Ermənistan poliqona, “Dəmir yumruq” qaçılmaza çevrilir

“Müttəfiq” bolluğuna düşən və savaşa şirnikləndirilən kapitulyant ölkə Azərbaycanla təzədən təkbətək qalıb; erməni politoloq: “Bizə göstərilən yenə üç barmağın məlum konfiqurasiyasıdır...”

Ermənistan adlı oyuncaq dövlətin srağagün Azərbaycanla şərti sərhəddə törətdiyi növbəti təxribat bir qənaəti daha da möhkəmlətdi: İran, Fransa kimi “bacıları”na və Avropa Birliyinin (AB) missiyasına arxalanan İrəvan xoşluqla sülh müqaviləsi imzalamaq niyyətində deyil, əksinə, ölkəmizə qarşı revanş planları qurmaqla məşğuldur. Ermənistan ərazisini xarici güclərin poliqonuna çevirən Nikol Paşinyan və komandası olduqca təhlükəli bir “qırmızı xətt”ə yaxınlaşıb.

Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədib

Bundan o tərəfə kapitulyant ölkəni və onun xalqını növbəti və daha böyük faciə gözləyir. Çünki neçə vaxtdır Ermənistanı Azərbaycana qarşı qısqırdan dövlətlərin heç biri əslində ona birbaşa hərbi kömək göstərməyəcək, onun yanında yer almayacaq - nə ABŞ və AB, nə də İran və başı Ukraynaya qarışan Rusiya. Beləcə, Ermənistan yenidən Azərbaycanla təkbətək qalmış durumdadır. 3-4 stulda oturmağa çalışan Nikol Paşinyan isə əfsus ki, odla oyuna davam edir.

Diqqətçəkici məqam həmçinin sərhəddəki 11 aprel avantürasının ABŞ-da Azərbaycan və Ermənistan rəhbərlərinin görüş anonsu verilməsindən bir gün sonraya təsadüf eləməsidir. Hər dəfə real sülhə doğru hansısa tərpəniş olanda İrəvan aranı məhz bu cür qarışdırır. “Bulanıq suda balıq tutmağa” çalışır. Odur ki, Azərbaycan və Ermənistan arasında özünü vasitəçi qismində görən dövlətlər və ya Avropa Birliyi regional sülhdə səmimi şəkildə maraqlıdırlarsa, onda ən əvvəl Paşinyanın başına ağıl qoymalı, ona təzyiq eləməlidirlər. Özü də ləngimədən.

Gerçək budur ki, erməni tərəfi son həftələr və aylar ərzində açıq şəkildə ritorikasını sərtləşdirib. Üstəlik, İrəvan az qala, özünü qalib ədası ilə apararaq, Bakı qarşısında açıq-aşkar qəbuledilməz tələblər və şərtlər qoymaqda, absurd iddialar irəli sürməkdədir. Paşinyan iqtidarı o sırada Azərbaycanı işğalçılıqda suçlayır və bütün bunları bəhanə edib sülh təşəbbüslərini əngəlləyir. Demək, Ermənistanın məramı, məqsədi Azərbaycanla sülh müqaviləsi imzalamaq deyil, havadarlarının felinə uyub müharibəyə vəsilə olmaqdır. Hansı müharibədə ki, onun heç bir uğur şansı yoxdur. 

*****

“Bu döyüşlər qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisini tamamilə tərk etdikdən, Ermənistan, nəhayət, öz gələcəyinə adekvat baxaraq, ağılla və konstruktiv şəkildə üçtərəfli bəyanatı addım-addım həyata keçirməyə başlayandan, onu uzun onilliklər ərzində məhv edən millətçilik ideyası və revanşizm ilə vidalaşandan sonra bitəcək”.

İqor Korotçenko Azərbaycanın öz əsgər və zabitlərinin həyatını qorumasına  imkan verən amillər barədə danışıb - AZƏRTAC

 İqor Korotçenko

Rusiyalı politoloq və hərbi ekspert İqor Korotçenko ermənilərin Laçın istiqamətində srağagünkü təxribatını şərh edərkən belə deyib (Axar.az).

