanda Azərbaycan Prezidenti İlham Əliyevlə təmaslarından sonra iki ölkə arasında belə bir sülhün əldə olunmasının real olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanıb. Sənədin yekun imzalanması və ratifikasiyası hələ həyata keçirilməyib. 

Rəylər

Aşağıdakı məlumatları qeyd edin