Paşinyan Əliyevin bu cümləsini məxsusən düz oxumalıdır! - İrəvana və “Şeytan yuvası”na ortaq ultimatum

Ermənistan “A”dan sonra “B” deməyə tələsməlidir, əks halda, bunu ona Azərbaycan Ordusu dedizdirəcək...

Ermənistanın baş naziri Nikol Paşinyan özünün yalançı sülh ritorikasından əl çəkmir. Onun srağagünkü çıxışı da istisna olmadı. Kapitulyant ölkənin rəhbəri reallığı yenə baş-ayaq təqdim edərək, Azərbaycanı sülh istəməyən, ölkəsini isə əksinə, barışığa can atan tərəf qismində göstərməyə çalışdı.

“Ermənistan Azərbaycanın SSRİ dönəmindəki sərhədlərini tanıyır, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımasını gözləyirik” təxribatçı və absurd açıqlaması ilə qabaqdangəlmişlik eləmək istədi.

Yalançının yaddaşı olmaz. Görəsən, rəsmi Bakının 2-ci Qarabağ müharibəsindən az sonra sülh müqaviləsi imzalamaq, düşmənçilik səhifəsini həmişəlik bağlamaq üçün İrəvana göndərdiyi və beynəlxalq hüquqa, BMT Nizamnaməsinə əsaslanan 5 baza prinsipi nə idi görəsən? Ermənistanın ərazi bütövlüyünü tanımaq başqa necə olur?

Həmin bəndləri yada salmağın yeri var:

1). Dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2). Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3). Dövlətlərarası münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək.

4). Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5). Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

İndi isə sual: Nikol Paşinyan və komandası səmimi şəkildə Azərbaycanla barışıq istəyirsə, nədən həmin prinsiplər əsasında sülh sənədini imzalamaqdan üç ildir boyun qaçırır? Demək, “qoltuğunda” nəsə gizlədib. Sülh çağırışlarında səmimi deyil. Baş qatır, vaxt uzadır, gözə kül üfürür. Beynəlxalq birliyi çaşdırmağa, aldatmağa səy edir...

*****

Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə srağagünkü müsahibəsində bu xüsusda sülh anlaşması üçün absurd Qarabağ şərti irəli sürən, həmçinin Xankəndi-Bakı dialoqu üçün “beynəlxalq mexanizmi” tələb edən Nikol Paşinyanı yenə yerində oturdub. “Biz dəfələrlə bəyan etmişdik ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik, Qarabağ bizim daxili işimizdir” söyləyib.

İlham Əliyev: “Paşinyan panikaya qapılıb, təşvişdədir, özünü itirib” -  MÜSAHİBƏ

Eyni zamanda o, Qarabağda sülhməramlıların arxasında gizlənmiş təlxək-separatçı yığınına sərt ismarış göndərib, səbrimizin sonsuz olmadığını bildirib, ultimatum verib. “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, ərazimizdə kimsə at oynatsın”, - ölkə rəhbəri bəyan edib.

Prezident bu kontekstdə Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazidə keçirilmiş “qisas əməliyyatları”na işarə vuraraq, separatçıları Rusiyanın belə xilas edə bilməyəcəyini onlara anladıb. Bir daha bildirib ki, Qarabağda yaşayan ermənilər ya bizim vətəndaşlığımızı qəbul edəcəklər, ya da özləri üçün başqa yaşayış yeri tapmalı olacaqlar.

Dövlət başçısı habelə reinteqrasiyaya maneə olan separatçı ünsürlərə belə bir ismarış yollayıb: “Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar”.

Paşinyan meydanda TƏK QALDI: Brüssel və Bakıdan İrəvana 2 ardıcıl BƏD XƏBƏR

Göründüyü kimi, İlham Əliyev separatçı yığnağını sadə əhalidən ayırır. Şans pəncərəsini də birincilərə deyil, məhz ikinciyə - əhaliyə saxlayıb. Bununla həm dünyaya Azərbaycanın sülh gündəliyinə sadiq olduğu mesajını çatdırıb, həm də oyuncaq rejimə qarşı ən radikal tədbirlərin yaxında olduğunun anonsunu verib.

“Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar”, - İlham Əliyev  vurğulayıb.

*****

Daha bir mühüm detal. Prezident deyib ki, hazırda Azərbaycan Ordusu 44 günlük savaşdakından daha güclüdür.

Bu cümləni Paşinyan məxsusən düz oxumalıdır. Yəni Ermənistan bizimlə silahlanma yarışına, müharibəyə girməyi ağlına gətirməsin. Ondansa zavallı və yoxsul xalqına gün ağlasın və onu daha bir dağıdıcı savaşa tuş eləməsin, Azərbaycan və Türkiyə ilə tezliklə sülh müqavilələri imzalayıb, hərbiyə ayırmaq istədiyi maliyyə vəsaitlərini kasıb əhalisinin rifahına yönəltsin.

Cırtdan ölkələrin müdrik rəhbərləri məhz bu cür hərəkət edər, nəinki öz ərazilərini üstəlik, böyük güclərin rəqabət meydanına çevirər. Hansı işlə ki, üç ildir Paşinyan məşğuldur. Hansı ki, sülh danışıqlarını imitasiya edir, ölkəmizə qarşı hələ də həyasızcasına Qarabağ şərtini qoyur, Bakının bir ovuc separatçı ilə “beynəlxalq mexanizm” (zəmanət) altında danışıq aparmasını tələb edir.

“Vaxtilə ”Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Almatı Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır" - bu sitat da Azərbaycan Prezidentinin 18 aprel müsahibəsindəndir.

Qısası, İrəvan nə qədər gec deyil, daşı ətəyindən tökməli, “A”dan sonra “B” deməyə tələsməlidir. Əks təqdirdə, bunu ona Azərbaycan Ordusu dedizdirəcək...(Yeni Müsavat)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin