“Ermənistan Azərbaycanın 86,6 min kvadrat km-lik ərazi bütövlüyünü tanıyıb” - Paşinyan

“Ermənistan Azərbaycanın 86 min 600 kvadrat km-lik ərazi bütövlüyünü tanıyır. Azərbaycan da öz növbəsində Ermənistanın 29 800 kvadrat km-lik ərazisini tanıdığını bəyan edib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 17-də Avropa Şurasının Reykyavikdə keçirilən sammitdəki çıxışında deyib.

“Uzun illər ərzində Qarabağ münaqişəsinin mövcudluğu Ermənistanda demokratiyanın olmaması üçün bəhanəyə çevrilib. 2018-ci ildə məxməri inqilabımız demokratik inkişaf üçün şərait yaradıb, lakin 2020-ci ilin sentyabrında Ermənistan müharibəyə cəlb edilməli oldu. 2020-ci il noyabrın 9-da mən üçtərəfli bəyanatı imzaladım və bu, Ermənistanda dövlət qurumlarına hücumlara gətirib çıxardı, buna rəğmən, biz demokratik nizamı qoruya bildik”, - deyə Paşinyan bildirib.

Nikol Paşinyanın sözlərinə görə, onun iqtidarı 2021-ci ilin növbədənkənar seçkilərində dinc gündəm təqdim edib və bu sayədə uğur qazanıb.

Ermənistan hökumət başçısının sözlərinə görə, 2022-ci il oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderləri arasında razılaşma əldə olunub, ona əsasən, tərəflər münasibətlərini 1991-ci il Almatı Bəyannaməsi əsasında tənzimləyir. SSRİ tərkibindəki Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasındakı inzibati hüdudlar dövlət sərhədlərinə çevrilir.

Paşinyanın bildirdiyinə əsasən, tərəflər, 3 gün əvvəl Brüsseldə daha da irəli gedə biliblər və Ermənistanın Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıdığı qeyd edilib. Azərbaycan da öz növbəsində Ermənistanın 29 800 kv. km-lik ərazisini tanıdığını bəyan edib.

Rəylər

Aşağıdakı məlumatları qeyd edin