“Moskvanın Qarabağ haqda bu qərarı Azərbaycan xalqından gizli saxlanılıb...”

“Onun dövründə ermənilər Qarabağdakı döyüşçülərinin sayını 10 min nəfərə çatdırdılar...”

“Camaat arasında bəzən belə bir fikir dolaşır ki, guya Polyaniçko Qarabağda Respublika Təşkilat Komitəsinə rəhbərlik edərkən Azərbaycanın xeyrinə böyük işlər görmüşdür. Belə düşünmək yalnız və yalnız sadəlöhvlükdür...”

“SSRİ Nazirlər Soveti 1990-cı il 22 may tarixində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində suveren hüquqlarının “bərpası” ilə əlaqədar 493 saylı qərar qəbul etmişdi... ”

“Yaxşı ki, indi də xüsusən Putinin Ukraynada dinc əhaliyə qarşı amansız, qəddar olduğu qədər də biabırçı “xüsusi əməliyyatı” fonunda Rusiyanın çökməsinə aparan proseslər sürətlənir və artıq Azərbaycan dövlətinin Qarabağın ermənilər məskunlaşdırılmış hissəsi ilə də bağlı müstəqil qərarlar verməsinə şərait yaranır...”

Azərbaycan Respublikası ərazisinin bir hissəsində  müvəqqəti(!) olaraq yerləşdirilmiş Rusiya “sülhməramlı” kontingentinin  son 2 il 5 aya yaxın dövrdəki fəaliyyətini və həmin müddətdə ümumilikdə Kremldəki Putin rejiminin erməni-azərbaycanlı qarşıdurmasıyla bağlı bəyanat və qərarlarını izlədikdə belə bir təəssüat yaranır ki, Moskva sanki keçmiş Dağlıq Qarabağdakı durumu 1988-ci ilin fevralından 1991-ci ilin avqustuna kimi, yəni SSRİ-nin açıq çöküş prosesi baş verən zamana qədərki dövrə qaytarmaq istəyir. Bəhs edilən zaman kəsimində  baş verənlər barədə sabiq ədliyyə naziri Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” adlı kitabındakı növbəti epizodu diqqətlə oxuduqda da Yuxarı Qarabağdakı hazırkı dövrlə sözügedən dövr arasında müəyyən paralellər aparmaq olur...  

“A.Volski və V.Polyaniçko  xüsusi səlahiyyət sahibi idilər...

Arkadi Volski və Viktor Polyaniçko keçmiş Dağlıq Qarabağda fəaliyyət göstərdikləri zaman xüsusi səlahiyyətlətə malik idilər. Onlar əslində heç respublikanın rəhbərliyi ilə hesablaşmırdılar. Hətta yeri gəldikdə, respublika rəhbərliyinə onlar tapşırıq və göstəriş verirdilər. Onlar o vaxtkı Dağlıq Qarabağla bağlı tutduqları vəzifə ilə əlaqədar həm də SSRİ Nazirlər Kabinetinin Baş nazirinin müavini idlər. Hər ikisini Moskva təyin etmiş, tabeliklərində böyük hərbi arsenal və silahlı qüvvələr var idi. O vaxt SSRİ-nin ərazisində fəaliyyət göstərən bütün nazirliklər, komitələr, idarələr və s. təşkilatlar onların birbaşa müraciətləri ilə Qarabağda yerləşdirilmiş ermənilərin maraqlarını təmin edən işləri yerinə yetirirdilər. Camaat arasında bəzən belə bir fikir dolaşır ki, guya Polyaniçko Qarabağda Respublika Təşkilat Komitəsinə rəhbərlik edərkən Azərbaycanın xeyrinə böyük işlər görmüşdür. Belə düşünmək yalnız və yalnız sadəlöhvlükdür. Heç vaxt unutmaq lazım deyil ki, Polyaniçko da Volski kimi M.Qorbaçovun bizim respublikaya göndərmiş olduğu nümayəndəsi idi və yalnız onun tapşırıqlarını yerinə yetirirdi...

SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsinin yaradılmasıyla əlaqədar olan 12 yanvar 1989-cu il tarixli fərmanına əsasən Volskinin dövründə Azərbaycan SSR-in keçmiş Dağlıq Qarabağ üzərində olan suveren hüquqlarından məhrum edilməsindən istifadə edən ermənilər Qarabağda qeyri-rəsmi olaraq Moskvanın köməyi və dəstəyi ilə minlərlə döyüşçünü birləşdirən silahlı dəstələrinin yaradılıb yerləşdirilməsinə nail oldular. Bundan sonra SSRİ Nazirlər Soveti 1990-cı il 22 may tarixində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində suveren hüquqlarının “bərpası” ilə əlaqədar 493 saylı qərar qəbul etmişdi. Moskva həmin qərarın icrasını o vaxtkı Dağlıq Qarabağa faktiki rəhbərlik edən V.Polyaniçkonun sədri olduğu Respublika Təşkilat Komitəsinə tapşırmışdı. Bəhs edilən qərarın icrasının Azərbaycan Respublikası hökumətinə həvalə edilməsi əvəzinə, Təşkilat Komitəsinə tapşırılması, Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüquqlarını bərpa etməsinə qəsdən əngəllər yaratmışdı. Bundan sonra Polyaniçkonun Respublika Təşkilat Komitəsinə rəhbərlik etdiyi dövrdə ermənilər Qarabağdakı qanunsuz silahlı dəstələrindəki döyüşçülərinin sayını 10 min nəfərə çatdırmışdılar...”

Zəruri şərh:

Göründüyü kimi, sabiq nazirini kitabından təqdim etdiyimiz epizodda ən maraqlı məqamlardan biri ondan ibarətdir ki, SSRİ Nazirlər Soveti 1990-cı il 22 may tarixində Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti üzərində suveren hüquqlarının “bərpası” ilə əlaqədar 493 saylı qərar qəbul edir. Və  həmin müddətdə Kreml canişini Polyaniçkonun əli ilə əsasən separatçı və işğalçı xislətli haykların xeyrinə qərarlar verməklə torpağımızda istədiyini edir. Amma 1991-ci ilin sonunda SSRİ imperiyası dağıldığından sözügedən qərarı icra etmək mümkün olmur... Və ən təəccüblüsü odur ki, həmin dövrdə Azərbaycan SSR-in ədliyyə naziri işləmiş Əlisaab Orucovun indi bizə verdiyi açıqlamaya görə, ölkə hökuməti Kremlin həmin qərarı məxfi saxlayaraq  bu sənəd barəsində o günlərdə respublika ictimaiyyətinin məlumatlandırılmasına imkan verməyib, hətta nazir olaraq onun özünün də bundan xəbəri olmayıb. Sabiq nazir bu haqda yalnız “Mübarizəmiz Qarabağdadır” kitabı üzərində işləyərkən 1988-1991-ci illərdə Qarabağda fəaliyyət göstərmiş Azərbaycan Daxili İşlər Nazirliyinin bir səlahiyyətli nümayəndəsi tərəfindən məlumatlandırılıb... Əslində, bundan təəccüblənməyə dəyməz. Çünki xalqdan gizli qərarlar vermək bir imperiya olaraq Rusiyanın xislətindən irəli gəlir və bu gün də o, eyni xislətlə mövcudluğunu və keçmiş müstəmləkələrinin çoxu üzərində nəzarətini davam etdirir... 

Əlisaab Orucovun səsləndirdiyi faktlar arasındakı  digər diqqətəlayiq məqam ondan ibarətdir ki, hazırda Rusiyanın “sülhməramlı” adlanan hərbi kontingentinin nəzarəti altında olduğu müddətdəki kimi,  Moskvanın təşkil etdiyi Respublika Təşkilat Komitəsinin dövründə də Qarabağda 10 minə qədər qanunsuz erməni döyüşçüsü toplanmasıdır... 

Xülasə, bu gün baş verənləri izlədikdə də sanki SSRİ-nin hansısa formada bərpasına ümid edən Rusiya rejiminin guya tədricən Azərbaycan dövlətinə keçmiş Dağlıq Qarabağın ermənilərin yerləşdirildiyi ərazilərdə bərpasına şərait yaratmağa çalışdığı, lakin bu prosesin 1990-1991-ci illərdə olduğu kimi Moskvanın himayəsi altında, onun istədiyi kimi, ermənilərə müəyyən fərqli hüquqlar verilməsi və sonda Rusiya hərbi kontingentinin daimi olaraq Qarabağda qalması şərti ilə aparılmasına cəhd göstərdiyi bəlli olur... Amma yaxşı ki, indi də xüsusən Putinin Ukraynada dinc əhaliyə qarşı amansız, qəddar olduğu qədər də biabırçı “xüsusi əməliyyatı” fonunda Rusiyanın çökməsinə aparan proseslər sürətlənir və artıq Azərbaycan dövlətinin Qarabağın ermənilər məskunlaşdırılmış hissəsi ilə də bağlı müstəqil qərarlar verməsinə şərait yaranır...

Sultan Laçın

Rəylər

Aşağıdakı məlumatları qeyd edin