“Bunun dinc yolla, yoxsa xüsusi əməliyyatla baş verəcəyini ancaq təxmin etmək olar. Mən yalnız əvvəlki tezisimi təkrarlaya bilərəm: Bakının siyasi, diplomatik səylərinin dəqiq "cərrahi" qərarlarla birləşməsi göz qabağındadır. Və bu, regionda dinc sabitliyə nail olunmasına, separatçıların qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən tamamilə çıxarılmasına yönəlmiş siyasətin uğurunu təmin edəcək. Bu nəticə qaçılmazdır. Sözügedən prosesə qarşı çıxmaq mənasızdır. İqtidar, qüdrət, güc, müdriklik Azərbaycanın tərəfindədir, belə bir güc balansı çox yaxın gələcəkdə bu problemin həllini təmin edəcək. Çox yaxın gələcəkdə bunun şahidi olacağıq", - o bildirib.

*****

Məsələ həmçinin ondadır ki, bir-biri ilə antaqonizmdə olan bunca müttəfiqə malik olmaq Ermənistan üçün elə yalqız qalmaq deməkdir. Çünki həm ABŞ və AB-yə, həm də Rusiya və İrana, hamıya “hə” deyən İrəvana heç kim ciddi yanaşmır, onu etibarlı tərəfdaş olaraq qəbul eləmir.

Bunu erməni ekspertlər də etiraf edir. O sırada politoloq Suren Sərkisyan hesab edir ki, Ermənistanın xarici siyasəti yoxdur və bu ölkənin addımları nə ekspertlər, nə də xarici tərəfdaşlar üçün anlaşılandır.

Azərbaycan və Ermənistan sərhəd delimitasiyası üzrə komissiyalarının ilk  görüşü olub - BBC News Azərbaycanca

 “Hakimiyyətin beynəlxalq arenadakı davranışı strategiya və strateji planlaşdırmanın tam olmadığını, bir-biri ilə uyğun olmayan addımlar atıldığını göstərir. Ermənistanın strateji müttəfiqi, ümumiyyətlə, müttəfiqi yoxdur. Yalnız maraqları üst-üstə düşən ölkələr var. Bununla belə, bu halda biz maraqların mütləq üst-üstə düşməsindən deyil, yalnız qismən üst-üstə düşməsindən danışırıq. Bu, Ermənistanın xarici siyasətinin ardıcıl iflasa uğramasının nəticəsidir”, - deyə Sərkisyan vurğulayıb.

Onun qənaətincə, İrəvan müttəfiqlərlə münasibətlərini sürətlə məhv edir: “Yeni güc mərkəzlərini əməkdaşlığa cəlb etmək üçün qətiyyən siyasət aparılmır. Məsələn, Gürcüstan Rusiyanın təsirindən çıxmaq istəyəndə AB-yə üz tutdu. Yəni müəyyən istiqamətdə konkret addım atdı. Ermənistan Rusiyanın təsirindən çıxmağa çalışırmı? Ermənistan Şimali Atlantika Alyansına qoşulmağı planlaşdırırmı? Yəni bizim strategiyamız yoxdur və belə bir şəraitdə Ermənistan beynəlxalq tərəfdaşların gözündə etibarsız ölkəyə çevrilir”.

Etibarsız ölkənin, dost-müttəfiqsiz qalanın axırı isə yaxşı olmur.

“Nəticədə Ermənistana qalan "3 barmağın məlum konfiqurasiyası" olur".

Bunu isə Ermənistanın müxalifətçi Respublika Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkədəki səhifəsində yazıb.

Aşotyanın əminliyinə görə, Ermənistan “şirnikləndirici oyunda xırda pula” çevrilib.

Deməli, erməni analar yeni tabutlara hazır olmalıdır...


“Yeni Müsavat”

Rəylər

Aşağıdakı məlumatları qeyd edin