Diaspor Komitəsinin uğurlu fəaliyyəti - Nəticə göz önündədir

5 iyul Diasporla İş üzrə Dövlət Komitəsinin yaranması günüdür. Qurumun fəaliyyətə başlamasından 21 il keçir. Komitə geridə qalan dövr ərzində xaricdə yaşayan azərbaycanlıların, diasporumuzun təşkilatlanmasında, vahid struktur kimi formalaşmasında mühüm rol oynayıb. Komitənin koordinasiyası nəticəsində Azərbaycan diasporu sistemli şəkildə fəaliyyət göstərir və indiyədək bir sıra böyük uğurlara imza atıb.

 

Vətəndən kənarda yaşayan soydaşlarımızın birliyi, onların Azərbaycan üçün səylə və həvəslə çalışması, həqiqətlərimizin dünyaya çatdırılması istiqamətində Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük işlər görüb. Həm 44 günlük Vətən müharibəsi dövründə, Ukrayna hadisələri fonunda soydaşlarımıza dəstək göstərilməsi işində, həm də pandemiyadan zərər çəkən soydaşlarımıza və azərbaycanlı tələbələrə yardım prosesində əldə edilən uğurlar diasporumuzun uğurlu fəaliyyətindən xəbər verir.

 

 

Komitənin fəaliyyəti barədə Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də hazırda Azərbaycan diasporunun aktiv fəaliyyətilə seçildiyini deyib:

 

“Hesab edirəm ki, 44 günlük Qarabağ savaşı zamanı diaspor təşkilatları çox mühüm bir funksiyanı yerinə yetirirdi. Söhbət Azərbaycana qarşı təxribatların qarşısının alınması, eyni zamanda dünyada yaşayan azərbaycanlıların səfərbər edilərək bu prosesə cəlb olunmasından gedir. Xüsusilə də Xocalıya ədalət kampaniyasının həyata keçirilməsində diasporun böyük rolu var. Bundan əlavə, istedadlı, nüfuzlu azərbaycanlıların üzə çıxarılması və onlara dəstək göstərilməsi də diqqət mərkəzində saxlanılır. Hesab edirəm ki, bu sahədə xeyli uğurlu işlər görülüb".

 

"Bildiyimiz kimi, beynəlxalq müstəvidə Azərbaycanının mövqeyinin qəbul edilməsi istiqamətində müəyyən addımların atılması nəzərdə tutulurdu və bu istiqamətdə də mühüm işlər görüldü. Daha çox beynəlxalq səviyyədə, xüsusilə cəmiyyətlər içərisində azərbaycanlıların aktiv rol alması, müxtəlif bələdiyyə, icra və başqa orqanlarda təmsilçilik imkanlarının genişlənməsi məsələsində koordinasiyalı fəaliyyət həyata keçirilir. Eyni zamanda ölkə prezidentinin dediyi kimi 50 milyonluq Azərbaycan xalqının mənəvi birliyini təmin etmək üçün çox önəmli işlər görüldü. İndi də bu istiqamətdə işlər geniş səviyyədə aparılır”, - Fazil Mustafa vurğulayıb.

 

 

Deputat Diaspor Komitəsinin fəaliyyətini uğurlu hesab etdiyini söyləyib:

 

“Hesab edirəm ki, Diaspor Komitəsinin fəaliyyətini uğurlu hesab etmək olar. Çünki məhdud imkanlarla geniş səviyyədə azərbaycanlıları bir araya gətirib, onların problemlərini müəyyən dərəcədə həll etməyə çalışmaq çox çətin məsələdir. Bəzən konkret məkanlarda olan ziddiyyətli münasibətlərin sonunda Diaspor Komitəsinə də hücumlar olur. Bunun qarşısında ardıcıl olaraq sistemli şəkildə siyasətin aparılması ondan xəbər verir ki, Azərbaycanda diaspor işi sistemli şəkildə qurula bilir. Təbii ki, bizim imkanlar ermənilər, yunanlar və digərləri ilə bərabər səviyyədə deyil. Amma buna baxmayaraq, hər halda müəyyən şəkildə təşkilatçılıq fəaliyyətini gerçəkləşdirmək də az iş deyil. Ümid edirəm ki, xarici siyasət təmsilçilərimiz bundan sonra da koordinasiyalı şəkildə daha ciddi işlər görəcəklər. Çünki diaspor xarici siyasətimizin ayrılmaz bir sahəsidir. Məncə, xaricdə yaşayan azərbaycanlıların özlərinin Vətənə bağlı hiss etmələri, dövlətimizin maraqlarını müdafiə etmələri baxımından diaspor fəaliyyəti çox önəmlidir və bu istiqamətdə fəaliyyətin genişləndirilməsi məqsədəuyğundur”.

 

 

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev isə Kipirdən ölkəmizdə qayıtmasında Diaspor Komitəsinin ona yardım etdiyini söyləyib. 

 

“Komitənin bütün əməkdaşlarını təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram. Son vaxtlar Diaspor Komitəsi çox aktiv fəaliyyət göstərir. Şəxsən mən özüm komitənin dəstəyini hiss etmişəm. Mənim Kiprdən Azərbaycana qayıtmağımda bu qurumun çox böyük rolu olub. Diaspor Komitəsi Avropada və dünyanın başqa yerlərində olan soydaşlarımızla təmasları gücləndirir. Aktiv fəaliyyət kənardan aydın şəkildə hiss olunur".

 

Cavanşir Quliyev əlavə edib ki, Diaspor Komitəsi tərəfindən xaricdə yaşayan azərbaycanlılara mütəmadi şəkildə yardım göstərilir.

 

"Xaricdə yaşayan soydaşlarımıza lazım olan bütün yardımlar göndərilir. İnsanların problemləri dinlənilir, nə kömək lazımdırsa edilir. Lakin etiraf edək ki, xaricdə yaşayan azərbaycanlılar maddi baxımdan çətinliklərlə üzləşirlər. Bundan əlavə, inteqrasiya məsələsində problemlər yaranır. Hazırda bu istiqamətdə işlər gedir. Bəlkə gələcəkdə azərbaycanlıların övladları xarici ölkələrdə deputat, nazir vəzifələrinə qədər yüksəldilər. Bunun üçün zaman lazımdır. Gələcəkdə bizim diasporumuz daha da güclü olacaq. Buna şübhə etmirəm”, - deyə məşhur musiqiçi vurğulayıb.

 

Aytac Əsədova

Rəylər

Aşağıdakı məlumatları qeyd edin