Avropa Parlamentindən növbəti riyakarlıq - Əliyev-Paşinyan görüşünə 4 həftə qalmış...

Politoloq: “Bu, əslində beynəlxalq təşkilatların böhran yaşadığının daha bir təsdiqidir...”

 Avropa Parlamentində xüsusən də Fransaya bağlı deputatlar Ermənistana görə “yaxa cırmağa”, Azərbaycan əleyhinə təxribatçı fəaliyyətə davam edirlər. Bununla da Brüssel platformasında aparılan sülh prosesini baltalayırlar. Demək, faktiki Rusiyanın “dəyirmanına” su tökürlər.

Bunu qurumun “öz ayağına güllə atması” kimi qiymətləndirmək olar. Çünki rəsmi Brüssel, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, həmçinin ABŞ Bakı və İrəvan arasında maksimum qısa zamanda sülh sənədinin imzalanmasına çalışır. Amma erməni lobbisinin çörəyini yeyən bir dəstə təxribatçı-hoqqabaz “yevro-deputat” sülh prosesinin həssas bir mərhələsində görün nə ilə məşğuldur?

“Azərbaycan sülhə can atdığını sübut etməlidir. Hələlik Ermənistan-Azərbaycan sərhədində qeydə alınan hadisələr yalnız bir tərəfin - Azərbaycanın günahı üzündən baş verir”.

Belə bir açıqlamanı Avropa Parlamentinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin rəhbəri, fransız əsilli Natali Luazo Ermənistanın Sünik (Qərbi Zəngəzur - red.) bölgəsinə başının dəstəsi ilə etdiyi səfərdən sonra dünən verib.

“Hadisələrin Ermənistan tərəfindən qızışdırılması ilə bağlı Azərbaycanın ittihamlarının heç bir sübutu yoxdur. Bu da təəccüblü deyil, çünki Ermənistan sülh istəyir”, - deyə o bildirib. Qeyd edib ki, “Laçın dəhlizi qanunsuz şəkildə bağlanıb”.

Artıq Ermənistanın baş naziri, spikeri, XİN başçısı, müdafiə naziri və təhlükəsizlik katibi ilə görüşlər keçirən bu hikkəli fransız madamın sözlərinə görə, onlar öz missiyaları ilə Bakıya “sərt mesaj” göndərirlər: “Və biz bütün gördüklərimizi və qeydə aldıqlarımızı Brüsselə təqdim edəcəyik”.

Avropa Parlamentinin təhlükəsizlik və müdafiə alt komitəsinin rəhbəri ardınca Avropa Birliyinin Bakıdakı səfirlərinə təxribatçı çağırış edib: “Əgər onlar Azərbaycan tərəfindən Laçın keçid məntəqəsinə baş çəkməyə dəvət edilsələr, Beynəlxalq Ədalət Məhkəməsinin qərarını əsas götürüb dəvətdən imtina etsinlər”.

O, həmçinin Avropa Parlamentinin “Laçın dəhlizi”nə və mövcud olmayan Dağlıq Qarabağa faktaraşdırıcı missiya göndərilməsi ideyasını dəstəklədiyini vurğulayıb: "Biz Dağlıq Qarabağın erməni əhalisinin hüquq və mənafelərini tam şəkildə qorumaq üçün beynəlxalq missiya ideyasını alqışlayırıq. Biz həmçinin bununla bağlı BMT Təhlükəsizlik Şurasının xüsusi qətnamə qəbul etməsini (! - red.) dəstəkləyirik. Yaxşı olardı ki, Avropa Parlamenti üzvləri belə bir qətnamə layihəsi hazırlasınlar”, - deyə erməni ağzı ilə danışan fransız deputat fantaziyasını bir az da işə salaraq başqa absurd iddialar səsləndirib.

Əlbəttə, Luazo “haqlıdır”. İyunun 15-də “Laçın” postuna atəş açanlar həqiqətən də ermənilər yox, “yadplanetlilər” olub!

Görəsən, bu avantüristi Ermənistana göndərib oradan Azərbaycana hürdürməklə Avropa Parlamenti nəyə nail olmaq istəyir, doğrudanmı sülh prosesinə töhfə verdiyini düşünür? Axı cəmi 4 həftə sonra - iyulun 21-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan arasında növbəti, kifayət qədər mühüm görüş gözlənilir.

Bakupost.az - "Onun əlləri dirsəyə qədər qana batıb" - Qabil  Hüseynli

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqedə olduğu hər kəsə məlumdur: “Avropa Parlamenti heç bir fakta əsaslanmadan tez-tez Azərbaycana qarşı ya bəyanatlar verir, ya hansısa qondarma sənəd qəbul edir. İndi də erməni lobbisindən qidalanan Luazonu Ermənistana göndərib və onun dili ilə Azərbaycana qarşı fikirlər səsləndirir. Avropa Parlamentinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin rəhbəri, fransız əsilli Natali Luazonun səsləndirdiyi bəyanatlar revanşist ermənilərin mövqeyindən fərqlənmir. Avropa Parlamenti və Avropa Komissiyasının rəhbərliyinə daxil olan bir sıra şəxslərin korrupsiyaya bulaşdığı da bəllidir. Hətta onların bəzilərinin korrupsiya əməlləri ilə bağlı cinayət işləri də başlanıb. Luazonun o cür iddialar irəli sürməsindən də korrupsiya qoxusu gəlir. Avropa Parlamentinə ermənilərin, Fransanın təsiri o qədər güclüdür ki, artıq Avropa İttifaqının, Avropa İttifaqı Şurası Prezidentinin sülh sazişi istiqamətində yürütdüyü siyasətin əleyhinə hərəkət edir. Luazonun timsalında Avropa Parlamenti faktiki olaraq sülh prosesini pozmağa yönəlik davranış ortaya qoyur.

Azərbaycan və Ermənistan liderlərinin gələn ay Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə görüşünə bir aydan az qaldığı bir vaxtda Avropa Parlamenti rəsmisinin Ermənistana göndərilməsi və o cür bəyanatlarla çıxış etməsi düşündürücüdür. Belə çıxır ki, bu həm də Şarl Mişelə qarşı atılmış addımdır. Bu vəziyyət əslində beynəlxalq təşkilatların böhran yaşadığını daha bir təsdiqidir. Azərbaycan Avropa Parlamentinin sülh prosesinə töhfə vermək əvəzinə, pozuculuq xətti tutması ilə həm bu qurumun özünə, həm də Avropa İttifaqına rəsmi etirazını bildirməlidir və yəqin ki, bildirəcək".(Yeni Musavat)

Rəylər

Aşağıdakı məlumatları qeyd edin