“Şuşadakı erməni postu”ndan Laçındakı Azərbaycan postunadək-TARİX yazılır!

Baxıram ki, bəziləri nələrin baş verdiyinin ya fərqində deyil, ya da dövlətimizin, millətimizin tarixi uğurunu həzm edə bilmirlər, xırda maraqlara, ötəri həvəslərə görə…29 ilə yaxın Ermənistanın+iki il rus hərbçilərin nəzarətində olan Laçın yolunun girişində, dövlət sərhədində Sərhəd Nəzarət Məntəqəmizi qurmuşuq, pasport-nəzarət sistemi işə salınıb, hər iki tərəfə keçmək istəyən ermənilərin sənədləri, avtomobillərinin saxlanc yerləri yoxlanılır, buraxılır…

Bu, sıradan bir hadisə deyil. Kim nə deyir-desin, şəxsən mən belə ümummilli hadisələrə, xoş xəbərlərə, ordumuzun, sərhədçilərimizin yaratdığı yeni reallıqlara baxanda ani olaraq yuxularımı xatırlayıram: biri “turist kimi getdiyimiz” (!) Şuşadan geri dönərkən ermənilərin qurduğu postda ələ salındığımızı və o anda ölümü arzuladığımı…Və bir də ermənilərin əlində olan Ağdamın məşhur Çay evinin xarabalıqlarının yanından keçərkən hönkürtü vurduğumu, elə öz səsimə də ayıldığımı…Yuxularımız da zəhərə dönmüşdü o illərdə. Nə baş verdiyini bir hissəmiz hələ doğru-dürüst anlaya bilmir, bəlkə də yuxu zənn edir bütün bunları. Amma şükürlər olsun! Yuxusunda Şuşa yaxınlığında ermənilərin “post qurması”nı görüb “dirigözlü ölən” bir azərbaycanlı Şuşa yaxınlığında 5 aydan artıq qurulmuş VƏTƏNDAŞ POSTUna və onun yaratdığı yeni reallıqlara baxıb, yenə fəxarət duymasın?!

Ermənilər bütün dünyada vay-şivən qaldırmışdılar ki, Azərbaycan ekofəalları Qarabağdakı erməniləri “genosid” etmək istəyir. Amma nə genosid olunan oldu, nə də…Keçmədi bu nağıllar. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllü gənclərin aylar boyunca fədakarlıq nümayiş etdirərək ayaqda qalmasını sinirə bilməyənlər bu postun ləğvi üçün bütün qapıları döydülər, bəlkə şamanlara da xitab elədilər. Amma keçmədi. İstədilər Azərbaycan vətəndaşlarının qurduqları postu ləğv eləsinlər, Azərbaycan dövləti bunun cavabında İKİNCİ POSTU qurdu! Bu dəfə Vətənin sərhəd qapısında! Bu dəfə də “İlham Əliyev istədiyini və dediyini edir”-deyənlər haqlı çıxdılar…

Dünəndən tarixə şahidlik edirik, kadrlara təkrar-təkrar baxırıq. Azərbaycanın Laçın rayonu ərazisindən Laçın-Xankəndi yolunun başlanğıcında yaradılan nəzarət-buraxılış məntəqəsində avtomobillərin keçidi üçün normal rejim təmin edilib. Bütün dünya baxıb, görür ki, nəinki Azərbaycan dövlətinin vətəndaş saydığı Qarabağ ermənilərinə qarşı, hətta Laçın postundan keçib gələnlərə də hansısa problem yaradılmır, vətəndaşların sərhədi keçməsi qarşılıqlı nəzakət şəraitində həyata keçirilir.

2016-cı ili xatırlayırsınız yəqin, ABŞ və digər güclər təmas xəttində videokameralar quraşdırmaq istəyirdi, yadınızdadır? Aprel döyüşlərindən sonra deyirdilər məsələn, Talış tərəfdə videokameralar quraq, görək kim ilk atəş açır. Yəni bununla “sərhəd” çəkmək istəyirdilər. İndi Laçındakı dövlət sərhədimizin başlanğıcında ermənilər sərhəd-gömrük postumuzda, pasportlarını təqdim edir, kameraya baxıb, keçir ərazimizə!

Ermənilər Şuşa yaxınlığındakı postdan şikayətlənirdilər, “açın, yoxsa qırılıb, məhv olacağıq”, deyirdilər. Amma Azərbaycan ikinci postu qurub, nə qırılan var, nə itən. Şuşa yaxınlığındakı aksiya MÜVƏQQƏTİ dayandırılıb, ekofəalların tələbləri isə qüvvədə qalır. Hələlik bu postda polisimiz və Daxili Qoşunlarımız ayıq-sayıq dayanıb. Yəni mədənlərimizlə bağlı monitorinqə şərait yaradılmasa, aksiya bərpa oluna, yerdəyişmə ola bilər. Burada da indiyədək heç bir insident qeydə alınmayıb. Azərbaycan postuna qumbara atan erməninin də heyfini digərlərindən çıxmağı da düşünmədik bu müddətdə. Hətta halı pisləşənlərə Xankəndiyədək yardım göstərdi həkimlərimiz!

Ermənilər dünən növbəti şouya başlayıblar, Azərbaycanın 1991-ci ildə “Halqa” əməliyyatı keçirdiyini xatırladaraq. Bəli, o zaman Azərbaycan unikal əməliyyat keçirərək, Gəncə ətrafına sızan terrorçuları, saqqallı caniləri təmizləmişdi torpaqlarımızın bu hissəsindən. Amma o zaman işlər yarımçıq qaldı, məlum səbəblərdən. 2023-cü ilin HALQAsı isə bir başqadır. Amma ümidlənməsinlər ki, odəfəki hadisələri təkrarlaya biləcəklər, bu dəfə işlər tam şəkildə başa çatacaq! Nə 2023-cü il 1991-ci il deyil, nə də Azərbaycan hələ müstəqilliyini əldə etməmiş həmin respublika, ağıllı olsunlar!

Yazının bu məqamında pauza verib, sosial şəbəkələrə baxıram. Bizimkilərin də nəsə “mız” qoymağa çalışması üzücüdür. Dostlar, lütfən, bir az səbrli olaq. Dünənə qədər ağlımıza gəlməyənlərə şahidlik edirik, tarix yaşayırıq, bəzilərimiz fərqində deyilik. Hamısı olacaq, siz deyənlər də. Əsas odur ki, Azərbaycan tarixində bir İLK baş verib! İndiki mərhələdə üstümüzə gələn qarğa-quzğunları neytrallaşdırmaq lazımdır. Demirdilərmi ki, Azərbaycan post qurub, erməniləri genosid eləmək üçün. Dünyanın ermənipərəst və ermənisifətlilərinin üzünə çırpırıq bu kadrları, baxın, dövlətimizin sərhəd qapısını qurmuşuq, beynəlxalq hüquqa əsasən, gələnlərin sənədləri, maşınları yoxlanılır, problem olmayanlar sərbəst şəkildə yoluna davam edir, hətta təşəkkürünü bildirərək. “Genosid” belə olurmu?

Azərbaycan dövləti “kökə və dəyənək” siyasətini uğurla davam etdirir. Cızığından çıxan olan kimi, dərhal əsgər, polis sözünü deyir, ağılları başlarına gəlir, sonra quzu kimi postumuza yaxınlaşırlar.

Bir də axı yüz dəfə deyilib: “Nəyi, necə, nə vaxt etmək” lazım olduğunu hamıdan yaxşı bilən var, ona etibar edirik, güvənirik. Dövləti, milləti haradan-haraya gətirib, fərqində deyilsinizmi?

Prezident İlham Əliyev ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında nə dedi? Xatırladaq: dedi ki, Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.  Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacağı qeyd edilib.

Bundan əvvəl Ermənistanın “böyük bacısı”nın XİN rəhbəri Katrin Kolonnaya sözünü dedi. Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsi olduğunu qeyd etdi.

Vəssalam! Laçın yolunda proseslər məhz bu formula, yol xəritəsi əsasında həyata keçirilir. Pandemiya şərtləri, qeydiyyat, digər məsələlər də olacaq, hələ Qarabağa gətirilən kənd təsərrüfatı məhsullarında gənənin olub-olmadığını da Dövlət fitosanitar nəzarəti xidməti yoxlayacaq, rəy verəcək. Niyə tələsirsiniz, dostlar?

Haylar iddia edirdilər ki, Azərbaycan Xəlfəli yolunu nəzarətə alandan sonra Böyük Qaladərəsi, Kiçik Qaldərəsi, Sarıbaba, Turşsu kəndlərindəki ermənilər “blokada”ya düşüb. Əslində o kəndlərə ermənilər işğal dövrü köçürülüb. Yəni bir gün gedəcəklərini anlayırlar. Amma Azərbaycan daha təmkinli davranır və onların Gorusa gedib, ərzaq daşımasına mane olmur. Bu, bir humanizm nümunəsi!

Dövlətimizə, ordumuza, sərhədçimizə güvənək, hər şey yaxşı olacaq!

 

Elşad PAŞASOY

Rəylər

Aşağıdakı məlumatları qeyd edin