Mənim üçün çox ağır xəbər idi - Paşinyan Şuşanın azad olunmasından DANIŞDI

"Şuşanın əsas əhəmiyyətinin daha da artdığını anlayaraq şəhərin müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi. Sonda görünürdü ki, bunun üçün hər şey edilib".

 

Ermənistan mətbuatı xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran komissiyanın iclasında deyib.

 

"Lakin bütün hazırlıq işləri aparıldıqdan sonra bir qrup azərbaycanlının müdafiəmizi yarıb Laçın-Xankəndi yolunda mövqe tutması xəbəri gəldi. Məlumatı mənə Arayik Arutyunyan verdi, lakin Baş Qərargah bu məlumatı təsdiqləmədi. Bu vəziyyət artıq müharibə zamanı təxminən 10-cu dəfə idi ki təkrarlanırdı. Arutyunyan mənə məlumat verirdi, lakin Baş Qərargah bunu təsdiqləmirdi, təkzib edirdi. Bir müddət sonra Arutyunyanın məlumatının doğru olduğu üzə çıxırdı. Həmin andan Şuşanın əlimizdən çıxması prosesi başladı, oradan Azərbaycan Silahlı Qüvvələrinin nüfuz edən dəstəsi haqqında məlumatlar gəlməyə başladı. Nəticədə noyabrın 7-də günorta baş qərargah rəisi Onik Qasparyan mənə Şuşanın nəzarətimizdə olmadığını xəbər verdi", - o deyib.

 

"Mənim üçün bu, çox ağır xəbər idi, çünki bütün hərəkətlərim, fərmanlarım, əmrlərim Şuşanın müdafiəsinə yönəlmişdi və mənə bunun həyata keçiriləcəyi ilə bağlı təminat verilmişdi. Mən Şuşanın əldən çıxması xəbərini eşidəndə bu vədləri yerinə yetirib geri almağı tələb etdim. Nəticə etibarilə mənə əks-hücum və bəzi uğurlar haqqında məlumat verdilər, sonra əməliyyatın yaxşı getdiyini, sonra artıq Şuşada olduğumuzu bildirdilər. Üçtərəfli bəyanat imzalanmamışdan əvvəl mənə məlumat verildi ki, Şuşanın bir hissəsi nəzarət altına alınıb. Sonra bəyanatın imzalanması oldu, ondan sonra ayın 10-da hökumət binasına hücum oldu. Bir neçə gün sonra tam işə qayıdanda mənə dedilər ki, heç bir hadisə yoxdur. Şuşada tək erməni əsgəri də yoxdur", - Paşinyan əlavə edib.

 

O, Qarabağ separatçılarının danışıqlar prosesindən çıxarılmasına görə Ermənistanın eks-prezidenti Robert Koçaryanı ittiham edib: "Təşəbbüskar Robert Koçaryan olub. Bunu Bernard Fasye, Sergey Lavrov, Levon Ter-Petrosyan sübut etdilər".

Rəylər

Aşağıdakı məlumatları qeyd edin